“Kişi evə başqa qadın gətirib, arvadına deyib ki...”


“Son aylar ailədaxili zorakılıqla bağlı müraciətlər artıb. Bu ilin 6 ayında müraciət edənlərin 95-i həyat yoldaşı tərəfindən zorakılığa məruz qalıb. Təəssüf ki, ailə münaqişəsi zamanı qadınlara fiziki xəsarət yetirilməsi faktları da artır”.

Bunu virtualaz.org saytına açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım Təşkilatının sədri Mehriban Zeynalova deyib.

M.Zeynalovanın sözlərinə görə, təkcə ötən gecə həyat yoldaşı tərəfindən döyüldüyü üçün evdən qaçan iki qadın təşkilatın nəzdindəki sığınacağa yerləşdirilib: “Qadınlardan biri 1980-cı il təvəllüdlüdür. 13 və 15 yaşlı iki oğlu var. Həyat yoldaşı evə ikinci qadın gətirib və ailəsini o qadınla birgə yaşamağa məcbur edib. Qadının sözlərinə görə, həyat yoldaşı tərəfindən günlərlə döyülüb. Kişi evinə gətirdiyi qadınların qarşısında onu alçaldıb, digər qadınlara qulluqçu olmağa məcbur edib.

Sığınacağa yerləşdirilən digər qadının isə 32 yaşı var. Bir uşaq anası olan qadın mütəmadi olaraq döyülüb, təhqir edilib. Həyat yoldaşı onu evdə dustaq kimi saxlayıb”.

Hüquq müdafiəçisi dedi ki, ailə zorakılığının bir forması da iqtisadi asılılıqdır: “Qadınlar həyat yoldaşlarından maddi cəhətdən asılı olduqlarına görə bütün zorakılığa dözmək məcburiyyətində qalırlar. Buna görə də sığınacaqda məskunlaşan qadınlara psixoloji reabilitasiyadan sonra işlə təmin olunmasına yardım etməyə çalışırıq. Məsələn, 7 qadının işlə təminatına kömək etmişik”.

Amma ailələrin dağılmasına təkcə maddi problemlər də səbəb olmur.

M.Zeynalova deyir ki, qadın hüquqları ilə bağlı yanlış təbliğat, uşaqların ailəyə hazırlanmaması, təsadüfi tanışlıqlar cütlüklərin ayrılması ilə nəticələnir: “Sığınacaqdakı qadınlarla iş aparılır. Onların həyat yoldaşlarına da psixoloji yardım göstərilir. Bu il boşanmaq ərəfəsində olan 2 ailəni barışdırmışıq. Hər iki cütlük ailə həyatına hazır olmayıb. Buna görə də uşaqların yeniyetmə dövründən ailə həyatına hazırlanmasına ehtiyac var”.

Qeyd edək ki, son il yarımda açılması təmin edilmiş qəsdən adam öldürmə və ona cəhdlərin 54,2 faizi, həmçinin qəsdən sağlamlığa ağır və az ağır zərər vurmaların 70,4 faizi ailə münaqişəsi zəminində törədilib.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu