Lamiyə Quliyevanın bəraət məsələsinə aydınlıq gətirildi


“Lamiyə Quliyeva hazırda həbsdədir”.

Bunu APA-ya açıqlamasında məhbus Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev deyib. F. Mehdiyev bildirib ki, Lamiyə Quliyeva barəsində 3 cinayət işi olub: “Həmin cinayət işlərindən biri qətllə bağlıdır. 2003-cü ildə qətldə təqsirləndirilərək 10 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci ildə Lamiyə Quliyevaya cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsində Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə yeni cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar olaraq Lamiyə Quliyevanın barəsində 10 ildən əlavə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 2013-cü ildə Lamiyə Quliyeva barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə üçüncü dəfə cinayət işi başlanılıb. Bu cinayət işi onunla bağlı olub ki, guya Lamiyə Quliyeva məhkumlardan birindən hədə-qorxu ilə pul tələb edib. Həmin məhkumun ifadəsi əsasında başlanılan cinayət işinə Xətai Rayon Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baxılıb. Lakin hakim həmin cinayət işini rədd eləyib. Bundan sonra prokuror apellyasiya protesti verib. Apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılıb. Hakim Xətai rayon Məhkəməsinin hökmünü ləğv edərək, Lamiyə Quliyeva barəsində yeni hökm çıxardı. Beləliklə onun əvvəlki cəzaları toplanmaqla qəti olaraq 6 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Biz də həmin hökmdən kassasiya şikayəti verdik. 2014-cü ilin oktyabr ayında Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə bizim verdiyimiz kassasiya şikayətinə baxaraq məhkəmə üçüncü cinayət işi ilə bağlı hissədə bəraət hökmü çıxardı. Yəni Bakı Apellyasiya Məhkəməsinin hökmünü ləğv elədi. Həmin qərarın isə bundan əvvəl təyin olunmuş cəzaya, yəni 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə olan hissəsinə adiyyatı yoxdur”.

Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən L. Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci ildə isə L. Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.

Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.

Onu da qeyd edək ki, L. Quliyeva bir müddət əvvəl ana olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu