“Axı bu dələduza necə inanmısan...”


Dünən Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirildi.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi məlumata görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin sərbəst ifadələri dinlənildi.

Öncə vəkil Kamandar Nəsibov şahid qismində ifadə verdi. Şahid ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədi, daha sonra prokurorun, vəkillərin və hakimin suallarını cavablandırdı.

“Həsən Əliyevin əyri işlərlə işi olmayıb”

K.Nəsibov sərbəst ifadəsində sabiq hakim Həsən Əliyevlə 33 ildir ki, yaxın dost olduqlarını, bu iş üzrə hansı səbəbə görə dindirilməsi indiyə qədər ona qaranlıq qaldığını dedi: “24 ilin vəkiliyəm. Başa düşə bilmirəm ki, məni niyə şahid qismində dindiriblər. Yəqin ona görə ki, müdafiəçi qismində çıxış edə bilməyim.

2013-cü ilin may ayında Həsən Əliyev rəhmətə getmiş yaxın qohumunun böyük məbləğdə borcu qaldığından 300 min manat kredit götürmək niyyətində olduğunu dedi. Bu işdə ona kömək etməyimi xahiş etdi. Neçə ilin dostuyuq. Ona görə də yaşadığım evi müvəqqəti olaraq kredit götürüləcək banka girov qoymağa razılaşdım, oxumadım, imza atdım. Çünki ona etibar edirəm. Həsənin heç zaman əyri işlərlə işi olmayıb. Ola da bilməz”.

“Dedim ödəniş et, onsuz da məhkəmədə hər şeyin üstü açılacaq”

K.Nəsibov baş verənlərdən yalnız mətbuat vasitəsilə xəbər tutduğunu bildirdi: “Bu məsələ mətbuata çıxmayana qədər mənim heç nədən xəbərim olmayıb. Mətbuatda oxuyandan sonra Həsəndən soruşdum ki, bu nə məsələdir. Dedi ki, sənə deməyə utandım. Sonra əhvalatı danışdı. Ona dedim ki, axı sən bu dələduza necə inanmısan. İstintaq zamanı cinayət işində zərərçəkən kimi keçən şəxsin (Ramazan Səlimovu nəzərdə tutur-red.) özünün barəsində məlumat toplamayıblar. Onun göstərdiyi faktların hamısı başdan-ayağa yalandır. Bu şəxsin özünün kifayət qədər dələduzluq əməlləri var. Bu faktlar hamısı ətraflı şəkildə araşırılmalıdır. Hələ də təəccüblənirəm ki, necə də aldada bilib.

Həsən Əliyev

Həsən çıxılmaz vəziyyətdə qalmışdı. Məcbur olub oğlunun, qaynının evini satmışdı. Çünki məbləğ ödənilməsəydi, barəsində həbs-qətimkan tədbiri seçiləcəkdi.

Həsənə dedim ki, ödəniş et, onsuz da məhkəmədə bunların hamısının üstü açılacaq, hər şey bilinəcək”.

Dövlət ittihamçısı:

-Kredit məsələsi ilə bağlı cinayət işi ayrılıb. Həmin pul nə məqsədlə götürülmüşdü?

Kamandar Nəsibov:

-Dedi lazımdır, soruşmadım, dostumdur, imza atdım.

Dövlət ittihamçısı:

-Zərərçəkmiş sərbəst ifadəsində göstərib ki, 3 iyul, 2014-cü il tarixdə siz də Ağır Cinayətlərə Dair lşlər üzrə İstintaq İdarəsində olmusunuz. Siz həmin gün orada olmusunuzmu?

K.Nəsibov:

-Öz işlərimlə bağlı mən orada tez-tez oluram.

Dövlət ittihamçısı:

-Həsən Əliyevin işi ilə bağlı həmin gün ora getmisinizmi?

K.Nəsibov:

-Yox. Həsən Əliyevin işi ilə bağlı getməmişəm.

Dövlət ittihamçısı:

-Həsən Əliyev sizə məbləği göstərdimi?

K.Nəsibov:

-Yox. Dedi ki, 360 min manat düzəlir. Sonra oğlu dedi ki, atam evimizi də satır. Dedim ki, eybi yox, canından artıq deyil ki...

“Müstəntiq İbrahim Ləmbəranski təsdiqləyə bilər”

Dövlət ittihamçısı:

-Sonra nə eşitdiniz?

K.Nəsibov:

-Həsən dedi ki, pulu Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin qarşısında Ramazana verdim.

Dövlət ittihamçısı:

-Məhz pul verilən gün siz orada olmusunuzmu?

K.Nəsibov:

-Xeyr, mən ümumiyyətlə həmin gün ora getməmişəm.

Ramazan Səlimov

Dövlət ittihamçısı şahidə və zərərçəkmişə çarpaz suallar verdi. R.Səlimov dövlət ittihamçısının suallarını cavablandırarkən həmin gün K.Nəsibovu orada gördüyünü dedi:

-Mən 16-cı otağa gəldim, bir saata kimi gözlədim. Müstəntiq İbrahim Ləmbəranski zəng vurandan sonra Kamandar Nəsibov gəldi. Bizi müstəntiq tanış etdi. Kamandar Nəsibov mənim adımdan yazdığı ərizələri gətirmişdi. Mən ərizəyə bəzi əlavələr etdim. Amma ərizə rəhbərlik tərəfindən qəbul olunmadı. Sonra Kamandar dedi ki, pul da, sənə dəymiş ziyan da hazırdır. Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun və baş prokuror Zakir Qaralovun adına ərizə yazdım. Kamandar gedəndən sonra İbrahim Ləmbəranski seyfi açıb mənə 50 min manat verdi, qalanını isə sabah verəcəyini dedi. İbrahim Ləmbəranski özü də təsdiqləyə bilər...

K.Nəsibov:

-Tamamilə yalandır. Bu necə ola bilər? Vəkil prokurorluğa diqtə edir? Növbəti yalanlarından biridir. Baş Prokurorluqda mənim sözümlə oturub-durmurlar. Bir az inandırıcı danışın.

R.Səlimov:

-Müstəntiq İbrahim Ləmbəranskini məhkəməyə dəvət edin.

K.Nəsibov:

-Mən İbrahim Ləmbəranskini normal, səviyyəli müstəntiq kimi tanıyıram.

Vəkil Sadiq Rəsulov:

-Siz Ramazan Səlimovu tanıyırsınızmı? Münasibətiniz olubmu?

K.Nəsibov:

-Xeyr. Tanımamışam.

Vəkil S.Rəsulov:

-Ramazan Səlimov məhkəməyə verdiyi ifadəsində göstərib ki, Elman Məmmədova 1 milyon manat göstərdiyi bağın sənədləri sizin adınıza rəsmiləşdirilib. Bu doğrudurmu?

K.Nəsibov:

-Yalandır. Əgər elədirsə, onda versin istifadə edim.

Vəkil:

-Məhkəmədə soruşdum ki, həmin bağ kimin adınadır. Cavabında Kamandar Nəsibova məxsus olduğunu dedi.

R.Səlimov belə bir şey olmadığını bildirdi.

Həsən Əliyev:

-Hirslənmişdi. Ona görə elə dedi.

“Biz məhkəməyə müraciət edəndə cinayət işi başlanmamışdı”

Hakim Mübariz Məmmədov:

-Pul vermə məsələsi necə həll olundu?

K.Nəsibov:

-Həsənə dedim ki, sən mütləq ödə, yoxsa səni tutarlar. O məşhur lətifədə deyilən kimi əvvəl kəsir, sonra sayırlar...

Hakim M.Məmmədov:

-Sizə polisdən demişdilər ki, pulu ödəsin?

K.Nəsibov:

-Yox, bir dəfə soruşdum, İbrahim Ləmbəranski dedi ki, mütləq ödənmə olmalıdır. Ona görə Həsənə dedim ki, get hardan tapırsan tap. Əvvəl 50 min manat verə biləcəyini dedi. Dedim ki, 50 min manata düzələn deyil. Sonra dedi ki, düzəltmişəm. İşdə olan borc müqaviləsinin etibarsız sayılması ilə bağlı Abşeron Rayon Məhkəməsində mülki qaydada iddia qaldırmışıq. Amma məhkəmə bu işlə bağlı hələlik dayandırılıb.

Hakim M.Məmmədov:

-Bunu cinayət işi başlanana qədər etmək lazım idi.

K.Nəsibov:

-Biz məhkəməyə müraciət edəndə cinayət işi hələ başlanmamışdı.

Hakim M.Məmmədov:

-Pulun verilmə prosesi necə olub?

K.Nəsibov:

-Həsən dedi ki, pulu Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin qarşısında verəcəm. Çünki müstəntiq deyib ki, gedin kənarda həll edin. Məsələ həll olunandan sonra Ramazan dəymiş zərərin ödənilməsi ilə bağlı imza atıb.

Hakim M.Məmmədov:

-Ərizədə nə yazılmışdı?

R.Səlimov:

-Ərizə məsələnin mülki yolla həll olunmasına dair idi. Sonda yazılmışdı ki, 300 min manat ödədi, qalan 300 min notarial qaydada ödəniləcək. O ərizənin bir nüsxəsi məndə var.

Hakim M.Məmmədov:

-Kamandar Nəsibov orada nə rol oynayır ki, orada?

R.Səlimov:

-Ərizə beş nüsxə idi. Ərizələri Kamandar Nəsibov gətirmişdi.

Hakim M.Məmmədov:

-Pulu kimin gətirdiyi sizə məlum idimi?

R.Səlimov:

-Mən pulu seyfdə gördüm. Həsən Əliyevlə idarənin qabağında görüşməmişəm.

Dövlət ittihamçısı:

-Həsən müəllim, siz 250 min manatı ödədikdən sonra 350 mini hissə-hissə ödədiniz, yoxsa bütöv şəkildə?

Həsən Əliyev:

-Bütöv şəkildə. Əvvəl istəyirdim ki, 50 min manat verim, bitsin bu məsələ. Almamışdım axı, niyə verməli idim ki?! Amma Kamandar dedi ki, əgər ödəniş olmasa, həbs olunma ehtimalı var. İyulun 3-də 350 min manatı Ramazana verdim. O da axşamçağı gəlib ziyanın ödənilməsi ilə bağlı ərizə yazıb.

Hakim M.Məmmədov:

-Axı bir dəfə başınıza iş gəldi. Niyə idarənin qabağında o qədər pulu verirdiniz?

K.Nəsibov:

-Onlar yaxın durmadı ki, kənarda həll edin. Ramazan özü də yazıb ki, ziyan ödənilib.

“Həsən Əliyevə qarşı yazılanlar mülahizədir”

Hakim M.Məmmədov:

-Niyə istintaqın iştirakı ilə olmayıb?

K.Nəsibov:

-Bu adam o pulu almasaydı, elə məzmunlu ərizə yazmazdı.

Dövlət ittihamçısı:

-Bu, sizin mülahizədir.

K.Nəsibov:

-Həsən Əliyevə qarşı yazılanlar da hamısı mülahizədir.

Ramazan Səlimov

Daha sonra Azər Orucov şahid qismində sərbəst ifadə verdi. O da ibtidai istintaqa verdiyi ilkin ifadəsini təsdiqlədi.

Bundan sonra günün ikinci yarısında başlayan məhkəmə prosesi başa çatdı. Növbəti proses yanvarın 26-na təyin edildi. Növbəti prosesdə Ramazan Səlimovun həyat yoldaşı və “Azərsu” ASC-nin əməkdaşı ifadə verəcəklər.

Xatırladaq ki, ötən məhkəmə iclasında şahid qismində ARDNŞ-in Geofizika və Geologiya İdarəsinin müavini Ziyad Cəlilov, Nərimanov Rayon Polis İdarəsi (RPİ) 16-cı polis bölməsinin təhqiqatçısı Şövqü İsmayılov və adıçəkilən bölmənin əməliyyat müvəkkili Məhərrəm Həsənov sərbəst ifadə vermişdilər.

Qeyd edək ki, 2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ötən ilin fevral ayında xitam verilib.

Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Buna səbəb Ramazan Səlimov adlı şəxsin iddiası olub. R.Səlimov iddia edib ki, sabiq hakim ondan vəzifəyə düzəltmək vədi ilə 600 min manat pul alaraq qaytarmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu