Nazirin qardaşına pul "atan" şəxs məhkəmədə ifadə verməkdən imtina etdi




Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Prosesə hakim Şəkər Məmmədova sədrlik edib. Zərərçəkmiş Əlikram Camalov prosesə gəlməyib. Məhkəmədə onun nümayəndəsi İmaməli Əsgərov iştirak edib. Təqsirləndirilən Samir Nəbiyevin vəkili Ceyhun Yusifov isə etiraz edərək Ə.Camalovun özünün prosesdə iştirakının təmin edilməsi barədə vəsatət qaldırıb.

Hakim Ş.Məmmədova bildirib ki, zərərçəkmiş Ə.Camalov məhkəməyə ərizə təqdim edərək hüquqlarını nümayəndəsi İ.Əsgərova etibar edib və özünün iştirakı olmadan baxılmasını istəyib.

Vəkil C.Yusifovun vəsatəti təmin edilib. Hakim növbəti iclasda Ə.Camalovun məhkəmədə iştirak edərək ifadə verməsinin təmin olunacağını bildirib.

Bundan sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Nəbiyev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadə verməkdən imtina edib.

Məhkəmə prosesi iyunun 23-də davam edəcək.

Qeyd edək ki, S.Nəbiyev Əlikram Camalova birgə biznes qurmağı, işlətdiyi “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım qoymağı təklif edib. Ə.Camalov onunla razılaşıb və S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də 3 min 993 manat pul verib. S.Nəbiyev isə vəsaiti mənimsəyərək pulu Ə.Camalova qaytarmayıb.

Törətdiyi cinayət əməlinə görə, S.Nəbiyevə Cinayət Məcəlləsin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, zərərçəkmiş Əlikram Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı, "Hacı Camalxan" Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.(virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu