Məcburi məzuniyyətin doğurduğu suallar və cavablar - ŞƏRH


Məcburi məzuniyyətin doğurduğu suallar və cavablar -


Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir.



Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN-ə verilən məlumata görə, belə tədbirlərin ən mühüm hissəsi vətəndaşların ünsiyyətini minimuma qədər azaltmaqdır: “İndiyə qədər mərhələli şəkildə görülmüş tədbirlər ünsiyyətin xeyli azalmasına səbəb olub. Bununla belə, işləyən vətəndaşların “özünütəcrid”i qeyri-mümkün olur və infeksiyanın yayılması təhlükəsini artırır. Bu səbəbdən, infeksiyanın yayılmasının qarşısının qısa müddətdə və tam şəkildə alınması məqsədilə vətəndaşların “özünütəcrid” üçün daha əlverişli şərtlərlə təmin edilməsinə ehtityac var”.
Vətəndaşların özünü daha ciddi qorumasına şərait yaratmaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda qərar qəbul olunub: “Qərar müvəqqəti xarakterlidir, dövlətin vətəndaşların təhlükəsizliyini daha səmərəli təmin etməsi məqsədilə qəbul olunub və növbədənkənar məzuniyyətə göndərilən vətəndaşların əməkhaqları tam şəkildə ödəniləcək. Bu qərar minlərlə vətəndaşın özünü infeksiya təhlükəsindən daha yaxşı qorumasına səbəb olacaq”.
Nazirlər Kabinetinin qərarını AFN.az-a şərh edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirir ki, Nazirlər Kabinetinin qərarı dövlət qurumlarına aiddir: “Ölkə Prezidentinin bu tapşırığı da əhalinin təhlükəsizliyinin təminatına yönəlməklə yanaşı, həm də işçilərin sosial təminatına xələl gətirmir və əmək haqqları saxlanılır (ödəniləcək yəni). Bu qərar siyahıda adı gedən dövlət orqanlarına, dövlət təsisatlarına, publik hüquqi şəxslərə və bəzi büdcə təşkilatlarına (məsələn, büdcədən maliyyələşən təhsil müəssisələrinə) aiddir. Bu halda özəl sektor nə etməlidir? Daha doğrusu özəl sektorda əməyin ödənişi hansı şəkildə ola bilər? Mən bir neçə gün əvvəl bununla bağlı da izahat vermişdim. Fikrimcə, özəl müəssisələr ilk növbədə işçiləri qarşısında koroprativ sosial məsuliyyətini dərk etməli və işçilərinə güzəşt etməlidir. Yəni onlar da hökumətin qərarından nümunə götürməlidir. Əlbəttə, müəssisələrin (hüquqi və fiziki şəxslər) bir çoxunda (xüsusən mikro, kiçik və orta sahibkarlıq subyektlərində) əmək haqqı ödəmək üçün vəsait yoxdur. Bu zaman sual yaranır ki, bu sektorda vəziyyət necə tənzimlənməlidir? Burada bir neçə problem var. Qara mühasibatlıq var, müqaviləsiz işləyənlər və ağ mühasibatlıqla işləyənlər var. Əvvəla, onu deyim ki, bir sıra özəl müəssisələr, məsələn, banklar məcburi məzuniyyətə buraxılan işçilərin əmək haqqını ödəməklə dövlətə dəstək verməlidilər”.
Kiçik və orta sahibkarlıq subyektlərinə gəlincə, S.Məmmədov bu subyektlərin məzuniyyət dövrü üçün əmək haqqı ödəmək imkanına olmadıqlarını deyir: “Burada ölkə prezidentinin ayırdığı 1 milyard manatlıq fonddan istifadə mümkündür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrup yaradılacaq. Belə sahibkarların bütün zərərləri, o cümlədən əmək haqqı formasında olacaq zərərlərini qarşılamaq üçün müəyyən mexanizm hazırlanacaq. Əmək müqaviləsi olmadan, mülki hüquqi müqavilə əsasında işləyən işçilərə əmək qanunvericiliyinin tələbləri şamil olunmur. Onlar necə olacaq? Burada doğrudan da problem yaranır. Bir yol budur ki, onları elə müqavilə ilə işlədən sahibkarlar əziyyəti çəkib əmək haqqı ödəməlidirlər. Əgər ödəməyəcəklərsə, insanları ödənişsiz evə göndərəcəklərsə, onda vətəndaşlar Operativ Qərargaha şikayət etsinlər. Yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındakı işçi qrupa və ya İqtisadiyyat Nazirliyinə müraciət etməlidilər”.
S.Məmmədov bildirir ki, bir qrup insan hər bir halda dəstək əldə edə bilməyəcək: “Evlərdə işləyənlər, yaxud gündəlik fəhləliyə gedənlər və sair işçilər var. Belə adamların əmək münasibətlərinə cəlbi üçün mexanizmlər var, dəfələrlə onlara xəbərdarlıq olunub. Təəssüf ki, vaxtında uçota düşmədikləri üçün indi dövlət yardımından kənarda qalanlar olacaq”.

AFN-in İqtisadiyyat şöbəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu