Dollar zəifləyərkən neft bahalaşdı


Bu gün dolların məzənnədən düşməsi və ABŞ-da neft ehtiyatlarına dair rəsmi açıqlama intizarı neftin qiymətlərinin artımına təkan verib.



“Brent” markalı neftin fevral fyuçersləri 0,35 faiz bahalaşaraq 50,94 ABŞ dollarından, WTI markalı neftin yanvar fyuçersləri də 0,34 faiz bahalaşaraq 47,78 ABŞ dollarından satılıb.

Qeyd edək ki, ABŞ dollarının məzənnədən düşməsi nəticəsində neft də daxil olmaqla xammal məhsullarının qiyməti sabit qalmaqla başqa valyutalardan istifadə edən sərmayədarların onlara marağı artır. Belə ki, bugünkü hərraclardan ABŞ ilə əsas ticarət tərəfdaşı olan 6 ölkənin pul vahidinə qarşı dolların orta məzənnəsini əks edən indeksi 0,31 faiz azalaraq 90,18 bəndə düşüb.

Həmçinin bu gün axşam saatlarında ABŞ-dakı neft ehtiyatlarına dair rəsmi məlumat veriləcək. Ekspertlər ehtiyat həcminin 1,94 milyon barel azalacağı qənaətində olsalar da, Amerika Neft İnstitutunun (API) məlumatına görə, həmin ehtiyatlar 2 milyon barel artmalıdır.

Ekspertlərin rəyincə, bir sıra ölkələrdə koronavirusa qarşı peyvəndə başlamağın gələcəkdə neftə tələbat baxımdan müsbət hal olsa da, yaxın müddət ərzində xammal istehlakının artımı gözlənilmir. Belə ki, ABŞ və bəzi ölkələrdə yoluxma sayı hələ də yüksək həddədir.

“Tələbata gəlincə, bu baxımdan ABŞ-da ən böyük qısamüddətli təhlükə COVID-19-un cari yayılma trendi nəzərə alınmaqla benzinə tələbatın mütəmadi azalması ilə bağlıdır”, - FGE ekspertləri “Reuters”ə bildiriblər. (Report.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu