ŞOK: İki general korrupsiyaya görə işdən azad edildi


Azərbaycan prezidenti İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Litseyin rəisi, general-mayor Mirzə Almasovu və Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi, general-mayor, Milli Qəhrəman Fəxrəddin Cəbrayılovu vəzifədən azad edib.

Bu barədə virtualaz.org saytına Müdafiə Nazirliyi sistemindəki mənbələrdən məlum olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə məlumat nə təsdiq, nə də təkzib olunmayıb. Nazirlikdən virtualaz.org saytına yalnız onu bildiriblər ki, mətbuat Müdafiə Nazirliyi sistemindəki kadr dəyişiklikləri barədə məlumatlandırılacaq.

Yüksək rütbəli iki generalın vəzifəsindən kənarlaşdırıldığını hərbi ekspert Üzeyir Cəfərov da təqsdiqləyib. O, bu haqda öz facebook hesabında məlumat paylaşıb.

Generalların Müdafiə Nazirliyi sistemindəki korrupsiya qalmaqallarına görə etibarlarını itirdikləri və işdən azad olunduqları bildirilir.

Belə ki, iyulun 28-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının üç yüksək vəzifəli əməkdaşını həbs edib. Zabitlər korrupsiyada və rüşvət almaqda ittiham olunur.

Şübhə yoxdur ki, general Fəxrəddin Cəbrayılovun işdən azad edilməsi də onun başçılıq etdiyi idarədə aşkar olunan korrupsiya faktları ilə əlaqəlidir.

Fəxrəddin Cəbrayılov 2013-cü ildə Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra polkovnik rütbəsində ehtiyatdan orduya çağırılıb və Müdafiə Nazirliyi sistemində korrupsiya, digər qanunsuz əməllərin qarşısını almalı olan Baş Hərbi İnspeksiyaya rəis təyin edilib. Belə görünürdü ki, Milli Qəhrəmanın yenidən orduya çağırılması və Baş Hərbi İnspeksiyanın rəisi təyin edilməsi Səfər Əbiyevin dövründə orduda kök salmış korrupsiyaya qarşı mübarizə üçün ona xüsusi etimadın göstərilməsi ilə bağlı idi.

Lakin Cəbrayılov etimadı doğrultmayıb və onun başçılıq etdiyi idarədə korrupsiya, rüşvət əməlləri aşkar olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu