2008-ci il böhranı ilə indi baş verənləri müqayisə etmək olmaz


2008-ci il böhranı ilə indi baş verənləri müqayisə etmək olmaz


Natiq Cəfərli: “Onda yalnız maliyyə sektoru böhran yaşadı, indi isə real sektor çökür”



Hazırda dünya iqtisadiyyatında yaşananlar 2008-ci il qlobal maliyyə böhranından kəskin fərqlənən və daha dərin böhrandır.



AFN-in məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli belə hesab edir ki, dünyada bir çox iqtisadiyyat analitikləri bu gün baş verən böhranı yanlış olaraq 2008-ci il böhranı ilə müqaisə edirlər:”Məncə, çox səhv yanaşmadı, bu gün baş verən proseslər daha dərin, daha ağır fəsadlar yaradır, dünya iqtisadiyyatına çox böyük qalıcı zərbələr vurur.
2008-ci ildə baş verən hadisə maliyyə böhranı idi, yəni, maliyyə bazarlarını xilas etmək lazım idi, bu gün baş verənlər isə real sektorun böhranıdır – bu çox ciddi fərqdir, izah etməyə çalışacam. 2008-ci ilin sentyabr ayının 15-də “Lehman Brothers” investisiya bankı özünü müflis elan etdi, bu domino effekti yaratdı, ard-ardına banklar, investisiya fondları çökməyə başladı. O zaman, böhrandan öncə 2007-ci ilin sonunda FED-in uçot dərəcəsi 4,25% idi, 2008-ci ildə böhran başlayan kimi FED uçot dərəcəsini salmağa başladı, ilin sonunda isə demək olar ki, sıfırladı, bundan başqa 4 trilyon dollarlıq təşviq paketi açıqladı, bazarlara, birjalara, banklara çox aşağı faizlə dollar səpdi. Bundan başqa FED özü birbaşa qiymətli kağızlar alaraq bankları, maliyyə sektorunu ayaqda tutdu. O zaman ABŞ-a paralel olaraq AB dövlətləri, Çin, Yaponiya (həm Mərkəzi Banklar, həm də hökumətlər) da təşviq paketləri qəbul etdilər – o zaman dünya üzrə qəbul edilən təşviq paketlərinin həcmi 7 trilyon dollar oldu. Beləliklə, ABŞ və digər dünya liderləri cəmi 1 ilə böyük həcmdə təşviq proqramları ilə dünya iqtisadiyyatını xilas etdilər, artıq 2009-cu ilin yazın sonunda maliyyə bazarları özünə gəldi, böhran arxada qalmağa başladı”.
Ekspertə görə,bu gün baş verənlər pulla həll ounacaq məsələ deyil: “Real sektor durma nöqtəsinə gəlib. Ən pisi də odur ki, FED, AB, Çin, Yaponiya əllərində olan bütün “silahları” dərhal masaya düzdülər – yəni, bundan çox nəsə etmək mümkün deyil. ABŞ-da FED və hökumət 6 trilyon dollar təşviq açıqladı, AB ölkələri və digər dövlətlərin də birgə təşviq paketləri 6 trilyon dollardan çoxdur – toplamda bu gün dünya banklara, birjalara, bazarlara 12 trilyon dollar səpib, dünyanın keçən il toplam ÜDM-i isə 86 trilyon dolar olub. Yəni, bundan artıq nə Mərkəzi Banklar, nə hökumətlər dünya iqtisadiyyatına əlavə pul səpə bilməz, amma görürük ki, belə böyük təşviq rəqəmlərinə baxmayaraq birjalar özünə gəlmir, düşmə davam edir. Səbəbi çox sadədir: Dünya evə qapanıb, tələb düşüb, ticarət dövriyyəsi yerlərdə sürünür. Dünyada iqtisadi aktivliyin ən obyektiv göstəricilərindən biri neft istehlakıdır – bu gün dünyada neft istehlakı 25%-ə yaxın düşüb, bu çox böyük və önəmli rəqəmdir.
Daha sadə dillə izah etsək dünyada turizm sıfırlanıbsa bu özü azı 12 iqtisadi sahəni sıfırlayır, ən çox xidmət sahəsi çöküb, dünya ÜDM-nin böyük bir qismi isə məhz xidmət sahəsidir. Amma tək xidmət sahəsi deyil, qeyri-ərzaq istehsalı, istehlakı da çöküb – satışlar durma nöqtəsinə gəlib. Bu iki önəmli sahə (istehsaldan başlayaraq satışa qədər) dünya ÜDM-nin lokomotivi, iş potensialı yaradan ən önəmli sahələrdir. Ölkələr göydən pul səpsələr də real sektorda olan böhran bununla düzəlmir – ona görə əvvəldə qeyd etdim ki, 2008-ci il böhranı ilə fərq fundamentaldır”.
N.Cəfərli deyir ki, dünya iqtisadiyyatını nə gözləyir, sualına ən yaxşı cavab dünən Sinqapurdan gəlib: “Bu ölkədə statistika tam elektronlaşdırılıb, kölgə iqtisadiyyatı sıfıra yaxındır, əsasən xidmət (birja da xidmət sahəsidir) və turizm üzərində qurulmuş iqtisadiyyatı var. Dünən dünyada ilk olaraq məhz Sinqapur 1-ci rübün iqtisadi rəqəmlərini açıqladı – ölkə ÜDM-i ilin ilk 3 ayında -10,6% çöküb, mənfiyə gedib. Dəhşətli rəqəmdir, dünyanı gözləyən aqibətin ilk carçısıdır”.

AFN-in İqtisadiyyat şöbəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu