Keçmiş MTN-in həbs etdiyi Mehdiyev qardaşlarının işinə yenidən baxılacaq


Bakı Apellyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və qaçaqmalçılıqda ittiham olunan Zaur və Aftandil Mehdiyev qardaşlarının, Namiq Həsənov və Rauf Mirzəyevin apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, məhkəmə prosesinə hakim Mirzəli Abbasov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası mayın 16-a təyin edilib.

Xatırladaq ki, təqsirləndirilən şəxslər 17 dekabr 2014-cü ildə keçmiş MTN tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunublar.

Onların yaşadığı mənzillərə baxış keçirilib. Baxış zamanı 2 ədəd “Makarov” tipli tapança, 33 ədəd patron, 2 ədəd tapança sandıqçası, 1 ədəd “Naqan” tipli revolver tapança və ona aid 5 ədəd patron, habelə 2 kiloqram 500 qramdan artıq qızıl məmulatları və 641 qramdan artıq gümüş və digər qiymətli metallardan hazırlanmış zinət əşyaları, külli miqdarda narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək götürülüb.

Faktla bağlı keçmiş MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq aparılıb. İstintaq zamanı təqsirləndirilən şəxslərin narkotik vasitələri İrandan Azərbaycan qaçaqmalçılıq yolu ilə gətirdikləri müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur və Aftandil Mehdiyevlərin hər biri 13 il, digər təqsirləndirilən şəxslərin hər biri isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyyasiya şikayəti veriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu