Azərbaycanda işsizliyin kriteriyaları: Ekspertdən təkliflər


"Azərbaycanda işsizliyin kriteriyaları çox çətin prosedurdur".



Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadi ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, işsiz kimi qeydiyyata düşənlər müəyyən administartiv əngəllərlə qarşılaşırlar: "Bir çox insanlar, ümumiyyətlə, qeydiyyata düşə bilmirdi. Əmək müqaviləsi olmadan qeyri-rəsmi çalışanların sayı həddindən artıq yüksəkdir. Əmək qabiliyyətli insanların sayı 5,8 milyon nəfərdir. Əmək müqaviləsi ilə işləyənlərin sayı 1,6 milyondur. Yəni, burada kifayət qədər ciddi problem var. Düzdür, bu o demək deyil ki, 4,2 milyonun hamısı işsizdir. Xeyr, bunların arasında kənd təsərrüfatında çalışanlar, fermer kimi qeydiyyata düşənlər var. Bu məsələyə də yenidən baxılmalıdır. Kimin adına torpaq sahəsi varsa, hökumət onu ailə üzvləri ilə birlikdə aqrar sahədə çalışan kimi götürür. Bu da doğru yanaşma deyil. Belə insanların sayı hər il kağız üzərində 1,600-1,800 milyon arası dəyişir. Təbii ki, Azərbaycanda bu qədər fermer yoxdur".

Natiq Cəfərli təklif edib ki, bu kriteriyalar dəyişdirilməlidir:

"Adına tək torpaq sahəsinin olması kifayət etməməlidir. Birdə VÖEN-lə çalışanlar var. Təqribən 700-800 minə yaxın insanın VÖEN-i var. Bu o demək deyil ki, hər VÖEN-i olan insan mütləq çalışır və qazanır. Elə olur ki, müəyyən problemlərə görə VÖEN açılır və sonradan çalışmır. Buna görə də rəsmən işsiz kimi qeydiyyata düşmür. Belə problemlər var. Əmək bazarında reqallaşdırılma daha sürətlə getməlidir. Yəni, qeyri-rəsmi iş yerləri reqallaşdırılmalıdır, əmək müqaviləsi mədəniyyəti daha da yüksəldilməlidir. Amma bunun üçün həm işə götürənlərin, həm götürülənin bunda stimullaşdırılması lazımdır".

Ekspert qeyd edib ki, işçi əmək müqaviləsinin bağlanmasında maraqlı olsa, o zaman bu sahədə olan problemlər aradan qalxmış olar:
"Bizdə cəza mexanizmləri var. Yəni, əmək müqaviləsi olmadan çalışanlar təsbit olunurlarsa, böyük cərimələr var. Amma tək cəza deyil, həm də təşviq mexanizmləri olmalıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu