Azərbaycan Avropa Oyunlarına çox ciddi hazırlaşıb-Ruslan Quliyev


«Bu tədbir alternativ turizmin inkişafına təkan verəcək»

«Azərbaycanda keçirilən Birinci Avropa Oyunları ölkə turizminin inkişafı mərhələsinə qızıl hərflərlə yazılacaq». AFN.az xəbər verir ki, bunu «Millennium Tourism & Congress» şirkətinin baş direktoru Ruslan Quliyev deyib. Onun sözlərinə görə, ilk növbədə Olimpiya Oyunlarının simvolu olan məşəlin bölgələr üzrə səfər trayektoriyası Azərbaycanın turizm zonası olaraq tanıdılmasında böyük əhəmiyyət kəsb edir: «Bu oyunlar bizim beynəlxalq arenada fəaliyyətimizin məntiqi davamı olaraq götürülməlidir. İlk Avropa Oyunları bir sıra infrastruktur layihələrin turizm sahəsində reallaşmasına da əhəmiyyətli dərəcədə təsir edəcək. Belə ki, ən azından yol infrastrukturunun yenidən qurulması, əyləncə və istirahət mərkəzlərinin canlanması, idman arenalarının istifadəyə verilməsi ümumilikdə Azərbaycanda alternativ turizmin inkişafına təkan verəcək. Azərbaycan bu cür uğurlara layiqdir». Şirkət rəhbəri bildirdi ki, oyunlar keçirildiyi günlərdə bütün Avropanin ürəyi və gözü Bakıda olacaq. Belə demək mümkünsə, Bakı Avropanın «idman paytaxtı» olacaq: «İnanmıram ki, hansısa ölkədə bizim hazırladığımız səviyyədə belə bir mötəbər idman yarışı keçirilsin. Çünki ölkəmiz bu yarışlara olduqca böyük önəm verərək, ciddi hazırlaşıb. Artıq bu sahədə Azərbaycan modeli formalaşıb. Bilirsiniz ki, turizm sahəsindəki investor və sahibkarlar hər zaman bu sektorda səbir nümayiş etdirməlidir. Hər hansı turizm obyektinin açılışından dərhal sonra ona sərf edilən investisiyanı geri qaytarmaq mümkün deyil. Ancaq onu deyə bilərəm ki, bu oyunlardan sonra qısa bir vaxt ərzində ölkəyə böyük dividentlər gələcək, kapital axını olacaq». Ruslan Quliyevin fikrincə, bir neçə mötəbər tədbirin burada keçirilməsi ölkəmizdə təhlükəsizliyin tam təminatı və iqtisadi imkanların geniş olmasından xəbər verir: «Gələcəkdə də biz bu cür nüfuzlu tədbirlərin ev sahibinə çevrilə bilərik. Bir faktı da diqqətinizə çatdırım ki, əgər 10 il öncə xaricdə keçirilən turizm sərgilərində ziyarətçilər ölkəmizi təmsil edən stendlərə baxaraq, Azərbaycanın hansı geoməkanda yerləşməsində tərəddüd edirdilərsə, indi vəziyyət dəyişib. Artıq 19 ildir bu sahədə fəaliyyət göstərən biri kimi deyə bilərəm ki, ölkəmizin adı çəkiləndə hamı bizi təbəssümlə qarşılayır. Xüsusilə «Eurovision» musiqi yarışmasından sonra turizm sahəsində yeniliklər baş verib.
Hesab edirəm ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi, tarixi, iqlim müxtəlifliyi ilə bərabər, belə möhtəşəm tədbirlərə ev sahibliyi etməsi imkan verəcək ki, ölkəmizdə dünyada mövcud olan bütün alternativ turizm növləri inkişaf etsin».



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu