Müharibə əlillərinə və şəhid ailələrinə verilən təqaüdlərin artırılması hazırkı dövrdə real görünmür - ekspert


Müharibə əlillərinə və müharibədə həlak olan şəhidlərin ailələrinə, 20 Yanvar əlillərinə və şəhdilərinə təqaüdlərin (aylıq ödənilən məbləğ təqaüd adlanır) verilməsi Prezident fərmanları ilə tənzimlənir.



AFN xəbər verir ki, bunu iqtisadçı ekspert Qalib Toğrul deyib. O, qeyd edib ki, 15 aprel 2019-cu ildən həm müharibə, həm də 20 Yanvar əlillərinə təqaüdlərin verilməsi artıq vahid Fərmanla tənzimlənir: "Qeyd olunan tarixdən müharibə və 20 Yanvar əlillərinə verilən Prezident təqaüdləri aşağıdakı kimidir:
I dərəcə əlilliyi olan şəxslər – 250 manat;
II dərəcə əlilliyi olan şəxslər – 230 manat;
III dərəcə əlilliyi olan şəxslər – 210 manat.
Müharibə və 20 Yanvar əlillərinə təqaüdün verilməsi bir Fərmanla tənzimləndikdən sonra həmin sənədə belə bir bənd əlavə olundu: “bu Fərmanın 1-ci hissəsi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri – daha yüksəyi verilir”.
Bu nə deməkdir? Tutaq ki, 20 Yanvar hadisələrində əlil olmuş şəxs (hesab edək ki, II qrup) sonradan 1992-93-cü illərdə Qarabağ müharibəsində döyüşüb xəsarət aldıqdan sonra I qrup əlillik dərəcəsi alıb. Bu halda həmin şəxs həm 20 Yanvar əlili kimi, həm də Qarabağ müharibəsi əlili kimi 2 təqaüd alırdı. Lakin 2019-cu ilin aprelindən bu təqaüdlərdən yalnız birini, ən yüksəyini alır.
Şəhid ailələrinə gəlincə, 20 yanvar və Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailələrinə Prezident təqaüdünün verilməsi ayrı-ayrı fərmanlarla tənzimlənir. Hər iki səbəbdən şəhid olmuş şəxslərin ailələrinə verilən Prezident təqaüdünün məbləği 300 manatdır.
Müharibə şəhidlərinin ailələri 2019-cu il fevralın 1-dən 300 manat alırlar. Həmin məbləğ 2018-ci ildə 242 manata, 2016-cı ildə 220 manata qaldırılmışdı. Demək istədyim odur ki, bu rəqəmlər az da olsa, mütəmadi artırılır.
Qeyd etdiklərimdən əlavə, şəhid ailələrinə və müharibə əlillərinə birdəfəlik olmaqla sığorta ödənişi də edilir. Şəhidin vərəsələrinə 11 min manat, I qrup əlillərə 8800 manat, II qrup əlillərə 6600 manat, III qrup əlillərə 4400 manat sığorta ödənişi edilir".
Ekspert qeyd edib ki, 20 yanvar və müharibə əlilləri istisna olmaqla digər əlillərə verilən məbləğ artıq Prezident təqaüdü yox, müavinət adlanır və onların məbləği xeyli aşağıdır. Onun sözlərinə görə, bu ödənişlər 2019-cu ilin aprelin 1-dən aşağıdakı şəkildədir:
I qrup əlillər — 150 manat
II qrup əlillər — 130 manat
III qrup əlillər — 110 manat
Q.Toğrul müharibə əlillərinə və şəhid ailələrinə verilən aylıq təqaüdlərin 3-4 dəfə artırılmasının vacibliyi ilə bağlı təkliflərə də münasibət bildirib. Qeyd edib ki, hazırkı dövrdə bu o qədər də real görünmür: "Hər bir artım iqtisadi cəhətdən əsaslandırılır, onun mənbəyi müəyyənləşdirlir və daha sonra təqaüd dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu