Dünya birjaları həftəyə pis başladılar: Fond bazarlarının dayandırılması təklif edilir


Dünya birjaları həftəyə pis başladılar:


Həftənin ilk günü bütün dünyada fond birjaları işə kəskin enişlə başlayıblar.



AFN xarici mətbuata istinadla xəbər verir ki, Şanxay birjasında hərraclar azalma ilə yekunlaşıb. Birjanın əsas indeksi 3 faiz dəyərsizləşib. “Şanxay kompozit” 3,11 faiz, azad SSE 50 indeksi 2,62 faiz itirib. Birjada ən çox ucuzlaşma 7,09 faiz Çin avtomobil sənayesinin lideri olan SAIC Motor-un səhmlərində qeydə alınıb. AİR China aviaşirkətinin qiymətli kağızları 5,08 faiz, informasiya texnologiyaları şirkətlərininki 6,43 faiz, istehlak firmalarınınkı 5,44 faiz ucuzlaşıb.
Dəyərsizləşmə Şençjen birjasından da yan ötməyib. Bu birjanın “Şençjen komponent” adlı əsas ideksi 4,52 faiz, CSI300 indeksi 3,36 faiz düşüb.
ABŞ-da Məşhur sənaye indeksi olan S&P 5003,7 faiz dəyərsizləşib, eniş davam edir.
Honqkonqun Hang Seng indeksi 3,75 faiz, Avstraliyanın S&P/ASX 200 indeksi 6 faiz dəyər itirib. Yaponiyanın NİKKEİ225 indeksi isə 1,7 faiz yüksəlib.
Avropanın əsas fond bazarlarından biri olan Frankfurt birjasında Almaniyanın 30 əsas səhmdar şirkətini əhatə edən DAX indeksi 4,6 faiz dəyər itirib. Halbuki ötən həftəni bu indeks Almaniya hökumətinin koronavirusun təsirlərinə qarşı geniş tədbirlər planının açıqlanması fonuna 3,8 faizlik yüksəlişlə başa vurmuşdu. Həftənin əvvəlindəki eniş ABŞ-a virusun çox sürətlə yayılması ilə izah olunur.
Paris birjasının əsas indeksi olan CAC bu günə 4,44 faizlik dəyərsizləşmə ilə başlayıb. Fransa analitikləri yaranmış vəziyyətdə koronavirus pandemiyası başa çatanadək fond birjalarının bağlanması təklifi ilə çıxış ediblər. Onlar hesab edirlər ki, iqtisadi və işgüzar aktivliyin olmadığı dövrdə fond bazarlarında dəyərsizləşmə daha da sürətlənəcək. Bu halda şirkətlərin böyük miqdarda itkiyə məruz qalmasındansa, birjaların müvəqqəti dayanması daha məqsədəuyğun hesab olunur.
London birjasının FTSE 100 indeksi 4,5 faiz , daha geniş FTSE250 indeksi isə 5,5 faiz dəyər itirib.
Moskva birjasında Mosbirja indeksi 4,6 faiz, RTS isə 6,2 faiz aşağı düşüb. Moskva birjasında ən çox dəyərsizləşən səhmlər “Qazpromneft”(7 faiz), “Lukoyl”(6,9 faiz), “Rosneft”(6,8 faiz), “Aeroflot”(6,3 faiz), “Sberbank”(5,6 faiz), “Tatneft”(5,6 faiz) və sair şirkətlərindir.

AFN-in İqtisadiyyat şöbəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu