“Natiq Əlibayramlinski”nin meyiti bu gün ailəsinə veriləcək


Xəbər verdiyimiz kimi, fevralın 10-na keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərinin Parkovaya küçəsi, 15-də yerləşən və azərbaycanlılara məxsus olan “Abşeron” kafesində atışma baş verib.

Məlumata görə, kafedə “Lotu Quli” (Nadir Səlifov) tərəfdarları ilə əslən Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən olan “Dato Ağcabədinski” ləqəbli Cavid Məmmədovun rəhbərlik etdiyi qruplaşma arasında silahlı toqquşma olub. Nəticədə “Dato Ağcabədinski” və onun yaxın adamı olan “Natiq Əlibayramlinski” qətlə yetirilib. Onları “Lotu Quli”nin əslən Gəncədən olan adamları güllələyib.

Şirvan Şəhər Polis İdarəsindən “Natiq Əlibayramlinski”nin qətlə yetirilməsini təsdiqləyiblər.

Virtualaz.org saytının müxbiri bu qanlı hadisə ilə bağlı yeni məlumatlar əldə edib. 39 yaşlı “Natiq Əlibayramlinski” (Kərimov Natiq Adil oğlu) Şirvan şəhərinin Çılpaqlı qəsəbə sakini olub. Rusiyaya 15 il əvvəl çörəkpulu dalınca yollanıb. Qardaşı Rafiq də Rusiya vətəndaşıdır, orada taksi sürücüsü kimi çalışır.

Mərhum Natiq Kərimov 2004-cü ildə Moskvada quldurluq ittihamı ilə həbs olunub, 9 il sonra - 2013-cü ildə azadlığı çıxıb. Elə o vaxtdan da Rusiyanın kriminal aləmində nüfuz sahibi kimi tanınıb. O, həbsxanadan çıxandan sonra ailə həyatı da qurub, bir azyaşlı övladı var.

Qardaşı Rafiq Kərimovun həmkəndlilərinə telefonla bildirdiyinə görə, o, cinayət işinin araşdırılmasından narazıdır. Çünki həm ölənlər, həm də öldürənlər azərbaycanlı olduğundan Rusiyanın hüquq-mühafizə orqanları işə açıq-aşkar biganə yanaşırlar. Belə ki, kafedəki qanlı olay müşahidə kameralarına düşsə də müstəntiq Rafiq Kərimova bildirib ki, görüntülər aydın olmadığından qatili (və ya qatilləri ) müəyyən etmək mümkün deyil.

Rafiq Kərimovun dediyinə görə, gülləboranda yaralanmış üçüncü şəxsin də kimliyi və yeri məlum deyil. Çünki o, xəstəxanadan naməlum şəraitdə qaçırılıb.

“Natiq Əlibayramlinski”nin meyitinin dəfn olunmaq üçün bu gün qardaşına təhvil veriləcəyi gözlənilir. Cənazə yaxın günlərdə Azərbaycana gətiriləcək. Artıq mərhumun ata yurdu olan Çılpaqlıda dəfnə hazırlıq da görülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu