Sahil Babayev: "910 min insanımızın məşğulluğu tam şəkildə təmin olunur"


Sahil Babayev:


"Bu ilin birinci rübündə bütün sosial ödənişlər vaxtında icra olunub, 2,3 milyon insanımıza 1,5 milyard manat məbləğində sosial ödənişlər həyata keçirilib. Sizin Sərəncamınızla sosial dövlət, sosial siyasət prinsipi rəhbər tutularaq ölkə üzrə bütün növ əmək pensiyalarının sığorta hissəsi 16,6 faiz indeksasiya olunub və bu islahat da Azərbaycanda bütün pensiyaçıları əhatə edib".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə deyib.

Nazir bildirib ki, yaşa görə pensiya 330 manata, ümumilikdə, orta pensiya 295 manata çatıb. 700 min nəfərə müavinət və təqaüdlər birinci rüb ərzində icra olunub və 250 milyon manat vəsait bu vətəndaşlarımıza ödənilib: "Cənab Prezident, əlavə olaraq bildirim ki, avtomatlaşma tədbirləri nəticəsində son 6 ayda artıq 64 min təyinat – pensiya, müavinət və təqaüdlər üzrə təyinatların 80 faizi tam şəkildə avtomatlaşdırılmış formada icra olunub.

Sizin müvafiq Sərəncamınızla yaradılmış işçi qrupun hazırladığı tədbirlər planının məşğulluq, sosial məsələləri əhatə edən hissəsi, ümumilikdə, dörd istiqaməti əhatə edir və özündə on tədbiri ehtiva edir. Bu on tədbir üzrə 394 milyon manat vəsait ayrılıb. Yəni sosial paketin pandemiya əleyhinə mübarizə çərçivəsində görüləcək işlərə 400 milyon manatlıq bir paket ayrılıb. Bu 400 milyon manatın 100 milyon manatı dövlət büdcəsindən ayrılan vəsaitlərdir, 200 milyon manatı Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaradılmış ehtiyatıdır, 91 milyon manatı isə işsizlikdən sığorta fondunun vəsaitləri hesabına yönəldilən mənbələrdir. Ümumilikdə birinci istiqamətimiz məşğulluq üzrə dövlət sektorunda olan məşğulluğun qorunması və burada işsizlik riskinin yaranmaması idi. Bu çərçivədə 910 min insanımızın məşğulluğu tam şəkildə təmin olunur və onlarla bağlı hər hansı bir çətinlik meydana çıxmayıb. Digər bir istiqamətimiz qeyri-dövlət sektorunda əmək müqaviləsi ilə çalışan insanların qorunması idi. Bu sahədə də Sizin tapşırığınıza uyğun olaraq gündəlik nəzarət təmin edildi. Dövlət tərəfindən təqdim olunan dəstək paketləri və inzibati tədbirlər nəticəsində nəinki qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı azaldı, əksinə, artdı və aprelin 1-dən etibarən əmək müqavilələrinin sayında 51 minlik, yanvarın 1-i ilə müqayisədə isə 73 minlik artım var. Bu, bir daha göstərir ki, özəl sektorumuz Sizin çağırışınıza çox aktiv şəkildə qoşuldu və bir tərəfdən inzibati tədbirlər, digər tərəfdən dövlət dəstəyindən yararlanmaq üçün əmək müqavilələrinin sayı da mütəmadi olaraq artır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu