Toyundan bir həftə sonra itkin düşən qızın yaxınları: "Sonuncu dəfə..."


“Bütün şəhər, bütün vilayət ayaq üstədir. Hər yerə şəkillərini yapışdırmışıq. Dayanacaqlara, metro vaqonlarına, kafe və restoranlara, binalara, amma hələ bir xəbər yoxdur. 6 gündür yoxa çıxıb”.

Bunu Lent.az-ın əməkdaşıyla söhbətində Sankt-Peterburqda itkin düşmüş soydaşımız 23 yaşlı Gülnarə Sücaət qızı Vəliyevanın rəfiqəsi Elmira bildirib. Xatırladaq ki, bu il aprelin 22-də Gülnarə Vəliyeva həkimə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Hadisədən bir həftə əvvəl isə onun Sankt-Peterburqda yaşayan Samir adlı oğlanla toyu olub.

Elmiranın dediyinə görə, rəfiqəsini sonuncu dəfə ötən cümə günü Peterburqun Marşal Jukov küçəsinin Lenin prospekti ilə kəsişməsində görüblər. Həmin yerdə Gülnarə tələbə yoldaşı Elmira ilə görüşüb dərsə getməliymişlər. Yeri gəlmişkən, bəzi sosial şəbəkələrdə və informasiya resurslarında yazıldığı kimi, 23 yaşlı Gülnarə evdar qadın olmayıb. O, Sankt-Peterburq Tibb-Sosial İnstitutunun tələbəsiymiş.

Elmiranın dediyinə görə, həmin gün o, dəfələrlə Gülnarəyə zəng etsə də, ona zəng çatmayıb. Daha sonra onun həyat yoldaşı Samirlə əlaqə saxlayıb. Samir isə ona bildirib ki, Gülnarə günorta həkimə getmək adıyla evdən çıxıb.

Valideynləri isə Gülnarənin itkin düşməsini onun rəfiqələrindən öyrəniblər. Elmiranın dediyinə görə, Samir gecə saat 11-dək həyat yoldaşını gözləyib. Gecə düşəndə həyat yoldaşının yoxa çıxmasıyla bağlı onun valideynlərinə məlumat verib. Gülnarənin atası Sücaət və anası dərhal Kirov rayon Polis idarəsinə gələrək, qızlarının itkin düşməsi barədə ərizə veriblər.

Elmira Lent.az-ı açıqlamasında onu da bildirdi ki, Gülnarə ərə gedəndən sonra daha da pozitiv olmuşdu. “Özünü xoşbəxt hiss edirdi. Ailə həyatından da razıydı. Gələcək planları barədə danışırdı. Biz özümüz də şokdayıq, axı hara yoxa çıxa bilər bu qız?

Gülnarənin atası Sücaətin dediyinə görə, axşam kürəkəni Samir ona zəng edib. Və bildirib ki, Gülnarə yoxa çıxıb. “Biz bir yerdə polisə gəldik və artıq neçə gündür ki, onu axtarırıq”.

Sücaət Vəliyev onu da bildirib ki, artıq müstəntiqlər qızının evində olublar. “Onlar evi axtardılar. Samirin mobil telefonunu da götürdülər. Hamı polis, tələbə yoldaşları, bizi tanıyanlar əlimiz hara gəldi atırıq, təki qız tapılsın!”

Lent.az-ın əməkdaşı Sankt-Peterburq şəhəri Kirov rayonu Polis İdarəsiylə də əlaqə saxlayıb. İdarədən bildirilib ki, hazırda Gülnarənin axtarışı gedir. “Əlavə heç bir məlumat verilməyəcək”.

Sonda onu da qeyd edək ki, Gülnarə Vəliyevanın itkin düşməsiylə bağlı Rusiya Cinayət məcəlləsinin 105-ci maddəsi (qətl) ilə cinayət işi başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu