AFN.AZ / Səfər Mehdiyevdən islahatçı olmaz, çünki gömrükdə əsas monopolist odur-

Səfər Mehdiyevdən islahatçı olmaz, çünki gömrükdə əsas monopolist odur-

Səfər Mehdiyevdən islahatçı olmaz, çünki gömrükdə əsas monopolist odur-


Dövlət Gömrük Komitəsinin rəhbərliyində dəyişiklik edildikdən sonra bir çoxlarında gömrük sistemində vəziyyətin yaxşılaşacağı ilə bağlı ümid yarandı. Xüsusilə idxalla məşğul olan iş adamları sevincək olsalar da, sonradan yayılan informasiyalar göstərdi ki, ciddi bir dəyişiklik olmayıb.

AFN gömrük sistemində nə dəyişməlidir və nə dəyişib sualına cavab almaq üçün iqtisadçı ekspert Nazim Bəydəmirlinin fikirlərini alıb. Onun sözlərinə görə, Azərbaycanda ən çox korrupsiyaya uğramış, idarəetmədə daha çox yerlibazlıq və regionçuluq ənənəsi saxlayan qurumlardan birincisi Dövlət Gömrük Komitəsidir: “Bu qurum haqda mətbuatda yazılar yazılıb, jurnalist araşdırmaları mövcuddur. Azərbaycan dövlət büdcəsindən yayındırmaların güzgü statistikası ilə sübutu müxtəlif ekspertlər tərəfindən reallaşdırılıb. Bu mexanizm BMT-nin idxal-ixrac əməliyyatları ilə bağlı ölkələrin statistikası əsasında işləyir. 2010-2015-ci illər araşdırmalarında Azərbaycanın BMT üzvü olan idxal-ixrac partnyorlarının təqdim etdiyi göstəricilərlə Azərbaycanın rəsmi rəqəmləri arasındakı fərqlər faktlarla sübut olunub. Faktlar isə dövlət büdcəsindən ildə bir neçə milyard dollar vəsaitin yayındırılmasından ibarət idi”.
N.Məmmədovun sözlərinə görə, əslində Gömrük Komitəsi rəhbərliyi dəyişdikdən sonra gözlənilən kadr islahatları aparılmadı: “Bəzən mətbuatda bir və ya bir neçə vəzifəli şəxsin dəyişdirilməsi islahat kimi təqdim edilir, amma bu düzgün deyil, əksinə, utancvericidir. Hamı bilirdi ki, komitənin sədri Aydın Əliyev olan zaman da monopoliyanın idarə olunması indiki sədr Səfər Meydiyev tərəfindən kurasiya olunurdu. Kimsə bir dəfə də olsa idxal-ixrac əməliyyatı aparıbsa o və onun ətrafı bu məlumatdan xəbərdar olur. Gömrükdə təbii ki, kadr islahatı sədr dəyişilənə qədər verilmiş ən doğru qərarlardan biridir. Hesab edirəm ki, cənab prezidentin gömrük statistikasının həm də vergilərlə birgə aparılması, Vergilər Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları Departamentinin yaradılması müsbət addımdır. Çünki idxaldan toplanan verginin sonradan sahibkarlar tərəfindən əvəzləşdirilməsi çox problemli idi. Gömrük orqanları öz proqnoz göstəricilərini yüksək göstərmək xatirinə verginin də statistikasını özləri aparırdılar. O baxımdan Azərbaycanda bir anormallıq var: vergi yığan bir neçə orqan var. Vergilər Nazirliyi, aksiz vergisi və idxaldan ƏDV yığan gömrük orqanları, üstəlik, əslində verginin bir növü olan sosial sığorta haqqı. Sonuncu mübahisə doğura bilər, amma bilirsiniz ki, Dövlət Sosial Müdafiə Fondu özünü maliyyələşdirən qurum olmadığı üçün bu yığımın sosial sığorta kimi tanınması düzgün deyil. Mən dəfələrlə təklif etmişəm ki, ölkədə vergiləri bir qurum yığmalıdır: Vergilər Nazirliyi. Gömrük Komitəsi komitə kimi yox, bir departament kimi Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərsəydi, daha məntiqli olardı. Bu, həm dediyim kimi, idxal əməliyyatlarında vergilərin vahid mərkəzdən toplanmasının idarə olunması baxımından, həm də sahibkarların işinin asanlaşdırılması baxımından çox vacib olardı. Həm də gömrükdə həqiqi islahatlar aparılmış olardı. Eyni insanların, illərdir gömrükdə monopoliya yaratmış eyni təfəkkür sahiblərinin, müxtəlif böyük vəsaitləri dövlət büdcəsindən yayındırmış şəxslərin birdən-birə dönüb islahatçı olmalarını mən təsəvvür edə bilmirəm. Bu vəziyyət davam etdikcə mən Azərbaycan iqtisadiyyatında xarici ticarət əlaqələrində kifayət qədər dönüş olacağına ümid etmirəm”.
N.Bəydənirlinin fikrincə, bir sahədə islahat aparmaqla digər sahələrdə vəziyyətin eyni qalması ilə inkişafın təmin olunacağını düşünmək sadəlövhlükdür: “Mən hesab edirəm ki, ölkə iqtisadiyyatında köklü islahatlar dedikdə məmur sahibkarlığının, monopoliyanın ləğvi, həqiqətən də real sahibkarlığa dövlət dəstəyinin reallaşdırılması, daha çox iqtisadi fəaliyyəti dəstəkləməklə daha çox yeni iş yerlərinin açılmağını stimullaşdırmaq lazımdır. Çox təəssüf edirəm ki, bəzən bu işlər kampaniyaçılıq xarakteri daşıyır və Gömrük Komitəsi də başda olmaqla müxtəlif bu tip statistikaların, rəqəmlərin verilməsi Azərbaycan iqtisadiyyatının real vəziyyətini əks etdirmir. Hökumət sözün əsl mənasında məmur sahibkarlığından, monopoliyadan imtina etməlidir, vətəndaşların, sahibkarların daha çox vəsait qazanmalarına, daha çox gəlir götürmələrinə, adekvat olaraq da daha çox vergi ödəmələrinə təşəbbüskar olmalı, buna şərait yaratmalıdır. Belə olsa nəinki gömrükdə, bütün sahələrdə vəziyyət düzələcək. Təəssüf edirəm ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi təqribən ÜDM-in 80 faizi civarındadır.
Gürcüstanda vaxtilə aparılmış yuxarıda sadaladığım islahatlar, dövlət məmurlarının iş səmərəliliyinin artırılması, bacarıqlı kadrların idarəetməyə gətirilməsi bu ölkənin daxil olduğu kölgə iqtisadiyyatı ən yüksək olan 3 ölkə siyahısından çıxaraq ən şəffaf ölkələr sırasında ilk onluğa düşməsinə səbəb oldu. Təkcə bu fakt islahatlar aparılan qonşu ölkəylə bizim fərqimizi izah edir”.

HƏBİBƏ


12-09-2018, 13:14
Geri qayıt