Su həyatdır... - Qlobal istiləşmə ömrümüzü “baltalayır”


Su həyatdır... -


Dünyanı daha bir bəla sürətlə ağuşuna alır – qlobal iqlim dəyişikliyi sürətlə baş verməkdədir. Quraqlıq artıq bir sıra ölkələrin kənd təsərrüfadına ciddi ziyan vurub. Hazırda dünyada ildə bir neçə milyon hektara qədər əkin sahəsi sıradan çıxır. Meşələrin, kolluqların qırılması yolu ilə əkin üçün yeni torpaq sahələri istifadəyə verilir. Mütəxəssislər bildirirlər ki, bunlar hamısı gələcəkdə özünü güclü surətdə büruzə verən problemlər yaradacaq.



Dünyada meşə sahəsinə görə hər adambaşına düşən rəqəmlər var. Azərbaycanda adambaşına yaşıllıq düşməsi ilə bağlı olan rəqəmlər dünyada mövcud olan rəqəmdən bir neçə dəfə azdır. Dünyada hər adambaşına 0, 5 hektar meşə sahəsi düşürsə, bizdə bu rəqəm 0,02 hektardır. Yəni dəfələrlə azdır.

Aqrar sahə iqlim amillərindən birbaşa asılıdır, istehsal fəaliyyətinin dağınıq təşkili isə bu sahə üçün ciddi risklər meydana gətirir. FAO-nun məlumatlarına görə, iqlim dəyişikliyi yaradan istixana qazlarının havaya atılmasında kənd təsərrüfatının payı 13,5 faizdir, bu böyük göstəricidir. Dolayısı ilə əlverişsiz iqlim amilləri kənd təsərrüfatına nə qədər mənfi təsir göstərirsə, aqrar sektorun özü də qlobal iqlim dəyişmələrinə mühüm təsir göstərir. 2050-ci ilə qədər bəşəriyyətin bütün tullantılarının 50%-i kənd təsərrüfatında əmələ gələcək.

Azərbaycan kənd təsərrüfatında suvarmada böyük paya malik olan Kürdə suyun səviyyəsində də azalma müşahidə olunur. Keçən illə müqayisədə Kür çayının səviyyəsi Sabirabad rayonu məntəqəsində 7 sm, Salyan məntəqəsində 28 sm, Neftçalada 22 sm aşağıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyevin sözlərinə görə, bu, mövsümidir: "Aprel ayından başlayaraq artıq həm Kürdə və həm digər ora tökülən qollarda suyun səviyyəsinin qalxması ilə əlaqədar ərazidə də suyun səviyyəsinin artması gözlənilir. Amma təhlillər onu göstərir ki, Kürün məntəqələrində keçən illə müqayisədə suyun səviyyəsi bir qədər aşağıdır”. Qeyd edək ki, Kür çayında suyun səviyyəsinin aşağı düşməsi Mil-Muğan bölgəsində pambıq sahələrinin, taxıl və yoncanın suvarılmasında problemlər yaradıb. Kürdə suyun səviyyəsinin aşağı düşməsi səbəbindən çayın üzərində qurulan nasos qurğuları vasitəsi ilə suyun nəqli çətinləşib. Sabirbad ərazisində fəaliyyət göstərən 130 su nasos qurğularında suyun nəqlində problemlər yaşanıb. Eyni mənzərə Salyan, Neftçala, Saatlıda da müşahidə olunur.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirdi ki, iqlim dəyişikliyi zamanı ən ciddi risklər əkinçilikdə yaranır: "Yağıntıların qeyri-bərabər paylanması nəticəsində aran bölgələrində qış mövsümü quraqlıq hökm sürür, payızda əkilmiş taxılın kollanma fazası aşağı olur, bitki sükunət dövrünü normal keçirmir. Nəticədə, həm zərərvericilər, həm də xəstəliklər üçün münbit şərait yaranır. Quraqlıqla mübarizədə suya qənaət edən texnologiyalara keçid mühümdür. Qlobal iqlim dəyişikliyinin səbəb olduğu su probleminin həllində innovativ suvarma sistemlərinin tətbiqi, torpaq mühafizəedici sistemlərin müasir əkinçiliyə gətirilməsi mənfi təsirləri xeyli azalda bilər. Torpaqda olan nəmliyin qorunub saxlanması məqsədi ilə məhsul yığıldıqdan sonra sahədə diskiləmə aparılması, torpaqda əmələ gələn qaysaqların dağıdılması və yarıqların ləğv olunması həmin dövrdə yağıntıların torpaqda daha çox toplanmasına imkan verir. İri təsərrüfatlarda növbəli əkin sisteminin tətbiqinin vacibliyi diqqətdə saxlanmalıdır”.

N.Nəsirliyinin sözlərinə görə, kənd təsərrüfatında əhalinin əsas məşğulluğunu heyvandarlıq təşkil edir, əlverişsiz iqlim amilləri bu sahədən də yan keçmir: "Heyvandarlığın inkişafı bu gün suyun böyük hissəsinin insanlar tərəfindən birbaşa içməyə yox, məişət ehtiyacları və sənayedə istehlak edilməsinə səbəb olub. Su ehtiyatlarının heyvandarlıq sahəsində istifadəsi dünya üzrə 20%-dən 70%-ə çatıb, dünya üzrə heyvandarlıq sahəsində 1/3 təmiz su istifadə edilir. Belə bir şəraitdə heyvanların yetişdirilməsi, bəslənməsi və intensivləşdirilməsi Yer kürəsində qlobal problemlərə gətirib çıxarır. Heyvandarlıqda su resurslarından qənaətlə istifadə etməmək problem məsələ kimi qalmaqdadır. Elmi yanaşmalar əsasən, əlverişsiz iqlim amilləri heyvandarlıqda keyfiyyətsiz yem istehsalı və yem qıtlığı problemini də meydana çıxarır. Orta temperaturun artması bitkilərin məhsuldarlığı və keyfiyyətini dəyişir, bu da öz növbəsində heyvandarlığın inkişafına və heyvan mənşəli məhsulların istehsalına mənfi təsir göstərir”.

Ekspert qeyd etdi ki, əhalinin qidalanmasında əsas yer tutan tərəvəzçilik sahəsi də iqlim dəyişmələrindən təsirlənir: "Bu neqativ təsirlər nəticəsində bir cox kənd təsərrüfatı bitkilərinin, tərəvəz və bostan bitkilərinin ekoloji həssaslığı artır, onların adaptasiya qabiliyyətinin zəifləməsi qaçılmaz olur. Tərəvəzçilik sahəsində adaptasiya tədbirləri kimi istisevər, quraqlığa dayanıqlı və yüksək məhsuldarlığa malik sortların seleksiya, introduksiya və təsərrüfata tətbiqi, əsas tərəvəzçilik bölgələrində kəskin iqlim dəyişikliklərinin, xüsusi ilə quraqlığın bitkilərdə yaratdığı bir sıra stress təsirlərini azaltmaq, həmçinin torpaqların münbitlik parametrlərini qoruyub saxlamaq məqsədi ilə becərilən əsas tərəvəz-bostan bitkilərinin (pomidor, baş soğan, sarımsaq, xiyar, bibər, ağbaş kələm, yerkökü, tərəvəz noxudu, qarpız, yemiş) yüksək ekoloji plastikliyə və stabilliyə malik yeni məhsuldar sortlarının müəyyən edilməsi və tətbiqi vacibdir. Bol və keyfiyyətli tərəvəz və bostan məhsulunun elmi əsaslarla istehsalının təşkili məqsədi ilə hər bir bölgə üçün bitkilərin quraqlığa davamlılığı nəzərə alınmaqla, yenidən işlənmiş və ixtisaslaşdırılmış tərəvəzçilik, yemçilik əsaslı növbəli əkin sisteminin müəyyənləşdirilməsi və tətbiqi vacibdir. Bölgələrdə yüksək adaptasiya qabiliyyətinə malik, məhsuldar tərəvəz və bostan bitkilərinin sortlarının perspektiv mövcud ekoloji şəraiti nəzərə almaqla yeni səmərəli becərmə texnologiyasının işlənib hazırlanması, torpaq münbitliyinin qorunub saxlanması, onun mühafizəsi məqsədi ilə tərəvəz və bostan əkinlərində yeni ekoloji şərait nəzərə alınmaqla azot, fosfor və kaliumun ən müasir, mürəkkəb və ya kompleks gübrələrindən istifadənin təşkili və tətbiqi, əkinlərin xəstəlik və zərərvericilərlə yoluxma ehtimalını proqnozlaşdırmaqla, ən səmərəli kimyəvi preparatların müəyyən edilməsi və onların əsasında mübarizə tədbirlərinin keçirilməsi lazımdır”.

N.Nəsirlinin sözlərinə görə, qlobal iqlim dəyişikliklərinin müşahidə olunduğu şəraitdə zərərli orqanizmlərin kənd təsərrüfatı bitkilərinə vurduğu zərəri minimuma endirmək üçün onların çoxalma səbəblərinin aşkar edilməsi və səbəblərin aradan qaldırılması, karantin tədbirlərinin tətbiqi və nəzarətin gücləndirilməsi, aqrosenozlarda pestisid yükünün azaldılması, mineral gübrələrin tətbiq reqlamentlərinə riayət oluması və "birtərəfli” istifadənin qarşısının alınması, zərərli orqanizmlərin populyasiya sıxlığının idarə olunması məqsədi ilə aqrosenozlarda İnteqrir Mübarizə Tədbirləri Sisteminin (İMTS) tətbiqi və nümayişi məqsədi ilə "nümayiş əkinlərinin” təşkili əhəmiyyətli addımlar ola bilər. Mövzunun yekunu olaraq, qlobal istiləşmə probleminə lazımi elmi-texnoloji yanaşma ortaya qoyulmasa aqrar sahədə risklərin artmasını müşahidə edəcəyik və sonradan onların idarə edilməsi çətin prosesə çevrilə bilər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənovun sözlərinə görə, problemlərdən qaçmaq üçün gecikirik: "İllər əvvəl mübarizə tədbirləri başlamalı və cəmiyyət bu prosesə uyğunlaşma tədbirləri görməli idi. Yaşıllıqların artırılması, su hövzələrinin qorunması kimi müəyyən tədbirlər görülür. Lakin bu işlərin görülmə miqyası onların sıradan çıxma miqyasından azdır”.

Tədqiqatlar göstərir ki, Azərbaycanda da iqlim dəyişmələri özünü büruzə verir. Azərbaycanda müxtəlif dövrlərdə havanın temperaturunun yayılması xəritəsi tərtib edilib. M.Həsənov deyir ki, bir-iki il bundan əvvəl həmin xəritəni yeni rəqəmlər əsasında tərtib edilib və aydın olub ki, Azərbaycanda və xüsusilə Aran rayonlarında temperatur yüksəlir: "Tədqiqatlar göstərir ki, Azərbaycanda temperatur 0,4 dərəcə ilə 1,4 dərəcə arasında yüksəlib. Dünyada gedən istiləşmə prosesinə uyğun hadisə bizdə də gedir. Azərbaycanın 60 faizə qədər ərazisi dağlıqdır. Eyni zamanda, 60 faizə qədər ərazimiz quraq ərazilərdir. Bu da bizim mərkəzi Aran rayonları və Xəzər dənizinin sahil rayonlarıdır. Bunlar həm kənd təsərrüfatı, həm də məskunlaşma baxımından ən çox istifadə edilən ərazilərdir. İstiləşmə ilə əlaqədar Azərbaycanda isti qurşağın sərhəddi, quraq ərazilərin sahəsi daha da genişlənir.

Bu ərazilərdə əkinçilik ancaq suvarma yolu ilə aparıla bilər. Bundan başqa, Azərbaycan su ehtiyatları az olan ölkələr sırasındadır. Ərazilərimizdə olan əsas çaylar qonşu ölkələrdə formalaşır. Onların da su anbarları var, sudan istifadə edirlər, daha sonra bizə buraxırlar. Su ehtiyatları azaldıqca, əkin sahələrinin suvarılmasında da problemlər yaşanır. Təsadüfi deyil ki, bu günlərdə ölkə prezidenti bir neçə rayonda subartezian quyularının qazılması haqqında sərəncam verdi.

İqlim dəyişiklikləri Azərbaycanda yağıntıların azalmasında da özünü göstərir. Son 25 ildə Azərbaycan ərazisində atmosfer yağıntıları təxminən 14-84 mm civarında azalıb. 1 mm yağıntı bir hektar sahəyə bir ton su deməkdir. Bütün ölkə ərazisində yağıntının azalması müşahidə olunur. Bu azalmalar isə su ehtiyatlarından istifadə məsələsində problem olaraq qarşıda duracaq.

Hazırda ərazilərimizin təxminən 40 faizə qədəri şoranlaşıb. Bu da ilk növbədə suvarılmanın düzgün aparılmaması ilə bağlıdır. 30-40 ildir dünyanın heç bir yerində şırım üsulu ilə suvarma yoxdur. Hər yerdə damçı-yağış üsuludur. Biz bu üsula hələ indi keçirik. Eyni zamanda, kanallarımızın əksəriyyəti beton üzlüklü deyil. Buraxılan suyun 30-40 fazi itkiyə gedir. Suyun itkiyə getməsi ilə yanaşı, kanalların ətrafında torpaq şoranlaşır. Azərbaycanın bir bəlası da torpaqlarının şoranlaşması, daha sonra səhralaşmasıdır. Bizim institutun əməkdaşları ölkənin ekoloji risk xəritəsini hazırlayıb. Azərbaycanın 12,4 faizi ekoloji riskli, 6,4 faizi isə güclü ekoloji riskli ərazilərdir. Sudan daha səmərəli istifadə etmək üçün kanallar beton üzlü olmalı, hər yerdə yağış-damcı üsulu ilə suvarma sistemi qurulmalıdır”.

M.Həsənovun sözlərinə görə, iqlim dəyişiklikləri həm təbii, həm də antropogen amillərin birgə təsiri olduğu üçün onun qarşısını almaq mümkün deyil. Ən yaxşı halda bunun təsirini müəyyən qədər yumşaltmaq olar ki, hələlik bunun ən real yolu yaşıllıqların, meşələrin artırılmasıdır. Əgər 50 metr enində meşə zolağı salınırsa, bu normal inkişaf edəndə 1,5-2 kilometr bir tərəfə, bir o qədər də digər tərəfə havanın nisbi rütubətini artırır:

"Azərbaycanda yaşıllıqların artırılması gələcəyə ünvanlanmış çağırışdır. Amma bununla kifayətlənmək olmaz. Azərbaycan meşəsi az olan ölkələr sırasındadır. Ərazimizin təqribən 11 faizi meşədir. Onun da çoxu dağ meşələridir. Düzən meşələr bizdə kürboyu Tuqay meşələri idi, onun da təqribən 60-70 faizi qırılıb. Bu meşələrin qayğısına qalmaq və artırmaq lazımdır. Meşələrimizdə böyük ərazilərdə talalar var. Bir qədər mühafizə olunsa, heyvan otarılmasının qarşısı alınsa, meşələrdəki həmin talalar özünü bərpa edər. Bu da ciddi problemlərdən biridir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu