AFN.AZ / "Ələt azad iqtisadi zonası haqqında” qanun qəbul edilib

"Ələt azad iqtisadi zonası haqqında” qanun qəbul edilib

"Ələt azad iqtisadi zonası haqqında” qanun qəbul edilib


Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan "Ələt azad iqtisadi zonası haqqında" qanununun layihəsi müzakirə edilib.

AFN-in məlumatına görə, qanun layihəsi barədə Milli Məclis sədr müavini Valeh Ələsgərov məlumat verib. Bildirib ki, bu qanun Ələt azad iqtisadi zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir.

Azad Zona müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azad Zona ərazisində yaradılır. Azad Zonada Azad Zona qanunvericiliyi tətbiq edilir. Azad Zona qanunvericiliyi ilə əsas iqtisadiyyat qanunvericiliyi arasında ziddiyyət yaranarsa, Azad Zona qanunvericiliyi üstün tutulur.
Azad Zona hüquqi şəxslərinin nizamnamə kapitalının və investisiya qoyuluşunun yüz faizinin xarici hüquqi və fiziki şəxslərə məxsus olmasına məhdudiyyət qoyulmur. Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri Azad Zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar.

Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilmir. Mallar, işlər, xidmətlər Azad Zonadan əsas iqtisadiyyata ixrac edildikdə, bu cür ixrac edilmiş mallara, işlərə, xidmətlərə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

Əsas iqtisadiyyat gömrük idarəsi Azad Zonada gömrük qaydalarının tətbiq edilməsi üçün gömrük idarəsi yaradır. Gömrük idarəsi öz fəaliyyətini Azad Zonanın strateji məqsədlərinə, qabaqcıl beynəlxalq təcrübəyə və Azad Zona qanunvericiliyinə uyğun həyata keçirir.

Azad Zonada fəaliyyət göstərmək hüququ əldə etmiş Azad Zona Hüquqi Şəxslərinə hər hansı milliləşdirmə, müsadirə tədbirləri və ya özəl mülkiyyətə aid hər hansı digər məhdudiyyət tətbiq edilə bilməz.

İnvestorlar, səhmdarlar, Azad Zona rezidentləri, Azad Zona hüquqi .əxsləri Azad Zonaya investisiya qoymaq və fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək hüququna malikdirlər.

İnvestorların, səhmdarların, Azad Zona rezidentlərinin, Azad Zona hüquqi şəxslərinin və onların işçilərinin, heç bir məhdudiyyət olmadan, hər hansı xarici valyuta ilə işləməyə və əməliyyatlar aparmağa hüququ var.

Müzakirələrdən sonra qanun layihəsi I oxunuşda qəbul edilib.
13-02-2018, 16:39
Geri qayıt