Azərbaycan böyük özəlləşməyə gedir?


Azərbaycan böyük özəlləşməyə gedir?


Rövşən Ağayev: “Bunun üçün qarşıya dəqiq məqsəd və hədəflərin qoyulması çox vacibdir”

Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti arasında videokonfrans keçirilib. Konfrans zamanı S.Çakrabarti Azərbaycanda dövlət müəssisələrinin kommersiyalaşdırılması-özəlləşdirilməsi istiqamətində görüləcək işlər barədə danışıb. Müzakirələrdən belə anlaşılır ki, Azərbaycanda müəyyən dövlət müəssisələrinin özəlləşdirilməsinə hazırlıq aparılır.



Koronavirus pandemiyasının yaratdığı böhran üzündən gəlirlərin azalması fonunda özəlləşmə mühüm gəlir mənbələrindən biri ola bilər. Hökumət bu addımı atarsa hansı sahələrdən başlaya bilər? Hansı sektorlarda dövlət payının azaldılması mümkündür? Sualları cavablandıran iqtisadçı-ekspert Rövşən Ağayevin AFN-ə dediyinə görə, 2014-2015-ci illərdə neftin dünya bazar qiyməti kəskin düşən zaman Azərbaycan hökuməti özəlləşmə ilə bağlı qərar qəbul etmək istəyini büruzə vermişdi: “Telekoomunikasiya sahəsi ilə bağlı strateji yol xəritəsində bu sektordakı dövlət müəssisələrinin özəlləşdirilməsi nəzərdə tutulurdu. Telekommunikasiya Azərbaycanda dövlətin payı ən çox olan sektorlardan biridir. Bundan başqa, Beynəlxalq Bankın da özəlləşdiriləcəyi elan olundu. Amma 4 il keçib – ortada heç nə yoxdur. Nəinki Beynəlxalq Bankın özü, hətta balansında olan və alınıb “Aqrarkredit”ə verilən bir sıra gəlirli müəssisələrin özəlləşməsi istiqamətində hər hansı addım atılmayıb. Halbuki fındıq emalı, tütün müəssisələri kifayət qədər sağlam, istehsal, ixrac bazarlarına çıxış potensialı olan müəssisələrdir. İndiyədək də dövlət 2016-cı ildə elan olunmuş niyyətlərlə bağlı ciddi bir mövqe ortaya qoyulmayıb deyə, indi özəlləşmə ilə bağlı ciddi addımların atılmasına inanmaq bir qədər çətindir. Hər halda, bəlkə də ümid etmək olar ki, nəsə ciddi addımlar atılacaq”.
Ekspert bildirir ki, bir sıra institutsional islahatlar var ki, özəlləşdirmə ilə bərabər getməlidir: “Dünya praktikası göstərir ki, özəlləşmə əksmərkəzləşmə ilə paralel getməlidir. Amma əksmərkəzləşmə ilə bağlı Azərbaycanda heç bir söhbət aparılmır. Daha bir məsələ məmur biznesidir. Azərbaycanda sahibkarlığın inkişafının qarşısında duran əsas maneələrdən biri məhz məmur maraqlarıdır. Lakin hələ də məmurların gəlir deklarasiyalarının təqdim olunması ilə bağlı real addım atılmır. Yəni özəlləşmənin effektivliyini təmin edəcək digər tədbirlər də həyata keçirilməlidir ki, proses normal getsin. Düzdür, islahatlarla bağlı bəyanatlar səsləndirilir, lakin ağırlıqlı olaraq bu istiqamətdə plan-proqram ortaya qoyulmur. Bununla belə, özəlləşmə ilə bağlı yenidən aktivləşmə müşahidə olunur. Avropa Bankının prezidenti ilə görüşdə qismən özəlləşmədən də danışıldı. Belə aydın olur ki, bankla hökumət arasında məsləhətləşmələr, müzakirələr var bu istiqamətdə”.
Qeyd edək ki, Azərbaycanda ilk özəlləşmə 90-cı illərdən başlayıb. R.Ağayev deyir ki, özəlləşmənin birinci mərhələsini heç də uğurlu hesab etmək olmaz: “Özəlləşmənin gərgin mərhələsi 10 ilə yaxın davam etdi. Saysız-hesabsız dövlət müəssisələri özəlləşdirildi. Bu mərhlənin nəticələrinə baxıb dərslər çıxarmaq lazımdır.Mənim çıxartdığım nəticə nədən ibarətdir: Azərbaycanın avanqard şirkətlərinin siyahısı tərtib olunsa, ilk onluqda özəlləşdirilmiş müəssisələrdən neçəsi olacaq? Özəlləşdirmə həm də sağlamlaşdırma və daha səmərəli idarəetmə yaratmağın bir üsuludur. Yarandımı belə müəssisələr? Sement zavodunu çıxmaq şərtilə, yaranmadı. İndi hökumət özəlləşməyə başlayacaqsa, qarşıya bir neçə məqsəd qoyulmalıdır. Məqsədlər dəqiq müəyyən olunmalıdır ki, ona da uyğun hədəf və nəticələr olsun. Birinci məqsəd bu ola bilər ki, dövlətin yükü azalsın. Özəl sektorun çəkə biləcəyi olduğu yükü dövlət çəkməsin. O sahələri ki, özəl sektor idarəetməsi səmərəli ola bilər, oralarda dövlət olmasın. Dövlət tənzimləməni həyata keçirsin, təbii inhisar xidmətlərini təqdim etsin. Bu, dövlət büdcəsindən ayrılan külli miqdarda subsidiyaların dayanmasına səbəb olar. Eyni zamanda dövlət özəlləşən sahələrə investisiya qoymaq yükündən azad olar. Özəlləşmə dövlətsizləşmənin bir yoludur. Daha bir yol uzunmüddətli müqavilələr əsasında icarəyə-idarəetməyə verilmədir. Biz “Barmek” şirkətinin timsalında idarəetmənin nə qədər səmərəli olduğunu görmüşük. İdarəetməyə daha çox kommunal xidmət müəssisələri verilir: qaz, su, elektrik enerjisi, istilik sistemindəki paylayıcı şəbəkələr. Dünya təcrübəsi göstərir ki, bu sahələrin idarəetməyə verilməsi çox effektiv nəticələrə səbəb olur. Bu addım dövləti yüz milyonlarla manat yükdən azad edər.
İkinci hədəf xidmətlərin keyfiyyətinin yüksəldilməsi olmalıdır. Bu gün kommunal xidmətlər dövlətin əlindədir deyə, keyfiyyətlə bağlı narazılıq olanda məmurlar onu ört-basdır etməyə çalışırlar. Amma paylayıcı şəbəkələr özəl əllərdə olsa, məmur də vətəndaşın mövqeyindən çıxış edəcək. Çünki tənzimləyici olacaq. Yəni dövlət də maraqlı olacaq ki, keyfiyyət yüksək olsun”.
Ekspert bildirir ki, kommunal xidmətlər üzrə paylayıcı sistemlər bütün ölkə üzrə bir şirkətə verilə bilməz: “Yəqin ki, ölkə üzrə bir neçə regional şəbəkələr müəyyənləşdiriləcək və ayrı-ayrı şirkətlərə veriləcək. Bu zaman biz onların fəaliyyətinə müqayisəli şəkildə qiymət verə biləcəyik, şirkətlər arasında bir növ, rəqabət olacaq. Türkiyənin timsalında biz bunun şahidi oluruq. Hər şəhərdə suyu bir qiymətə satırlar. Ankarada Məsud Yavaş seçilən kimi suyun qiymətini iki dəfə aşağı saldı. Bizdə də eyni vəziyyət yarana bilər”.
Azərbaycanda özəlləşmənin ikinci istiqaməti telekommunikasiya sektoru ola bilər: “Dövlətin bu sektorda payı həddindən artıq çoxdur. “Baktelekom”, “Aztelekom”, “Azərcell”in 51 faizi və sair. Dövlət bir tənzimləyici qurum yaradaraq bu müəssisələri özəlləşməyə hazırlamalıdır. İnternet xidmətlərinin göstərilməsi az qala bütünlüklə dövlətin əlindədir. Dünyada belə bir təcrübə yoxdur. İnternet xidmətləri bütünlüklə özəl əllərə verilməlidir”.
Özəlləşmədə qarşıya qoyulan daha bir məsələ fiskal sahədir: “Birinci özəlləşmədən biz demək olar ki, çox cüzi gəlir əldə etdik. İndi bu addıma gediriksə, dövlətin ciddi gəlir əldə etməsini hədəfləmək lazımdır. Gəlirlərimizin azaldığı bir mərhələdə bu, çox vacibdir. Digər bir hədəf, səmərəli məşğulluğun təmin olunmasıdır. Bu gün bizdə hesablamaq mümkün deyil ki, birinci özəlləşmədə özəlləşən müəssisələr məşğulluğa nə qədər töhfə verirlər? İndi bizim daha bir hədəfimiz normal məşğulluğun təmin edilməsi olmalıdır. Nəhayət, bizim beşinci hədəfimiz Azərbaycana xarici investisiyaların cəlbi olmalıdır. Ölkə dünya iqtisadiyyatına, xarici investisiyalara açılmalıdır. Xarici investisiya yalnız pul deyil, müasir texnologiya, müasir idarəetmə qabiliyyəti olan kadrlar deməkdir. Məsələn, bp və digər xarici şirkətlər Azərbaycanın neft sektorunda yüksək səviyyəli texnologiyaların tətbiqinə səbəb oldu. Digər sektorlarda da buna nail olmağı hədəfləməliyik”.
R.Ağayevin sözlərinə görə, özəlləşmə açıq həyata keçirilməlidir: “Proses açıq hərrac yolu ilə aparılmalıdır. Dünyada bu üsul ən geniş yayılmış üsuldur. Bütün investorların iştirakı təmin olunmalı, hamı prosesin tam şəffaf keçdiyinə əmin olmalıdır. Bu, özəlləşmənin gedişində daha böyük şirkətlərin prosesə cəlbinə gətirib çıxarar. Birinci özəlləşmənin qapalı şəraitdə, ciddi qanun pozuntuları ilə keçirilməsi Azərbaycanda ciddi əmlak bərabərsizliyinin yaranmasına gətirib çıxartdı. Bu dəfə də eyni halın təkrarlanmasına yol verilməməlidir”.
Bəs xarici investorları necə cəlb etmək olar: böyük yatırım qoymaq istəyən bütün şirkətlər qoyduqları vəsaitlərə dövlət zəmanətinin verilməsini tələb edirlər? R.Ağayev hesab edir ki, sərmayələrə dövlət zəmanətinin verilməsi heç də yaxşı təcrübə deyil: “Mən Türkiyədə olduğu kimi, xəzinə təminatınım verilməsinin çox da tərəfdarı deyiləm. Bu, investorda arxayınçılıq yaradır ki, istənilən halda dövlət onun minimum rentabelliyinə təminat verəcək. Gələn investorun belə təminat istəməməsi üçün ilk növbədə ölkədə məhkəmə hakimiyyətinin müstəqilliyi təmin olunmalıdır. Yəni investor əmin olmalıdır ki, Azərbaycanda heç bir şəxsin məhkməyə təsiri olmayacaq. Buna görə də məhkəmə sistemində çox ciddi islahatlar aparılmalıdır. Digər bir məsələ vergi stimullaşdırmasıdır. Dövlət investorlara müəyyən müddətə vergi güzəştləri tətbiq edə bilər. Bilirsiniz, əsas özəlləşmə üçün effektiv şəraitin, şərtlərin formalaşdırılmasıdır. Bunlar olandan sonra investor tapmaq elə də çətin omayacaq”.

AFN-in İqtisaidyyat şöbəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu