Koronavirus pandemiyası qlobal böhranı bir qədər də yaxınlaşdırır - SOS!


Koronavirus pandemiyası qlobal böhranı bir qədər də yaxınlaşdırır -


Koronavirusun dünyada yayılması pandemiya xarakteri alıb. AFN.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Cenevrədə keçirdiyi mətbat konfransında Ümumdünya Səhiyyə Təşkilatının baş katibi Tedros Adhan Gebreyesus keçirdiyi mətbuat konfransında açıqlama verib: “Yaxın günlərdə və həftələrdə virusun yayıldığı ölkələrin, insanların və ölüm hallarının artmasını gözləyirik”.



ÜST-nin bu qərarı yaxın həftələrdə koronavirusun yayılmasının qarşısının alınmasına olan ümidləri məhv edir. Bu, o deməkdir ki, virusun ilk aşkarlandığı Çində mübarizə tam uğurla bitsə belə, digər ölkələrdəki vəziyyət dünya iqtisadiyyatını geri çəkməyə davam edəcək. Bu isə xammal bazarlarına, ilk növbədə Azərbaycanın iqtisadiyyatının böyük ölçüdə asılı olduğu neft bazarına mənfi təsirlərin güclənməsinə, qiymətlərin gözlənildiyindən daha uzun müddətə aşağı səviyyədə qalmasına səbəb olacaq.
Bütün bunlar Azərbaycan iqtisadiyyatının yaxınmüddətli dövrdə bir sıra problemlərlə üzləşməsinə gətirib çıxara bilər. Neftin qiymətinin kəskin düşməsi ölkə əhalisini onsuz da təşvişə salıb. Artıq 3 gündür insanlar banklardan mümkün qədər çox dollar almağa çalışırlar.

Koronavirus pandemiyası qlobal böhranı bir qədər də yaxınlaşdırır -


İqtisadçı-ekspert Natiq Cəfərlinin dediyinə görə, banklar dollar satışını tam məhdudlaşdırıblar: “Bu gün özüm 4 bankda oldum, vəziyyəti yerində dəyərləndirmək istədim, heç birində dollar satışı yox idi, bankların adlarını açıqlamayacam, amma vəziyyət gərgindir. Mərkəzi Bank və hökumətin nə etibarlılığı, nə də bazara sözlü təsir imkanları yoxdur. Danışanda əks effekt yaradır, amma davranışları da panikanı artırır. Bu gün ajiotajın olmasının bir nömrəli baisi elə Mərkəzi Bank və hökumətdir ki, əməlləri ilə bunun qarşısı ala bilmirlər.
Yanvar ayında Mərkəzi Bank formal hərraclarda ümumi 300 milyon dollar satmışdı, dünən tək bir hərracda 323 milyon dollar satılıb. Bu gün növbədənkənar hərrac olub, daha 155 milyon dollar satılıb – deməli, dollara tələbat kəskin artıb. Ajiotaj və panikanın qarşısını ala biləcək tək bir yol var - əlində manatla istənilən banka gedən vətəndaş dollar ala, vətəndaş öz manat depozitini maneəsiz dollara çevirə bilməlidir. Nə qədər ki, banklar dollar satmayacaq, ya da məhdudiyyətlər tədbiq edəcək, panika bir o qədər böyüyəcək”.

Koronavirus pandemiyası qlobal böhranı bir qədər də yaxınlaşdırır -


İqtisadçı-ekspert Rövşən Ağayev də hesab edir ki, hazırda əhalinin dollar almaq imkanları elə də böyük deyil: “Ekspertlərin "niyə əlində 300-500 manatı olan da dollar almağa qaçır" yanaşması doğru deyil. Hər kəs əlindəki aktivinin dəyərini qorumağa çalışır - kimisi milyonlarını, kimisi 300-500 manatını.
Hələ orasını demirəm ki, insanlar əllərində olanı qorumaqdan savayı imkan olduqca onu artırmaq, dəyərə mindirmək fürsətini də əldən buraxmırlar. Bu, insan təbiəti üçün son dərəcə xarakterik bir xüsusiyyətdir.
Arqument budur ki, 2-3 gündən sonra xərcləyəcəyin pulu niyə dollara çevirirsən, axı məzənnə dəyişməsə ortada mübadilə zamanı 1-2 faiz də itirəcəksən. Doğrudur, amma əskik tərəfi var bu arqumentin: axı məzənnə yüksəlsə də qazanacaq, ən azından əlindəki aktivi dəyərdən düşməkdən qoruyacaq.
Xüsusilə də nəzərə alaq ki, bu məsələdə 2015-ci ildə hökumət çox ciddi etimad və etibar itkisinə məruz qaldı.
Vətəndaşların hamısı iqitsadi prosesləri dəyərləndirə bilən, maliyyə savadlılığı olan insanlar deyil. Hətta bəzən son qərar və seçimlərini peşəkarların məsləhətidən çox öz düşüncələrilə edirlər”.
Ekspert bildirir ki, burda əsas məsuliyyəti bank sektorunun tənzimləyicisinin üzərindən götürüb sadə insanların üzərinə qoymaq yanlışdı: “Tənzimləyici panikanın davam etdiyi günlərdə zəruri həcmdə ehtiyatlarla bankları təmin etməlidir.
Əmin olun, insanlar banklarda məhdudiyyət görməsə, maksimum 2-3 gün ərzində panika sönəcək. Və ardınca gündəlik ehtiyacı üçün saxladığı pulu dollara çevirənlər yenidən banka, onlar isə Mərkəzi Banka qaytaracaq.
Nəzərə alın ki, indi 2015-ci il deyil. O zaman 10 il ərzində 3 dəfə artmış, böyük neft pulları əsasında nəhəng manatı kütləsi əsasında yığım formalaşmış iqtisadiyyat vardı. Əgər 0.78 manat=1 USD məzənnəsi saxlansa idi, hökumətin əlində olan 50 milyard dollardan artıq valyuta ehtuyatını qısa zamanda almağa yetəcək manat kütləsi vardı. Təkcə elə banklarda 10 milyard dollar ekvivalentində manat depoziti toplanmışdı, amma indi bu məbləğ 5 milyard dollar ətrafındadır.
Son 4 ildə Azərbaycan iqtisadiyyatı böyüməyib - 2010-cu ilin qiymətlərilə milli gəlirin hesablanması göstərir ki, 2019-cu ildə Azərbaycan iqtisadiyyatının real miqyası 2014-cü il səviyyəsində olub. İqtisadiyyat böyüməyibsə, 4 il ərzində valyutaya çevriləcək sandıqaltı manat kütləsinin valyuta bazarı üçün ciddi risk yaratdığını düşünmürəm - bu yığımlar ən yaxşı halda məhdudiyyətsiz dollar satışı ola belə, mövcud ehtiyatların 15-20 faiz əriməsinə səbəb ola bilər. Amma zəruri ehtiyaclar üçün saxlanan pulları olduğundan, həmin mübadilə edilən vəsaitin bir hissəsi təkrar mübadilə ilə manatdan dollara çevrilərək bank sektoruna qayıdacaq.
Bu dediklərim qısamüddətli dövrdə (maksimum 6 aylıq) panikanın yatırılması üçündür. Əlbəttə, neft birjalarında ucuz qiymət erası daha uzun sürərsə, o zaman fərqli stiuasiya olacaq və qərarlara ehtuyac yaranacaq.
Amma indi bizim üçün ən vacib olan qlobal neft bazarlarında şəraitin daha da aydınlaşması üçün zaman qazanacağımızz dövrdə panik duruma yol verməmək, daha stabil iqtisadi şərtlərdə real iqtisadi islahatlarla bağlı ən doğru qərarlar verməkdir.
Əmin olun ki, gerçək islahatlarla bağlı qərarlar cəmiyyətdə istənilən miqyasda panikanı yatırtmaq üçün ən təsirli çıxış yoludur”.
R.Ağayevin sözlərinə görə, 2015-ci ilin yanvarında banklardan kənarda nağd manat kütləsi valyuta bazarına yönəldilsə idi, 12 milyard dollar ala bilərdi: “Hazırda bu göstərici 5.2 milyard dollar ətrafındadır. 2015-ci ildə bütün manat depozitləri valyutaya çevrilmək üçün 9.5 milyard dollara yaxın, hazırda isə 5.5 milyard dollar tələb olunur. Manatla yığımların valyutaya konvertasiya oluna biləcək potensial həcmi bazar üçün riskləri qiymətləndirmək baxımından önəmli göstərici sayıla bilər”.

Koronavirus pandemiyası qlobal böhranı bir qədər də yaxınlaşdırır -


İqtisadçı-ekspert Samir Əliyevin fikrincə, koronavirusun dünya iqtisadiyyatında yaratdığı problemlər 2008-ci ilin qlobal maliyyə böhranından, həmçinin 2014-2015-ci illərdə dünya neft bazarında yaranmış qiymət böhranından çox fərqlidir: “Virucla bağlı problemlər davamlı olarsa, hər iki böhrandan daha təhlükəli vəziyyət yarana bilər. 2015-ci ildə neftin qiyməti düşdüyünə görə Azərbaycanda devalvasiya baş verdi, banklar çökdü, bir çox banklar hələ də özünə gəlməyib. Lakin indi daha dərin problemlər yarana bilər. Çünki Çin dünyanın ikinci nəhəng iqtisadiyyatına malikdir, qlobal səviyyədə ən böyük ixracatçı və bir sıra məhsullar üzrə idxalçıdır. Bütün dünya ölkələri, Azərbaycan da daxil olmaqla, Çindən çoxsaylı mallar idxal edir. Bu ölkədə virusa görə istehsal, ixrac və idxalın kəskin məhdudlaşması uzun müddət davam edəcəksə, bu, əksər ölkələrdə, o cümlədən Azərbaycanda bahalaşmaya səbəb olacaq. Düzdür, Çindən gələn bir çox məhsulları Türkiyədən ala bilərik, amma qiyməti baha olacaq. Çünki eyni məhsullara tələbat Çindən ala bilməyən digər ölkələrdə də artacaq, bu isə Türkiyə məhsullarının qiymətini artıracaq. İdxalın bahalaşması xammal baxımından xaricdən asılı olan yerli məhsulların istehsalını da bahalaşdıracaq”.
Ekspertin fikrincə, Azərbaycanda, eləcə də dünyada koronavirusa görə ən böyük zərəri turizm sektoru görəcək: “Problemlər dərinə işləyərsə, otel və mehmanxana biznesi, ticarət sektoru ciddi zərər görəcək. Bu, neftin aşağı qiymətlərinin uzun müddətə davam etməyəcəyi şərtilə gözlənilən zərərdir. Əgər neftin indiki qiyməti uzun müddət davam edəcəksə, bu, Azərbaycan iqtisadiyyatında çox ciddi problemlərə yol açacaq. Həm manatın dəyərsizləşməsi, həm büdcə gəlirlərinin təmin olunması sahəsində problemlər qaçılmaz olacaq. Yəni vəziyyət 2015-ci ildəkindən daha təhlükəli məcraya yönələ bilər”.

AFN-in İqtisadiyyat şöbəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu