Azərbaycan xarici kreditlərə üz tutacaq, yoxsa...


Azərbaycan xarici kreditlərə üz tutacaq, yoxsa...


Rövşən Ağayev: “Büdcədə ixtisar imkanı bu iki maddədə daha çoxdur”



Koronavirus pandemiyası bütün dünyada olduğu kimi, Azərbaycanda iqtisadiyyatı iflic vəziyyətinə gətirib. Bu şəraitdə dövlət iqtisadiyyata və əhaliyə 2,5 milyard manatlıq yardım paketi hazırlayıb.
Hazırda ölkənin əsas gəlir yeri olan neftin qiyməti 17 dollardan aşağı satılır. İdxal-ixrac əməliyyatlarının məhdudlaşması, daxildə iqtisadi akitvliyin dayanmış olması dövlət büdcəsinə vergi-gömrük rüsumlarının toplanması sahəsində də vəziyyəti kəskinləşdirib. Bu şəraitdə Azərbaycan hökuməti dəstək paketini necə maliyyələşdirəcək?



Ölkənin Beynəlxalq Valyuta Fondu və Dünya Bankının güzəştli kreditlərinə üz tutması mümkündürmü? Prezident İlham Əliyev iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən bildirib ki, büdcənin bəzi xərclərini ixtisar etmək olar. Bu halda hansı xərc maddələri üzrə ixtisarlar aparmaq olar?

Azərbaycan xarici kreditlərə üz tutacaq, yoxsa...


İqtisadçı-ekspert Rövşən Ağayevin AFN-ə bildirdiyinə görə, indiki situasiya elədir ki, Azərbaycan büdcəsinin 60 faizi neftdən, qalanı qeyri-neft sektorundan formalaşır: “Qeyri-neft sektorundan daxilolmalarda isə son illərdə gömrük yığımlarının payı xeyli artıb. İndi isə ölkədə xarici ticarət əlaqələrinin həcmi kəskin məhdudlaşıb. Bu vəziyyət bir aydan çox davam edəcəksə, gömrük yığımlarının həcmində ciddi azalma müşahidə olunacaq. Qeyri-neft sektorunun aparıcı sahələri - ərzaq və gündəlik mallar seqmentini çıxmaq şərtilə, ticarət və xidmət sektoru donmuş vəziyyətdədir. Büdcəyə neftdənkənar gəlirlərin gəlməsi ciddi sual altındadır, neftin vəziyyəti isə göz qabağındadır. Prezident son çıxışında da bildirdi ki, bütün sosial öhdəliklər yerinə yetiriləcək. Detallarını bilməsəm də, büdcə təhlilçisi kimi əlimdə olan büdcə əsasında fikir yürüdə bilərəm. Bu vəziyyətdə iki versiya mümkündür. Birincisi budur ki, hökumət büdcənin parametrlərinə dəymir – gəlir-xərclərin həcmi olduğu kimi qalır – daxilolmalar nə qədər azalırsa, azalan hissəni Dövlət Neft Fondunun ehtiyatlarından götürür. Bu ssenarini real hesab etmirəm, çox güman ki, büdcənin bəzi hissələrini azaldacaqlar. İkinci ssenari budur ki, büdcə xərcləri ixtisar olunur. Dövlət başçısı da qeyd etdi ki, təcili olmayan xərcləri təxirə sala bilərik”.
Ekspert qeyd edir ki, büdcə nəticə yönümlü proqramlar əsasında hazırlanarsa, normal halda, xərcləri asanlıqla ixtisar etmək mümkün olmaz: “Amma indiki deyirlər, təcili olmayan xərclər var, demək ki, onların ixtisarına gediləcək. Düşünürəm ki, bu zaman investisiya xərclərinin üzərində daha çox dayanılacaq. Bu maddə büdcə xərclərinin 25 faizə qədərini əhatə edir. Bir də əsas bölmələrə aid olmayan xidmət xərcləri var – kifayət qədər irihəcmli xərclərdir. Bu iki xərclərin ümumi büdcədə xüsusi çəkisi az qala 40 faizdir. Bu isə ən azı 8-9 milyard manat deməkdir. Hökumət özü də bilir ki, indiki büdcəni yeni reallığa uyğunlaşdırmaq problem deyil. Halbuki investisiya xərclərinin həcmi bu qədər yüksək olmasaydı, inkişaf etmiş ölkələrdə olduğu kimi, əsas xərclər təhsil, səhiyyə, elm, sosial müdafiə sahələrinə ayrılsaydı, hökumət belə ixtisara gedə bilməzdi. Amma indi büdcənin xərc strukturu elədir ki, orada rahatlıqla dəyişiklik etmək mümkündür. Sadəcə, maraqlı odur ki, hökumət büdcəni azaltmaq istəyir, yoxsa Neft Fondundan əlavə vəsaitlər cəlb etmək istəyir? Buna hələ ki aydınlıq gətirilməyib”.
Hökumətin xarici kreditlərə üz tutması ehtimalını R.Ağayev real hesab etmir: “Bu kreditlər daha çox dövlət ehtiyatları öhdəliklərindən az olan ölkələr üçün nəzərdə tutulub. Amma bizim belə ehtiyatlarımız var və onlara hələ ki əl uzadılmayıb. Hələlik buna ehtiyac da yaranmayıb, amma belə vəziyyət 5-6 ay davam edərsə, yəqin ki, ehtiyac yaranacaq. Və bu zaman düşünürəm ki, hökumət xarici kreditlərə deyil, ehtiyatlardan istifadəyə üstünlük verəcək”.
Büdcəyə dəyişikliklər qanunvericilikdə necə tənzimlənir? Ekspertin sözlərinə görə, “Büdcə sistemi haqqında” qanuna əsasən bunun iki yolu var: “Qanunun 18.4,5,6-cı maddələrinə əsasən müvafiq icra hakimiyyəti özü dəyişə bilər. Amma indi stuasiya elədir ki, prezidentin təşəbbüsü ilə dəyişikliklərin aparılmasını zəruri edir. Qanunun 23.2-ci maddəsinə əsasən prezident təşəbbüsü ilə büdəcəyə dəyişiklik edilə bilər. Çox güman ki, yaxın vaxtlarda prezidentin təşəbbüsü ilə dəyişiklikləri nəzərdə tutan sənəd Milli Məclisə göndəriləcək”.

AFN-in İqtisadiyyat şöbəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu