Ölkənin aqrar sahəsində yeni bir istehsalatın yaradılması və inkişafı


Ölkənin aqrar sahəsində yeni bir istehsalatın yaradılması və inkişafı


Emin ƏLİYEV

Tikinti, bankçılıq və daşınmaz əmlak kimi qeyri-neft sektorlarının da inkişafda olmasına baxmayaraq, Azərbaycanın iqtisadiyyatı neft-qaz(92.8%) və təbii resurslardan çox asılıdır. 2016-cı ildə baş vermiş iqtisadi böhran və yüksək devalvasiya, 2020-ci ilin başlanğıcından etibarən başlayan ümumdünya COVİD-19 pandemiyası və Rusiya Federasiyası ilə Səudiyyə Ərəbistanı arasında baş verən “neft savaşları” bir daha göstərdi ki, xam neftdən savayı digər gəlir qaynaqlarına, o cümlədən, daxili istehsala əsaslanan güclü kənd təsərrüfatı və ərzaq, həmçinin, əlaqəli digər sahələrə ehtiyac.



2019-cu ilin statistikasına əsasən, ölkə əhalisinin təxminən 47%-i kənd yerlərində yaşayır, həmçinin, məşğulluğun 36%-i (təxminən 863 min ailə) kənd təsərrüfatının hesabına təmin edilir. Məhsuldar torpaqlar, su bolluğu və 9 iqlim qurşağının olması güclü kənd təsərrüfatı sektoru üçün gözəl zəmin yaratmasına baxmayaraq təəssüf ki, ölkəmiz hələ də qida məhsullarının idxalçısıdır. Dövlət aqrar siyasətimizdə əsas diqqət əlavə dəyərli bitkiçilik (alma, nar, zeytun və zeytun yağı, fındıq, kələm və noxud) və heyvandarlıq (süd, qoyun və mal əti) məhsullarına yönəldilmişdir. Məhsulların ixracı daha çox qonşu ölkələrin bazarlarına yönəlsə də, bəzi gec xarab olan məhsullar daha uzaq bazarlara ixrac edilir. Orqanik məhsulların istehsal və ixracını Azərbaycanın istehsal və ixrac imkanları sırasına daxil etmək olar. Hətta müəyyən qiymət artımı ilə daha mürəkkəb bazarlara da çıxmaq imkanları mövcuddur. Bunun üçün ölkə həm uyğun ekoloji şəraitə, həm də təbii sərvətlərə malikdir.
Dünyada orqanik məhsullar bazarının sürətli inkişafı, artmaqda olan qida təhlükəsizliyi problemləri və Azərbaycanın ekoloji özünəməxsusluqları orqanik kənd təsərrüfatını cəlbedici etməyə başlamışdır. Hal-hazırda dünyanın 179 ölkəsində orqanik kənd təsərrüfatı məhsulları istehsalı var. 1999-cu ildə dünya üzrə orqanik məhsul yetişdirilməsi 11 milyon hektarda idirsə, 2019-cu ildə artıq 70 milyon hektara çatmışdır. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji yol xəritəsi”nin 4.2-ci bəndində qeyd edilir: “Ölkədə tətbiq edilən ənənəvi istehsal metodlarına əlavə olaraq, nəzərdə tutulmuş əsas bitkiçilik məhsullarının orqanik təsərrüfat metodları əsasında yetişdirilməsi dövlətin tənzimləmə standartları əsasında təşviq ediləcəkdir. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində yaranan istehsalçıların dəyər zənciri boyunca yüksək dəyər gətirən sahələrdə fəal iştirakı təmin ediləcəkdir”.
Ölkəmizdə ekoloji təmiz məhsul istehsalı ilə bağlı müvafiq qanunvericilik aktlarının olması müsbət haldır. Lakin bu hüquqi bazadan çox az hallarda tam əhatəli yararlanılır, bir çox hallarda isə statistik məlumatların toplanması zamanı bəzi çətinliklərlə üzləşilir. Nəticədə ölkəmizin orqanik istehsalı ilə bağlı dolğun məlumat bazası formalaşmır.
Çox təəssüf ki, kənd təsərrüfatı, meşəçilik və balıqçılığın müxtəlif sahələri üzrə çoxsaylı statistik göstəricilərin olmasına baxmayaraq, ölkəmizdə orqanik məhsullar haqqında konkret statistika aparılmır. Kənd təsərrüfatı sektoru üzrə əsas statistik məlumatlar ümumi məlumatlardır.
“Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2010-cu il tarixli 159 saylı Qərarında Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və AMEA tərəfindən icra ediləcək vəzifələri təyin edilmişdir. Adı çəkilən nazirliklərin səlahiyyətləri daxilində orqanik kənd təsərrüfatının hüquqi və fiziki inkişafını dəstəkləyən prioritet vəzifələr aşağıda sadalanıb:
ətraf mühitin və torpaqların analizi vasitəsilə münasib sahələri müəyyən etmək və prinsipləri təyin etmək;
torpaqların çirklənməsinin qarşısını almaq və münbitliyi yaxşılaşdırmaq;
elmi nəticələr əsasında orqanik kənd təsərrüfatına münasib olan əkin dövriyyəsi və idarəetmə proqramları hazırlamaq;
ziyanvericilərin, alaqların və xəstəliklərin idarə edilməsi üçün bioloji, mexaniki və aqrotexniki üsullar hazırlamaq;
bitki qalıqları və heyvan tullantılarının köməyi ilə torpağın münbitliyini artırmaq üçün texnologiyalar hazırlamaq, orqanik məhsulların istehsalı, saxlanması və emalı üçün texnologiyaları təkmilləşdirmək;
bioloji fəaliyyətlər vasitəsilə torpaq və su ehtiyatlarını qorunması üçün qaydalar hazırlamaq;
orqanik gübrələrin və kompostların hazırlanması üçün istifadə olunan texnologiyalara dair təlimlər təşkil etmək;
orqanik quşçuluq və akvakultura istehsalı üçün texnologiyaları hazırlamaq və icra etmək;
biosfer ehtiyatlarında kənd təsərrüfatı məhsulları istehsalının elmi əsaslarına dair təlimlər təşkil etmək;
orqanik kənd təsərrüfatı istehsalı üzrə beynəlxalq təcrübələrini öyrənmək üçün layihələr tərtib etmək.

Bundan əlavə, Kənd təsərrüfatı, İqtisadiyyat, Ekologiya və təbii sərvətlər nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:
təlimlər, ictimai məlumatlandırma və məlumatın yayılması vasitəsilə orqanik kənd təsərrüfatı sahəsində maarifləndirmə işləri aparmaq;
elmi məqalələr, jurnallar və kitablar dərc etmək;
orqanik kənd təsərrüfatının təbliği üçün sərgilər və yarmarkalar təşkil etmək;
orqanik kənd təsərrüfatı sahəsində bacarıqları artırmaq üçün xüsusi kurslar, seminarlar və konfranslar təşkil etmək;

xarici ölkələrdə təşkil edilən orqanik kənd təsərrüfatı fəaliyyətlərində azərbaycanlı fermer və mütəxəssislərin iştirakını təşviq etmək.
Bu Qaydaların təsdiqlənməsindən 10 ilədək müddətin keçməsinə baxmayaraq bu sahədə çox məhdud sayda fəaliyyətlərin olduğunu müşahidə edirik. Belə ki, Azərbaycanda ixrac məlumatları Dövlət Gömrük Komitəsi vasitəsilə mövcud nomenklatura əsasında toplanır. Orqanik məhsullar, satış məhsullarının kodlaşdırması sırasında ayrıca nömrəyə malik olmadığından, qurum belə məhsullar haqqında məlumat toplamır.
Orqanik kənd təsərrüfatı haqqında qanunvericilik aktları 2008-ci ildən başlayaraq, qısa müddət ərzində hazırlansa da, idarəetmə və koordinasiya üzrə mövcud boşluqlar orqanik sistemin düzgün fəaliyyət göstərməsinə və milli səviyyədə icrasına mane olur. Qanunvericiliyə baxmayaraq, bu mərhələdə, işlərin icrası, fermerlərə təlimlərin keçirilməsi, maarifləndirmə, yoxlama və sertifikatlaşdırma, araşdırmalar və məlumat toplanması baxımından heç bir əhəmiyyətli nailiyyət əldə olunmamışdır. Xarici standartlar nəzərə alınsa belə, orqanik kənd təsərrüfatıyla məşğul olan fermerlərin sayı və bu məqsədlə istifadə edilən torpaqlar baxımından nəzərəçarpacaq irəliləyiş qeydə alınmamışdır. Bu sahədə vahid səlahiyyətli qurumun təyin olunması vacibdir; bir çoxları bunun Kənd Təsərrüfatı Nazirliyinin olmasını istəyir. Lakin bunu da qeyd etmək lazımdır ki orqanik məhsul sadəcə kənd təsərrüfatı məhsulu deyildir, o eyni zamanda emal edilmiş məhsullardan da ibarət olduğuna görə bu sahədə daha çox imkanlara malik İqtisadiyyat Nazirliyinin vahid səlahiyyətli və əlaqələndirici qurum kimi təsdiq edilməsi məntiqli sayıla bilər.
Bir çox ölkənin təcrübəsi göstərir ki, xüsusi dəstək və subsidiyalar hesabına çoxlu fermerlər orqanik kənd təsərrüfatına keçmək və bu sahədə istehsalı davam etdirmək imkanı qazanıblar. Azərbaycanda yanacaq və kimyəvi gübrələr üçün subsidiyalar verilsə də, biohumus alınması ilə bağlı sonradan göstərilən dəstəyi nəzərə almasaq, orqanik məhsulların istehsalı, yaxud gətirilməsi üçün xüsusi subsidiya mövcud deyil. Bu səbəbdən, orqanik məhsulların istehsalını artırmaq üçün xüsusi subsidiyaların verilməsi zərurətdir. İcra edilməli olan digər bir siyasət fermerlərə, həmçinin, təlim və xidmətlərə cəlb edilən təlimçilərə təlimlərin keçirilməsi ilə bağlıdır. Hökumət qeyri-hökumət təşkilatları ilə birlikdə hər bir rayonda orqanik məhsullar üzrə ekspert qrupları yaratmalıdır. Bu qruplar fermerlərin fəaliyyətinə nəzarət edərək müşahidə aparmalı və texniki, iqtisadi və bazarla bağlı problemləri həll etmək üçün davamlı məlumat axınını təmin etməlidirlər. “Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları” İctimai Birliyi bu sahədə böyük təcrübəyə malikdir və bu sahədə dövlət qurumları ilə daha sıx əməkdaşlıq etməyə hazırdır.

İstehsaldan əvvəlki və istehsal mərhələlərində mövcud olan məhdudiyyətlər aşağıdakı kimidir:
Fermerlər arasında orqanik kənd təsərrüfatı haqqında bilik kasadlığı.
Orqanik kənd təsərrüfatına keçid haqqında qeyri-müəyyənlik.
Qanunvericilikdə boşluqlar.
Orqanik kənd təsərrüfatı üçün hökumət subsidiyası mövcud deyil.
Orqanik kənd təsərrüfatı KTN-in prioritetləri arasında deyil.
Nəzarət və sertifikatlaşdırma təşkilatlarının olmaması.
Orqanik kənd təsərrüfatı ixrac-yönlüdür və yalnız özəl sektorun təşəbbüsü əsasında fəaliyyət göstərir.



Yığımdan sonrakı və emal mərhələlərində mövcud olan məhdudiyyətlər aşağıdakı kimidir:
Müasir saxlama və emal imkanlarının olmaması.
Soyuducu anbarların yüksək qiyməti və zəif xidməti.
Müvafiq biliklərin və tədqiqatların çatışmaması.


Paylanma və bazarlama mərhələlərində mövcud olan məhdudiyyətlər aşağıdakı kimidir:
Orqanik məhsulların paylanması və bazarlaması mərhələlərində iştirak edən bütün maraqlı tərəflər arasında məlumatlılıq və məlumat axını aşağı səviyyədədir;
Orqanik məhsulları satan supermarketlər azdır;
Regionlarda orqanik məhsul satan bazarlar yoxdur;
Orqanik məhsulların təchizatı yetərli və müntəzəm deyil;
İstehsalçılar və istehlakçılar arasında qısa və asan paylanma kanalları mövcud deyil;
Orqanik məhsullar barədə məlumat toplanması yetərsizdir, onların istehsalı və bazarı barədə məlumat çatışmır.


Azərbaycanda istehsal edilən və orqanik kimi sertifikatlaşdırılmış əsas məhsullar qızılgül yağı, nar, xurma, fındıq və yabanı toplanmış meyvələr, giləmeyvələr, habelə, müalicəvi və ətirli bitkilərdir. Yeganə orqanik heyvandarlıq məhsulu isə baldır. Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının dadı və ətri misilsizdir. Biz bu potensialdan istifadə edərək orqanik kənd təsərrüfatını dayanıqlı bir sahəyə, qeyri-neft gəlirlərinin əhəmiyyətli mənbəyinə çevirməliyik! Hal-hazırda ölkədə yabanı məhsulların yığımı ilə yanaşı, dənli bitkilərin, mülayim, subtropik və tropik iqlimi meyvələrinin, üzümün, zeytunun, yağlı və zülallı bitkilərin, tərəvəzin və balın “orqanik” kimi sertifatlaşdırılmış istehsalı mövcuddur. Azərbaycanda orqanik məhsul istehsalçıları ilk olaraq vəhşi təbiət guşələrinin orqanik kimi sertifikatlaşdırılması və orada əsasən ixrac üçün yabanı meyvə və giləmeyvələrin, müalicəvi və ətirli bitkilərin və qoz-fındığın yığımı ilə orqanik istehsal təşəbbüsünə başlayıblar. Ölkəmizdə sertifikasiyalı orqanik məhsullar istehsal edilir və əsasən Avropa ölkələrinə və ABŞ-a satılır. Orqanik nar məhsulları, meyvə şirələri, müalicəvi və ətirli bitkilər və fındıq əsasən ixrac bazarlarına yönəldilir. Yerli bazarı orqanik məhsullarla təchiz etmək üçün yumurta, süd, ət və onlardan alınan heyvandarlıq məhsulları daxil olmaqla geniş çeşiddə məhsullar istehsal edilməlidir. Buğda, meyvə və tərəvəz kimi əsas ərzaq məhsullarına prioritet sahə kimi diqqət yetirilməlidir. Orqanik kənd təsərrüfatı torpaqları kimi tanınan torpaqlarda Azərbaycanın payı bütün dünyada 0.05%, Asiya qitəsində isə 0.216% təşkil edir. Orqanik torpaqlara keçid müddəti təxminən 2-3 il çəkir. Bunu nəzərə alaraq, bir çox dənli bitkilərdə və meyvə-tərəvəzdə ölkənin artan potensialını proqnozlaşdırmaq olar. Müvafiq statistik məlumatlar olmasa da, müəyyən olunmuşdur ki, Azərbaycanın orqanik heyvandarlıqda (xüsusilə iri-buynuzlu və xırda-buynuzlu heyvandarlıqda, eləcə də quşçuluq və arıçılıqda) böyük potensial vardır.
Ekspertlər Azərbaycanda istehsal olunmuş ətin unikal dadını vurğulayır və qeyd edir ki, bunun səbəbi ölkədəki otlaq və örüşlərin bir çox ot növlərindən ibarət olması və onların kimyəvi maddələr və sənaye tullantıları ilə çirklənməyə məruz qalmamasıdır. Yuxarıdakılardan əlavə, südçülük və arıçılıq məhsulları, habelə yabanı bitkilərdə Azərbaycanın təbii potensialı ümidvericidir. Azərbaycan, meşələri və təbii bitki örtüyü ilə zəngindir. Bu ərazilərdə qarpız, bal, nar, şabalıd, fındıq, xurma, qoz, kartof yetişdirilir və heç bir süni müdaxilələr görmədən istehsal olunur. Bu sahələrin bəziləri yüksək məhsuldarlığına görə seçilərək orqanik torpaqlara keçirilib sertifikasiya edilə bilər.
Orqanik məhsullara olan tələbat o zaman yüksəlir ki, istehlakçıların istəkləri onların sağlamlıq və ətraf-mühit haqqında məlumatlılığı ilə paralel şəkildə inkişaf etmiş olsun. Bütün dünyada istehlakçıların orqanik ərzaq alması daha çox sağlamlıq məsələləri ilə bağlıdır. Bu baxımdan, uşaqlı ailələr, hamilə qadınlar və sağlamlıqla bağlı problemləri olan yetkin şəxslər orqanik məhsulların bir nömrəli istehlakçılarıdırlar. Şəhər əhalisinə gəldikdə isə, təhsil və gəlir səviyyəsi artdıqca, istehlakçıların orqanik məhsullara olan marağı da artır. Bunları nəzərə alaraq, yaxın gələcəkdə ərzağa, xüsusilə də orqanik ərzaq mallarına tələbatın artacağı gözlənilir. Son günlər dünyada baş verən pandemiya bir daha sübut edir ki, sağlam, təbii və orqanik qidalanma sahəsinin inkişafı sadəcə iqtisadi deyil, eyni zamanda bir siyasi zərurətdir. Hal-hazırda Azərbaycanda orqanik məhsullar əsasən əcnəbilər, hotel şəbəkələri, eləcə də yüksək-gəlirli və təhsilli ailələr tərəfindən istehlak olunur. Orqanik məhsullar ənənəvi məhsullarla müqayisədə kifayət qədər bahadır. Bu bazarı genişləndirmək və bu məhsulları aşağı gəlirli istehlakçılar üçün əlçatan etmək üçün əlavə rüsumlar aradan qaldırılmalı və qiymətlər mümkün qədər aşağı salınmalıdır. Bir sıra supermarketlərdə orqanik məhsullar ümumiyyətlə yoxdur; digərlərində bəzi idxal olunmuş orqanik məhsullar satılsa da, onlar ayrıca rəflərdə deyil, qeyri-orqanik mallarla qarışıq şəkildə təklif olunur. Orqanik məhsullar supermarketlərdə təyin edilmiş yerlərdə satılarsa, bu xüsusilə ilkin mərhələdə müştərilərin diqqətini cəlb edəcək və məlumatlılığı artıracaq. Supermarketlərdə ayrıca rəflərdə və ya digər məhsullarla qarışıq şəkildə müxtəlif Avropa ölkələrindən idxal olunmuş sertifikatlaşdırılmış və markalanmış orqanik məhsullar satılır. Artıq dünya markalarının nümayədəliyi olan şirkətlər orqanik kosmetika məhsulları, orqanik pambıqdan istehsal olunmuş geyimlər satmağa başlamışlar.
Azərbaycanlı istehlakçıların çoxu “orqanik məhsullar” anlayışı ilə tanışdır və bu məhsulların təbii yolla istehsal edildiyinə və tam sağlam olduğuna inanırlar. Bu məhsullar sertifikatsız olsalar da, istehsalçı, emal edən, ticarətçi və vasitəçilər arasında qarşılıqlı etimad mövcuddur.
Azərbaycanın qüvvədə olan qanunvericiliyində “orqanik” adlanan məhsulların marketinqi baxımından aşağıdakı məhdudiyyətlər mövcuddur:
İstehlakçıların maarifləndirilməsi fəaliyyəti arzuolunan səviyyədə deyil,
Xüsusilə də, orqanik məhsullarla bağlı reklam azlığı var,
Supermarketlərdə orqanik məhsulların həcmi və çeşidləri kifayət qədər deyil, həmçinin, çeşid əsas ərzaq məhsullarını əhatə etmir,
Yerli və idxal edilən orqanik məhsulların gəlirliliyi barədə məlumat azlığı var. Vəziyyətin belə olması iş adamlarının bu sahəyə qoşulmasına mane olur,

Orqanik məhsulların ənənəvi ərzaq məhsulları ilə müqayisədə baha olmasının səbəbləri aşağıda göstərilir:
Kiçik-həcmli təsərrüfatlarda orqanik k/t üsulları və istifadəsinə icazə verilən istehsal vasitələri haqqında məlumat çox azdır, istehsal vasitələri məhduddur və bu vəziyyət məhsuldarlığın və keyfiyyətin aşağı düşməsi ilə nəticələnir.
Orqanik məhsullar üçün üçüncü tərəfin sertifikasiyası tələb olunur; Azərbaycanda milli sertifikatlaşdırma təşkilatları olmadığından bu işi xarici nəzarət qurumları həyata keçirməlidir, bu isə istehsalçı xərclərini xeyli artırır.
Orqanik təsərrüfatlar çox vaxt ucqar, şəhərlərdən uzaq ərazilərdə yerləşir; nəticədə, nəqliyyat xərcləri artır, yığımsonrası itkilər çoxalır, bu da yenidən yekun qiymətləri artırır.
Dövlət subsidiyaları ənənəvi üsullarla məhsul becərən təsərrüfatlara verilir. Bu cür təsərrüfatların istehsal xərcləri orqanik təsərrüfatlara nisbətən daha azdır. Orqanik kənd təsərrüfatında əmək qüvvəsi istehsal xərclərinin daha böyük hissəsini təşkil edir. Beləliklə, subsidiyalar ənənəvi və orqanik məhsullar arasında qiymət fərqini daha da artırır.
İntensiv təsərrüfat sistemlərində orqanik kənd təsərrüfatına keçid zamanı məhsuldarlıq xeyli azala bilər. Xüsusilə istehsalçıların torpağın bioloji idarə edilməsi üzrə bilik və təcrübəsi çatışmadığı hallarda məhsuldarlıq daha da azala bilər.
Ənənəvi ixrac məhsullarımız olan neft və neft məhsulları ətrafında baş verən proseslər ölkə iqtisadiyyatının aqrar sahəyə, daha çox əlavə dəyər yaranmış sahəsinə diqqət edilməsini ciddi şəkildə zəruri edir. Qərar verənlərə, fermerlərə, investorlara, siyasətçilərə və tətqiqatçılara dəqiq və yenilənmiş məlumat təqdim etmək üçün təsərrüfat və bazar səviyyəli məlumatlar daxil olmaqla orqanik təsərrüfatlar və ərzaq istehsalına dair müfəssəl məlumat bazası tələb olunur. Özəl şirkətlər ticarət məqsədilə məlumatları toplayıb gizli saxlaya biləcəyini nəzərə alaraq, hökumət təcili olaraq orqanik məhsullarla bağlı təsərrüfat və bazar səviyyəli məlumatların toplandığı ümumi məlumat sistemi yaratmalıdır. Orqanik məhsulların istehsalı və tədarükü əsasən ixrac yönümlüdür və özəl sektor tərəfindən həyata keçirilir. Daha çox istehsalçını orqanik məhsulların istehsalına qoşulmağa inandırmaq üçün daxili səviyyədə Kənd Təsərrüfatı Nazirliyi və fermer təşkilatlarının birgə əməkdaşlığı ilə maarifləndirmə kampaniyaları keçirilməlidir. Bu kampaniyalar zamanı təkcə iqtisadi qazanc deyil, həm də uzunmüddətli ekoloji mühafizə və orqanik təsərrüfatçılığın dayanıqlılığı vurğulanmalıdır. Azərbaycanın zəngin bitki aləmi təbiətdən toplanmış məhsullardan sertifikatlaşdırılmış məhsullara keçid etməyə imkan verir. Meşəçilik strukturlarının ciddi monitorinqi bu məhsulların bazara çıxarılmasına yardım edə bilər. İxrac bazarı üçün diqqətin əvvəldən bu məhsullara yönəldilməsi öz təsərrüfat sistemlərini orqanik sistemə çevirmək məqsədi ilə daha yüksək gəlir götürməyi hədəfə alan fermerləri stimullaşdırar. Azərbaycan, ölkəyə idxal edilən orqanik məhsulların, xüsusilə də, gübrə və üzvi gübrələrin istehsalı üçün kifayət qədər xammal və texniki imkanlara malikdir. Orqanik təmiz kənd təsərrüfatında zərərvericilərə qarşı istifadə edilən faydalı həşəratlar və tələlər kimi bioloji və biotexniki vasitələrin istehsalı ilə bağlı da analoji addımlar atılmalıdır. Müəyyən edilmişdir ki, ənənəvi nar istehsalını orqanik nar istehsalına çevirmək yolunda ən əsas çətinlik, məhsuldarlıq və keyfiyyəti qorumaqla orqanik təsərrüfatda icazə verilən zərərverici və xəstəliklərə qarşı mübarizə üsullarının tətbiq edilməsidir. Digər nar istehsal edən ölkələrdə bu problemin daha sadə həll yolları vardır ki, intensiv təlim proqramları vasitəsilə onları mənimsəmək mümkündür. Bu məqsədlərə çatmaq mümkün olarsa, orqanik məhsullar bazarlarda daha rəqabətli olacaq, həmçinin, orqanik məhsulların həcmi və sayında artım qeydə alınacaqdır. Orqanik məhsullara olan daxili tələbatı istehlakçıların maariflənməsinə həsr olunmuş kampaniyalar vasitəsilə və bütün il boyu bazarlarda orqanik məhsulların geniş çeşidinin satışını həyata keçirməklə artırmaq mümkündür. Hazırda hətta idxal edilən orqanik məhsullara belə tələbat vardır. Baxmayaraq ki, bu məhsullar qiymət baxımından nisbətən daha bahadır. Bu o deməkdir ki, orqanik yerli ərzaq mallarının istehlakçılar üçün əlçatan olması daxili tələbatı artıra bilər. Təsərrüfat planlaşdırması düzgün şəkildə aparılarsa, orqanik təsərrüfat üsulları istənilən ölçülü fermalar tərəfindən qəbul edilə və səmərə gətirə bilər. Orqanik təsərrüfatların daha bir üstünlüyü isə, yeni iş yerlərinin açılmasıyla bağlıdır. Bu, işsizlik səviyyəsinin yüksək olduğu regionlar üçün yaxşı imkan hesab oluna bilər. Böyük ölçülü təsərrüfatlarda orqanik məhsulların becərilməsi istehsal xərclərinin azalması və ixrac bazarlarına çıxış imkanları yaradacaq. Bununla belə, orqanik fermerliyə keçid, həmçinin, ixracat və daxili bazarları genişləndirməklə bağlı dövlətin proqram və subsidiyalarına zərurət vardır. Bundan başqa kiçik kooperativlərin də yaradılması və nisbətən iri sahələrdə kütləvi orqanik məhsul istehsalı da mümkündür. Təbiətə xeyir verən və insan sağlamlığına yönəlmiş orqanik kənd təsərrüfatı Azərbaycanın kənd təsərrüfatının və regionlarının dayanıqlı inkişafına nail olmaq üçün yaxşı imkandır. Bu, çoxsaylı maraqlı tərəflərin iştirakı ilə orta və uzunmüddətli planlaşdırma, həmçinin, dövlət tərəfindən planların icrasına nəzarət tədbirlərinin görülməsini tələb edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu