AFN.AZ / Bahalaşmaya qarşı mübarizə başlayır

Bahalaşmaya qarşı mübarizə başlayır

Bahalaşmaya qarşı mübarizə başlayır


Ölkədə süni qiymət artımına rəvac verən amillərin aradan qaldırılması ilə bağlı müxtəlif zamanlarda ən yüksək səviyyədə xəbərdarlıqlar edilib, tapşırıqlar, tövsiyələr verilib.

Ancaq hələ də bu sahədə vəziyyət kökündən dəyişməyib. Bunu iyulun 31-də Azərbaycan Respublikası Prezidenti yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirə zamanı İlham Əliyev də deyib. Ölkə başçısı bildirib ki, inflyasiyanın aşağı səviyyədə olmasına baxmayaraq, bəzi hallarda süni qiymət artımı da müşahidə olunur:

"Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır”.

Məlumdur ki, bazarlarda qiymətlər azad rəqabət mühitində formalaşmır, bir çox hallarda monopolistlər tərəfindən diktə olunur. Bazarda rəqabət olmadığı halda isə, qiymət siyasətini inzibati qaydada aparmaq üçün münbit zamin yaranır. Bundan da inhisarçılar ən yüksək səviyyədə istifadəyə cəhd edirlər. Bu da ölkənin ümumi iqtisadi mənzərəsinə ciddi şəkildə təsir göstərir. Bununla mübarizə yolları, inhisarçılığın qarşısını almaq, bazarda rəqabətli mühitin yaradılması üçün görüləcək işlər daim müzakirə mövzusu olur.

İqtisadçı-alim Fuad İbrahimov "Cümhuriyət” qəzetinə şərhində monopoliyanın qarşısını almaq üçün kifayət qədər alətin olduğunu deyib: "Amma o alətlərin tətbiqi zamanı, ölkənin geoiqtisadi mövqeyindən siyasi baxışlarına qədər digər spesifiq amillər şərtləndirici rol oynayır. Məsələn, anti-inhisar tədbirlərini Bakıda, Parisdə, Romada eyni şəkildə qurmaq mümkün deyil. Çünki yerli mental baxışlar, kök, din, soy və digər milli məsələlər nəzərə alınmalıdır. Amma bütün bunlarla yanaşı, həm də şərtləndirici və təsiredici alətlər var ki, onun kökü eynidir. Bu, bizdə də tətbiq olunmalıdır. Məsələn, illər boyu Azərbaycanda avtomobillə nə piyadaya yol verən olub, nə də təhlükəsizlik kəmərindən istifadə edən var idi. Kəmərdən istifadəyə edənlərə bəzən, hətta yuxarıdan aşağı baxırdılar. İndi isə cərimə sanksiyaları tətbiq olunduğu üçün hər kəs təhlükəsizlik kəmərindən istifadə edir. İqtisadiyyat özü də insan münasibətlərindən qaynaqlanan elmdir. İllərdir ki, Azərbaycanda Antiinhisar Komitəsinin, departamenti, xidməti olub. Ancaq bunların işindən ifşaedici, təsiredici, maarifləndirici nə televizyada bir çarxını, nə də əməli işini görən olub”.

F.İbrahimovun sözlərinə görə, aidiyyatı qurumlar öz işlərini görmür: "Heç vaxt eşitməmişik ki, Antiinhisar Komitəsi tərəfindən böyük bir şəbəkə müəyyənləşib, infşa edilib, cinayət məsuliyyətə cəlb olunub və cəzalandırılıb. Müstəqillik dövrümüzdə bir dənə də belə qlobal fakt yoxdur, amma biz bu problemdən əziyyət çəkirik. Bu məsələni işıqlandıran sizin kimi jurnalistlərdir, bir də prezident iclaslarda bu haqda danışır. Bu nəzarəti adı müxtəlif illərdə dəyişən departament, xidmət və ya komitə həyata keçirməlidir. Onlar daxili təlimatlarına uyğun, dövlət tərəfindən verilən səlahiyyətləri çərçivəsində öz işlərinin heç olmasa, 20 faizini görsələr, təsirli addımlar göz qabağında olacaq. Yeganə həll mexanizmi buradadır”.

Rəqabət Məcəlləsinin hələ də qəbul olunmamasına toxunan F.İbrahimovun fikrincə, indiki halda inhisarçılığa qarşı mübarizə ilə qanunun qəbulu eyni vaxtda aparılmasa, effekt olmayacaq: "Bu gün inhisarçılığa qarşı mübarizə sivil, elmi qaydada aparılmasa, Rəqabət Məcəlləsinin qəbul olunmasının effektivliyi itəcək. Çünki hər iki anlayış bir-birinə zəncirvari bağlıdır. Bu iki məqam makroiqtisadiyyatın əsas alətləridir ki, sonra makroiqtisadiyyatın inkişafına səbəb olur. Əlbəttə, bu məcəllə qəbul olunmalıdır. Amma onun qəbul olunması ilə bərabər inhisarçılıqla mübarizə də aparılmalıdır. Proses bir-birindən ayrı gedərsə, effekt verə bilməz. Təsəvvür edək ki, inhisarçılıqla mübarizə aparılır, amma rəabət haqqında heç bir anlayış yoxdur, ya da əksinə, Rəqabət Məcəlləsi qəbul olunur, ancaq inhisarçılıq vüsət alır”.
4-08-2019, 18:00
Geri qayıt