Saray bələdiyyəsi sədrinin və ərinin qatili: "Ölməli idi..."


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Həsənovanı və onun həyat yoldaşı Vəfadar Həsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Fədail Hüseynov özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, yalnız Vəfadar Hüseynovu öldürdüyünə görə özünü günahkar bilir: "Vəsilə ölməli idi, öldü. İstintaqa ifadəmi vermişəm, hər şeyi demişəm. Onu da təsdiqləyirəm. Başqa deyəcəyim bir şey yoxdur".
Bundan sonra zərərçəkmişlərin hüquqi varisi Meyxanım Hüseynova ifadə verərək hadisə barədə danışıb: "Həmin gün gündüz saat 3-də Vəsilə ilə Fədail torpaq məsələsinə görə mübahisə etdi. Axşam Vəsilənin telefonuna zəng gəldi, cavab vermədi. Sonra mənə zəng gəldi, məni də telefonu açmağa qoymadı. Dedi "sən çıx balkona hava al, özüm danışacağam". Mən Natella ilə balkona çıxanda gördüm bu divara sıxılıb dayanıb. Dedim "bala, burda neynirsən". Məni itələyib içəri keçdi. Bu vaxt mən özümdən getdim, ayılanda gördüm nəvəm İsmayıl qışqırır ki, atamı vurdular. İsmayıl atası ilə aşağıda tort kəsirdi. Özümə gələndən sonra nəvəm Fidan dedi ki, Fədail atamla anamı vurdu".
Qeyd edək ki, qətl keçən il iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı Vəsilə Həsənova və həyat yoldaşı Vəfadar Həsənov amansızlıqla qətlə yetirilib.
Araşdırmalar zamanı qətlin Fədai Hüseynov tərəfindən törədildiyi məlum olub. 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında həsənovların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. Mübahisə zəminində o, V.Həsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu