Hökumətin dəstək proqramları: kimə nə çatacaq


Hökumətin dəstək proqramları:


Rəşad Həsənov: “Kölgə iqtisadiyyatında çalışıb işsiz qalanlara da yardım edilməlidir”



Azərbaycan hökumətinin koronavirus pandemiyası üzündən yaranmış böhrandan zərərçəkən iqtisadi sahələr və sahibkarlıq subyektlərinə yönəlik proqramları açıqlanır. Hələlik tam detallı olmasa da, açıqlanan məlumatlardan aydın olur ki, indilik dövlət dəstəyi proqramları 2,5 milyard manatlıq yardımı nəzərdə tutur.



İqtsadi sahədə nəzərdə tutulan təbirlər 304 min muzdlu işçinin əmək haqqının ödənməsinə yardımı, 290 min mikro və fədri sahibkara vergi güzəştlərinin, tətillərinin, müvəqqəti azadolmaların tətbiqini, həmçinin biznes və ipoteka kreditlərinə, nəqliyyat müəssisələrinə dövlət dəstəyinin təqdim olunmasını əhatə edir.
Bundan əlavə, əhalinin istehlak etdiyi elektrik enerjisinə qoyulan limitin müvəqqəti olaraq 100 Kvtsaat artırılması nəzərdə tutulur.
Qəbul olunmaq mərhələsində olan bu proqramları AFN-ə şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, bütün detallar tam açıqlanmadığı üçün hələlik proqramlar barədə dəqiq fikir yürütmək mümkün deyil: “Məsələn, əmək haqqına dəstək olunacağı qeyd edilib, amma detallar açıqlanmayıb. Bu da yəqin ona görədir ki, sənəd tam təsdiqlənənədək müəyyən dəyişikliklərə məruz qalacaq. Vergi güzəştləri, tətilləri olacağı bildirilir, amma qiymətləndirmə üçün hansısa faiz göstəricisi, indikator açıqlanmır. Yəni hansısa qiymətləndirmə aparsaq, səthi olacaq”.
Ekspertin fikrincə, bütövlükdə açıqlanan məlumatlardan aydın olur ki, hökumət daha çox sahibkarlıq subyektləri üzərində fokuslanıb: “Amma dünya təcrübəsi də göstərir ki, sahibkarlarla yanaşı, istehlaka da fokuslandıqda daha uğurlu nəticələr əldə etmək mümkün olur. Çünki istehlakın artımı iqtisadi aktivliyi dəstəkləyən əsas məqamlardandır. Bu yolla iki məqsədə birdən nail olunur: əvvəla, əhalinin alıcılıq qabiliyyətini qorumaq, sosial rifahını təmin etmək, ikincisi də bu xərcləmələr vasitəsilə iqtisadi aktivlik yaratmaq. Bizdə hazırlanan sənədlərdə daha çox iqtisadi subyektlərə yönəlik dəstək tədbirləri öz əksini tapıb”.
Dəstək proqramlarında biznes kreditlərinin faizlərinə subsidiyanın təqdim olunması müsbət addımdır: “Burada bir məsələni qeyd etmək lazımdır ki, ödənişlərə tətillərin hansı formada veriləcəyi açıqlanmır. Məlum məsələdir ki, əsas borcun qaytarılması sahibkarlıq subyektləri üçün indiki şəraitdə ciddi problemə çevrilib – likvidlik itirilib, ödəniş üçün vəsait yoxdur. Faizlərə subsidiya daha çox pandemiyadan sonra iqtisadi aktivliyi bərpa etməyə yönəlmiş addımdır. Subsidiyanın 15 faiz dərəcəsi ilə verilmiş kreditlərə aid edilməsi bir qədər məhdudlaşdırıcı təklifdir. İndiyədək Sahibkarlğa Kömək Milli Fondunun vəsaitləri indiyədək 5 faizlə təqdim olunurdu. Bundan sonra prosesə özəl bankların vəsaitlərini də cəlb etmək üçün dövlət tərəfindən 15 faizin yarısı deyil, 10 faizi dövlət tərəfindən ödənsə daha yüksək nəticə əldə etmək olar.
Nəzərə almaq lazımdır ki, bu paket yalnız böhrandan sonrakı dövrə hesablanmış tədbirləri əhatə edir. Bizdə faizlərin kreditlərə zəmanətin verilməsi, faizlərə subsidiyaların təqdim olunması mexanizmi bir neçə ildir tətbiq olunur. Amma bunun əhatə dairəsi çox məhduddur – bu günə qədər səhv etmirəmsə, cəmi 70 milyon manat kreditə zəmanət verilib. İndi bu məqsədlə 500 milyon manatın ayrılması əhatə dairəsinin əhəmiyyətli şəkildə genişləndiriləcəyi deməkdir”.
Ekspert indiyədək açıqlanan proqramlarda qeyri-rəsmi məşğul əhaliyə yönəlik hər hansı dəstək tədbirinin olmamasını mənfi hal kimi qiymətləndirir: “Sosial təminatla bağlı proqramda əsas diqqət işsizliyə görə müavinət və ünvanlı sosia yardım proqramının genişləndirilməsinə fokuslanılıb. Amma nəzərə almaq lazımdır ki, ölkədə məşğul olan hər 3 nəfərdən ikisi qeyri-rəsmi məşğuldur. Bu insanların rəsmi işçi statusu yoxdur ki, ünvanlı yardım ala bilsinlər – çatışmayan gəlirlərini təmin etsinlər. İşsizlikdən Sığorta Fondunun vəsaitlərinə isə yalnız qanuni iş yerini itirənlərin çıxışı var. Yəni bu iki mexanizmdən ikisi də qeyri-formal işçilər üçün əlçatan deyil. Bu insanlar kölgə iqtisadiyyatının işçiləridir və hər nə qədər mənfi hal olsa da, kölgə iqtisadiyyatı da ölkə iqtisadiyyatının mühüm bir hissəsidir. Oradakı problemlər ümumilikdə ölkə iqtisadiyyatının problemləridir. Onlar ümumi karantin rejiminə görə işsiz-gəlirsiz qalıblar. Bu gün böhran şəraitidir və bu şəraitdə kimin qeydiyyatlı, kimin qeydiyyatsız işlədiyini qabartmaq vaxtı deyil. Belə şəxslərə də birbaşa formada dəstək ayrılmalıdır – ailə gəlirlərinin hesablanması əsasında”.

AFN-in İqtisadiyyat şöbəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu