Neft bazarında təlatüm: Qiymətlər ilk dəfədir ki, bu qədər sürətlə çökür


Neft bazarında təlatüm:


Dünya neft bazarında sürətli qiymət enişi davam edir. Bu gün London birjasında “Brent” markalı neftin may ayı fyuçerslərinin qiyməti 13,3 faiz azalaraq 24,9 dollar təşkil edib. WTI markalı neftin qiyməti də 21,3 faiz ucuzlaşaraq 21,5 dolları olub.


Tarixdə neftin qiymətində belə kəskin ucuzlaşma nə zaman qeydə alınıb?
İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, hazırda baş verən qiymət enişinin analoqu yoxdur: “Neft birjası tarixində qiymət zəlzələlərinin tarixi xronologiyası belədir:
Dekabr 1973 -Yanvar 1974: 3 dollardan 13 dollara yüksəlir
Aprel 1979- iyun1979: 21 dollardan 33 dollara yüksəlir
Noyabr 1985-fevral 1986: 29 dollardan 16 dollara enir
İyul 1990- Sentyabr 1990: 16 dollardan 32 dollara yüksəlir
Oktyabr 1997- dekabr 1998: 20 dollardan 9 dollara enir
Dekabr 1998-Avuqst 1999: 9 dollardan 20 dollara yüksəlir
Sentyabr 2001-Dekabr 2001: 26 dollardan 18 dollara enir
Fevral 2007-Oktyabr 2007: 57 dollardan 84 dollara yüksəlir
Yanvar 2008- İyul 2008: 90 dollardan 134 dollara yüksəlir
İyul 2008-Oktyabr 2008: 134 dollardan 72 dollara enir
Oktyabr 2008- Fevral 2009: 72 dollardan 41 dollara enir
Aprel 2009- Noyabr 2009: 50 dollardan 78 dollara yüksəlir
İyun 2014- Yanvar 2015: 108 dollardan 47 dollara enir
İyun 2015- Yanvar 2016: 62 dollardan 30 dollara enir
Fevral 2020-Mart 2020: 58 dollardan 25 dollara enir.
Bu tarixlərin içərisində cəmi bir neçə gün ərizndə qiymətin kəskin sıçrayışı yalnız 1973-cü ilin sonunda olmuşdu - o da qiymətin yüksəlməsi istiqamətində. Eniş xarakterli qiymət zəlzələrində 1 həftə ərzində belə çöküş ilk dəfə baş verir.
Bu amilin özü əvvəlki bazar böhranları ilə müqayisədə vəziyyətin daha kritik olduğunu göstərir”.
Neftin qiymət enişinə səbəb olan faktorlara gəlincə, ekspert hesab edir ki, həm OPEK+ çərçivəsində razılaşmanın pozulmasından daha çox virusun yaratdığı fəsadlar burada həlledici rol oynayır: “OPEK+ çərçivəsində münaqişənin təsiri var, amma qlobal iqtisadi eniş daha həlledicidir. OPEC və Rusiya razılaşmasının pozulmasına qalsaydı, uzağı qiyməti 40 dollara çəkə bilərdi. İqtisadi daralma həlledicidir. Çin son 30 ildə ilk dəfə sənaye istehsalının 14 faiz azalması ilə üzləşib - söhbət dünya fabriki adlandırılan ölkədən gedir. ABŞ və AB iqtisadiyyatı cidd durğunluq və azalma ilə üzləşib”.
Neft bazarında qiymətlərin yenidən artımı isə qlobal iqtisadiyyatın bərpa sürətindən, pozulmuş kartel sövdələşməsinin yenidən bərpa olunub-olunmamasından, bazara əlavə həcmlərin (İran, Liviya, Venesualanın timsalında) girib-girməməsindən asılı olacaq
R.Ağayein fikrincə, koronavirus səbəbilə baş verən iqtisadi durğunluğa baxmayaraq, hələ ki, qlobal böhranın başlandığını söyləmək tezdir: “Hələlik qlobal iqtisadiyyat dərin və geridönməz resessiyaya girməyib. Amma zaman uzandıqca bu risk artır. Yaxın 1-2 ayda vurusun dayandırılması ilə bağlı müsbət mesajlar olmasa, bu təhlükənin reallaşması qaçılmaz olacaq”.

Belə bir şəraitdə Azərbaycan hökuməti hansı addımları atacaq, yaxud atmalıdır?

"Mən hökumətin hələ bir müddət də gözləyəcəyini düşünürəm. Ayın sonunadək məncə bəzi məsələlər indikindən daha aydın görünəcək" - deyən R.Ağayevin fikrincə, bazara valyuta buraxılışı səngiyəcək bir müddət: "İlk 10 gün panik stiuasiyada tələb artdı, əldəki manat yığımları əsasən çevrildi. Son 3 gündə banklarda ümumiyyətələ növbə olmadı. Amma əlbbəttə valyutaya tələbat təkcə yığımlarla bağlı deyil - xarici iqtisadi əlaqələr, xüsusilə idxal və xarici borcların qaytarılması, büdcənin xarici valyutada xərcləri, biznesin xarici əməliyyatlarla bağlı xərcləri valyutaya müəyyən tələb yaradır. 25-30 dollarlıq qiymət bu tələbi qarşılayası deyil. Ona görə ehtiyatlardan istifadə ilə yanaşı büdcəyə Fonddan valyuta ekvivalentində daha çox manat kütləsi yönəltmək, valyutaya panik tələbatı məhdudlaşdırmaq üçün devalvasiya qaçılmaz qərarlardan biri kimi daima masanın altında qalır".

ABŞ-da yaşayan iqtisadçı-alim Fariz Hüseynlinin fikrincə, qiymətlərin yenidən üzüyuxarı qalxması 3 mühüm faktorun təsiri iləbaş verə bilər: “Üç faktor var – birincisi OPEC və Rusya əməkdaşlığı yenidən bərpa olmalıdır. Nəticədə neftin qiymətini monopoliya idarə edirdi və indi kartelin buna davam edib- etməyəcəyi maraqlıdır. Ticari baxımdan rasional fikirləşsək, davam etməlidirlər, amma başqa amillər var deyə çətindi nəsə demək.
İkinci faktor daha qısamüddətlidir və indiki virus böhranından çıxıb iqtisadiyyatlar istehsala başladıqca, tələb-təklif öz yerini tapsa bunun təsiri müsbət olacaq. Bu faktorun qiymətləri haradasa 40-50 dollara qaldırma gücü var. Hazırda Çindən gələn xəbərlər bir az müsbətdir. Məsələn, dünən rüblük gəlir açıqlaması edən Fedex şirkəti (nəqliyyat və daşımacılıq iqtisadi aktivliyin xəbərçisi olur) bildirdi ki, Çində son iki həftədir yaxşı artım var işlərində. Bu da vəziyyətin ən azı pisləşmədiyini göstərir və ola bilsin, bir aya Avropa və Amerika iqtisadiyyatında da pisləşmə dayanacaq və yenidən insanlar heç olmasa işə və restoranlara gedə biləcək.
Üçüncü amil də bazar iştirakçılarıdır. Araşdırmalar göstərir ki, spekulyasiyanın neftin qiymətinə təsiri adətən 10-15 dollar ətrafında olur. Spekulyantlar (manipulyantlarla qarışdırmayin) risk götürdükləri üçün qiymətə əlavə prim yeri qoyurlar, aşağı düşəndə də, yuxarı qalxanda da. İndi vəziyyət elədir ki, onlar risk almaq istəmirlər və aşağı doğru bu primi tələb edirlər. İqtisadi vəziyyətin dəyişəcəyini gözləyəndə həmin spekulyantlar yavaş yavaş yuxarı trendə keçərək həmin primləri tələb etməyə başlayacaqlar. Ümid edirəm bu çox cəkməyəcək”.

İqtisadçı alim Qubad İbadoğlunun sözlərinə görə, hesablamalar göstərir ki, Azərbaycan neftinin orta qiyməti 40 dollardan aşağı olarsa tədiyə balansının cari hesabında kəsir yaranır: "Bu o deməkdir ki, manatın məzənnəsini sabit saxlamaq üçün Dövlət Neft Fondunun bu il üçün satışını proqnozlaşdırdığı 6,8 milyard dollar bazarın tələbini ödəməyəcək. Çünki, yalnız bu ayın 17 günündə hər iki mənbədən valyuta bazarına 1,85 milyard dollar satışa çıxarılıb.Bu isə o deməkdir ki, həm Mərkəzi Bankın, həm də Neft Fonunun aktivləri azalmağa başlayıb.
Hələ bundan sonra da ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatları hesabına bazara əlavə valyuta çıxarılmalıdır ki, manat ABŞ dollarına nəzərən hazırkı məzənnəsində sabit qalsın. Valyuta bazarında artan tələbatın Fondunun aktivləri və Mərkəzi Bankın ehtiyatları hesabına ödəmək obrazlı şəkildə desək havaya boş yerə güllə güllə atmağa bənzəyir.
Hazırda valyuta və depozit bazarlarında baş verənlər pul-kredit siyasətinə bütün parametlər üzrə mənfi təsir göstərir. Hələ ki, baş verənlərdən qazana yoxdur, yeganə uduş odur ki, manatını dollara çevirənlər yığımlarının dəyərsizləşməsi riskindən sığortalana biliblər. Banklardakı manatla əmanətlərini geri çəkib bu əməliyyatı aparanların isə əksinə ziyanları yaranır. Çünki, belələri bundan sonra əvvəlki kimi əmanətlərə görə sabit və yüksək faiz gəlirlərinə malik olmayacaqlar. Eyni zamanda bu dəyişikliklərin bəzi bankların bağlanmasına da gətirib çıxaracaq. Bütün bu baş verənlərə görə məsuliyyət hökümət və Mərkəzi Bankın üzərinə düşür. Müstəqil iqtisadi, fiskal, pul-kredit siyasəti yürütməyimizdən 28 il ötməsinə baxmayaraq hələ də sovet dövründəki kimi inzibati tənzimləmə vasitələrindən və resurslarından istifadə edirik. Son 30 ilin ən böyük itkisi Azərbaycanın bazar iqtisadiyyatına keçidi başa çatdırmaması, azad bazar qüvvələrinin və sağlam rəqabət institutlarının iştirakı ilə özünütənzimləyən iqtisadi sistem qura bilməməsidir. Buna görə də hər zaman baş verən xarici şoklardan yaranan təsirlər Azərbaycan iqtisadiyyatının xərclərini artırır. Odur ki, manatın devalvasiyası qaçılmazdır, sadəcə zamana bağlı məsələdir".

AFN-in İqtisadiyyat şöbəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu