Rusiya zənginlərdən vergi tutacaq


Rusiya zənginlərdən vergi tutacaq


Rövşən Ağayev: “Yalnız vergi ilə sosial bərabərsizliyi aradan qaldırmaq mümkün deyil”



Rusiya neftin dünya bazar qiymətinin kəskin aşağı düşməsi və koronavirus pandemiyası ilə bağlı yaranmış böhranla əlaqədar zənginlərdən daha çox vergi almağa, büdcənin yükünün bir hissəsini onların çiyninə qoymağa çalışır.



Belə ki, Rusiya hökumətinin qəbul etdiyi antiböhran paketində ölkə banklarında olan depozitlərə və dividendlərə görə 1 milyon rublu (təxminən 12,8 min dollar) ötən gəlirlər 13 faiz dərəcəsilə vergiyə cəlb olunması da nəzərdə tutulur. AFN.az xəbər verir ki, bu qərar Rusiya qiymətli kağızlar bazarına sərmayə yatıran və depozit yerləşdirən qeyri-rezidentlərə də aid olacaq.
İqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, son açıqlamaya görə, qeyri-rezidentlər Rusiyadan hər il 95 milyard dollara yaxın məbləğdə dividend və faiz formasında qazanc aparırlar: “İndi bunun 13 faizini büdcəyə vergi kimi ödəməli olacaqlar.
Hesablamalara görə, bu mənbə büdcəyə 18 milyard dollar pul gətirəcək ki, bu da federal büdcənin 7 faizinə yaxın bir məbləğdir. Hökumət deyib ki, bu qərar cəmi 1 faiz əmanətçinin maraqlarına toxunacaq”.
Ekspertin sözlərinə görə, ümumiyyətlə, zənginlərin vergiyə cəlb edilməsi son illər çox aktuallaşıb: “Tomas Pikketi "21-ci əsrdə Kapital" əsərində bu ideyanı səsləndirdikdən sonra ABŞ milayderləri Baffet və Qeyts, hazırda isə prezidentiliyə namizədlik yarışına qatılan demokrat Sanders bu ideyanı təbliğ etməyə başlayıb. Sadəcə, motivlər fərqlidir: Qərbdə buna son illər həddən artıq artan sosial bərabərsizliyi azaltmaq vasitəsi kimi baxırlar. Rusiyada isə böhranda büdcəni doldurmaq üçün məcburi addım kimi çıxıb ortaya. Rusiyada yeni açıqlanan rəsmi məlumata görə, ən zəngin 10 faiz və ən yoxsul 10 faiz arasında gəlir fərqi 16.5 dəfədir. Bu rəsmi statisitkadır. Gerçəyi yəqin özləri dah yaxşı bilir.
Azərbaycanda isə rəsmi statistikaya görə, zəngin yoxdu, ona görə yəqin bizdə heç vaxt aktual olmayacaq. Bizim statistika deyir ki, ən zəngin 20 faiz əhali ilə ən yoxsul 20 faiz əhalinin qazancları arasında 2 dəfə fərq var. Yəni yoxsullar ayda 200 manat, ən zənginlərimiz də 400 manat qazanır. Bunu o statistika deyir ki, yoxsulu çörəkpulunu güclə qazanır, zəngini milyonluq araba sürür”.
R.Ağayev onu da qeyd edir ki, yalnız vergiqoyma ilə sosial bərabərsizliyin köklü olaraq azaldılması inandırıcı deyil: “Bunun üçün iqtisadi sistem çox şəffaf işləməli, havayı və rahat qazanmaq imkanı, xüsusilə qara yollarla (korrupsiya, insan alveri, tenderlərin satın alınması, narkoticarət) nəhəng pul qazandıran kanallar tap qapanmalı, sosial müdafiə sistemi Skandinaviya ölkələrindəki kimi çox effektiv işləməli və s. Yəni bütün mexanizmlər paralel işləsə daha təsirli olacağına inamım çoxdur. Ümumən isə hazırkı kapital-sərvət bərabərsizliyini və onun doğurduğu sosial bərabərsizliyi qısa müddət azaltmaq az qala imkansız görünür. Bu sahənin ən yaxşı araşdırmaçılarından olan Branko Milanoviçin də, Pikettnin də qənaətinə görə, adətən dünya miqyasında bərabərsizliyin azalması qlobal miqyaslı dağıdıcı müharibələrdən, təbii və sosial fəlakətlərdən sonra mümkün olur. Məsələn, İkinci dünya savaşından sonrakı 30 ilə "3 qızıl onluq" deyirlər - məhz sosial bərabərsizliyin ən aşağı düşdüyü illər olduğuna görə. Amma 80-lərdən yenidən artmağa başladı”.

AFN-in İqtisadiyyat şöbəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu