Aqrar məhsulların bazar problemini necə həll etmək olar? - TƏKLİFLƏR


Aqrar məhsulların bazar problemini necə həll etmək olar?


Koronavirus pandemiyası zamanı Azərbaycan daxilində tətbiq olunan hərəkət məhdudiyyəti rayonlardan ölkənin əsas bazarına – Bakıya kənd təsərrüfatı məhsullarının daşınmasında çətinliklər yaratdı. Belə ki, karantin tədbirləri çərçivəsində kiçik həcmli yük maşınları ilə daşımalar qadağan edildi.

Azərbaycanda rayonlardan aqrar məhsullar əsasən xırda və orta tutumlu maşınlarla daşındığına görə nəticədə qadağalar xeyli sayda insanın daşımalardan kənarda qalmasına səbəb oldu.

Artıq ölkədə tez xarab olan kənd təsərrüfatı məhsullarının yığım və satış dövrü başlamaq üzrədir. Mövcud karantin rejimi şəraitində heç də hamının öz məhsulunu böyük maşınlarla daşımaq imkanı yoxdur. Ümumiyyətlə, regionlardan məhsulların paytaxt bazarına daşınmasında problemlər həmişə var. Uzun illərdir kəndli və fermerlər bu problem üzündən məhsullarını yerində dəyər-dəyməzinə satmağa məcbur qalırlar.

Məsələ ilə bağlı fikirlərini Qaynarinfo-ya açıqlayan iqtisadçı-ekspert Rövşən Ağayev bildirdi ki, bu problemi aradan qaldırmağın əsas yolu Azərbaycanda kənd təsərrüfatı məhsullarının satıldığı birjanın yaradılmasıdır:


Aqrar məhsulların bazar problemini necə həll etmək olar?


"Birjalar bazar münasibətlərinin ayrılmaz tərkib elementlərindən biridir - bu institutların olmadığı ölkələrin primitiv bazar sisteminə sahib olduğunu dərhal bilmək olur. Azərbaycanda yalnız Bakı Fond Birjası mövcuddur. Bu təsisatın nə dərəcədə effektiv çalışdığını bilmək istəsəniz, internetdə axtarış verin, saytına baxın və dövlət sektoru (hökumət və dövlət şirkətləri birgə) nəzərə alınmadan dövriyyəsinə, birjada alqı-satqı obyekti olan alətlərin çeşidinə baxın, nəticəni özünüz qiymətləndirərsiniz.

Ən sadə tərəfindən yanaşım - İPO aparılmadığı, ölkədə iqtisadi ab-havanı müəyyən edən birja indekslərinin olmadığı fond birjası ətrafında müzakirə aparmağa dəyirmi, bu da ayrı bir mövzu. Amma ən azından yaxşı bir aqrar birja formalaşdıra bilərik - mərkəzi də Gəncə şəhəri olmaqla. Taxıl məhsulları, heyvandarlıq məhsulları, pambıq, texniki üzüm sortları və s. kimi aqrar məhsulları rahatlıqla bu birja üzərindən reallaşdırmaq mümkündür”.

Ekspert bildirir ki, aqrar məhsulların topdansatışının birja üzərindən təşkilinin çox böyük üstünlükləri var:

"Əvvəla, xırda istehsalçılar kiçik partiyalarla (məsələn, 100-200, hətta 300-500 kq) məhsulu pərakəndə, necə, hansı qiymətə satmaqdan xilas olacaq. Çünki bir çox ölkələrdə birjalara məshul partiyasının daxil olmasına minimum hədd qoyulur - məsələn, taxıl ən azı 5, yun 1 tonluq partiyalarla daxil ola bilər. Bu halda, məsələn, birjaya çıxış üçün eyni və yaxın ərazidəki xırda istehsalçıların ortaq satış üçün bir araya gəlməsi zərurəti qaçılmaz olur, qiymətin formalaşması üçün daha əlverişli iqtisadi mühit yaranır. Başqa üstünlük fermerlərin məhsulunun zəmanətli qiymətlə alınması üçün hüquqi mexanizmlər yaranır. 6 aylıq, 1 illik fyuçers müqavilələrilə məhsullar artıq özlərinə zəmanətli alıcılar tapırlar. Birja rəsmi qeydə aldığı müqavilələr və pul formasında götürdüyü təminat öhdəliyi ilə bütün münasibətləri icbari hüquqi çərçivəyə salır.

Fyuçerslərin timsalında ölkədə maliyyə derivativlərinin inkişaf eləmiş bazarı yaranmağa başlayır. Bu bazarın yanında sığorta bazarını inkişafı qaçılmazdır, çünki fyuçers müqavilələrini hedge eləməyə böyük tələbat yaranır. Eyni zamanda xeyli sayda üzvləri olan peşəkar brokerlik institutunun yaranması insanlar üçün peşəkar karyera və para qazanmaq üçün perspektivlər açır. Kənd təsərrüfatı məhsullarını dövriyyəsi şəffaflaşır”.

R.Ağayevin sözlərinə görə, birjanın xüsusi elektron platforması vasitəsilə uzunmüddətli fyuçers müqavilələrin bağlanmadığı, ənənəvi birja məhsulu olmayan bəzi məhsulların (məsələn, tez xarab olan meyvə-tərvəzlər) onlayn hərraclarını da təşkil etmək olar:

"Məsələn, kimsə sabah 2 ton ərik, heyva və ya gilası bazara çıxara biləcəyini bilirsə, məhsulunu onlayn hərraca təqdim edir, gün ərzində qiymət təkliflərini toplayıb, satıcılarla razılaşma əldə edə bilir”.

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə Qaynarinfo-ya açıqlamasında bildirdi ki, aparılan tədqiqatlar aqrar sektorun inkişafı baxımından ən aktual məsələlərdən birinin məhz kənd təsərrüfatı məhsulları üzrə logistika infrastrukturunun formalaşdırılmasıdır:

Aqrar məhsulların bazar problemini necə həll etmək olar?


"Xüsusilə ixtisaslaşmış topdansatış institutlarının yaradılması aktualdır. Bu baxımdan bizdə logistik infrastruktur üçün yaxşı baza kimi çıxış edə biləcək soyuducu anbarlar infrastrukturu kifayət qədər formalaşdırılıb. Bundan sonrakı ehtiyac bu infrastruktur üzərində peşəkar topdansatış institutunun formalaşdırılmasıdır. Buna görə də kənd təsərrüfatı məhsullarının logistikası ilə bağlı bütün təşəbbüslər aktualdır. Bu institutun hansı formatda olmasını özəl sektor müəyyənləşdirməlidir. Bu, adicə topdansatış üzrə platforma kimi də, birja formatında da ola bilər”.

Mərkəz rəhbəri bununla bağlı Şərqi Avropa ölkələrinin təcrübəsini öyrəndiklərini deyir:

"Təcrübə göstərir ki, aqrar məhsulların topdansatış infrastrukturu əsasən iri bazarların yaxınlığında formalaşdırıldıqda daha effektiv olur. Yəni Azərbaycanda ən böyük bazar Bakı şəhəridirsə, topdansatış infrastrukturu da onun yaxınlığında olmalıdır. Bizdə rayonlarda kiçik həcmli də olsa topdansatış infrastrukturları var. Özəl sektor maraqlı olarsa, regional infrastrukturlar da yarada bilər. Dövlətin burada dəstəyi həmişəki formada ola bilər. Bildiyiniz kimi, dövlət logistik mərkəzlərin yaradılmasına güzəştli kreditlər vasitəsilə dəstək verir. İndi də özəl sektor istəyərsə, dövlət dəstəyini əldə edə bilər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu