Gəlin baldızını döyüb dəlixanaya salmaq istədi


Qardaşının həyat yoldaşı tərəfindən mütəmadi olaraq döyülən qadın “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacaq evinə yerləşdirilib.

Bu barədə virtualaz.org saytına təşkilatın rəhbəri Mehriban Zeynalova məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, Bakıya Səmkirdən gələn 1975-ci il təvəllüdlü qadın qardaşı arvadının təzyiqlərinə məruz qalıb: “Ailə həyatı qurmadığından anası və qardaşının ailəsi ilə birgə yaşayır. Lakin hər gün döyülüb, təhqir edilib. Bu qadını hətta qardaşı arvadının bacısı və qardaşı oğlanları da döyüb. Sonra isə onu ruhi əsəb xəstəxanasına yerləşdirmək istəyiblər”.

M.Zeynalova deyir ki, dəlixanaya getməkdən qorxan qadın evdən qaçıb: “Onda ruhi-əsəb xəstəliklərinin əlamətləri müşahidə edilmir. Şikayət ərizəsini özü yazıb, başına gələnləri özü danışır. Ailəsi isə onun dəli olduğunu deyir. Qadın güclü sarsıntı keçirib. Anası isə yaşlı olduğundan qızını müdafiə edə bilmir. Ailəsi o qadına sahib çıxmadığından hələlik sığınacaqda yaşayacaq”.

M.Zeynalova qadınlara qarşı zorakılıq faktlarının son zamanlar artdığını da qeyd etdi: “Sığınacağa Gəncədən də bir qadın gəlib. Həyat yoldaşı döyəndən sonra evdən qovub. Qadının bədənində döyülmənin izləri var. Uşaqları ilə birgə sığınacağa yerləşdirmişik. Hüquqşünas qadının həyat yoldaşından boşanması üçün sənədləri məhkəməyə təqdim edəcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu