AFN.AZ / Elman Rüstəmovla Zakir Nuriyev arasında qarşıdurma-

Elman Rüstəmovla Zakir Nuriyev arasında qarşıdurma-

Elman Rüstəmovla Zakir Nuriyev arasında qarşıdurma-



Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev Mərkəzi Bankın sədri Elman Rüstəmovun və hökumətdəki bir sıra şəxslərin qəzəbinə tuş gəlib.

Bu barədə AFN-ə hökumətdəki mənbə məlumat verib. Mənbənin sözlərinə görə, bir neçə gün öncə Bakıda ABA-nın təşkilatçılığı ilə keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) Z.Nuriyevin etdiyi çıxış narazılığa səbəb olub. Belə ki, Z.Nuriyev çıxışında “Yeni “mülayim-yumşaq” pul-kredit siyasətinə keçidə başlanılmalıdır” fikrini səsləndirib.
Onun sözlərinə görə, həyata keçiriləcək siyasətin əsasında ehtiyatlılıq, mərhələlik və eyni zamanda qeyri-monetar inflyasiyanın azaldılması durmalıdır.
“Yeni “mülayim-yumşaq” pul-kredit siyasətinə keçid ilə əlaqədar olaraq monetar və nəzarət orqanları məhdudlaşdırıcı siyasətdən stimullaşdırıcı pul-kredit siyasətinə keçməli, inflyasiyanın hədəflənməsi ilə yanaşı UDM artımına, uzunmüddətli kreditlərin aşağı faizli olmasına və manatın volatilliyinin aşağı salınmasına hədəflənməlidirlər. İnflyasiyanın artmasından ehtiyatlanmadan iqtisadiyyatın aşağı monetarizasiya şəraitindən, yavaş-yavaş pul təklifini artırmaqla geniş bazaya keçmək lazımdır. Yeni pullar isə tam həcmdə, məqsədli şəkildə, geri qaytarılan kreditlər formasında real sektora investisiyaların stimullaşdırılmasına yönəldilməlidir”, - deyə Z.Nuriyev vurğulayıb.
Maraqlıdır ki, elə həmin günlərdə baş bankir Elman Rüstəmov açıqlama verərək sərt pul-kredit siyasətinin növbəti il də davam etiriləcəyini açıqlamışdı. MB sədri bunu inflyasiya və neftin oynayan qiyməti ilə bağlamışdı: “Beynəlxalq praktikada mərkəzi banklar o vaxt pul-kredit siyasətini yumşaldır ki, inflyasiya təhlükəsi keçsin” – deyə o bildirmişdi.
Mənbəmizin sözlərinə görə, ABA sədrinin fikirləri, bir növ tələb kimi, hökumətin pul-kredit siyasətini yürüdən əsas fiqurunun arqumentlərinə etiraz kimi qəbul edildiyi üçün həmin gün mediadan yığışdırılıb: “Onun çıxışını agentliklər versələr də sonradan götürüblər. Amma bir neçə saytda hələ də qalır. Məlumata görə, Elman Rüstəmov yuxarılara Z.Nuriyevdən şikayətçi olub. Bildirib ki, onun səsləndirdiyi fikirlər bank-maliyyə sektorunda ajiotaj, qarışıqlıq yaradır. Hazırda Z.Nuriyevə münasibətin heç də yaxşı olmadığını deyə bilərəm”.
Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.
28-11-2017, 17:46
Geri qayıt