Hacıqabul qətliamından dərhal sonra xüsusi əməliyyat: DİN görüntülər yaydı




Xəbər verildiyi kimi iyulun 31-də Hacıqabul şəhərində kriminal keçmişə malik şəxslər arasında Rusiyada başlamış ədavət üzündən iki qardaş-Məhəmməd və Nazim Qəmbərovların ailəsinin 4 üzvü öldürülüb, 1-i yaralanıb. Evə basqın edib onları güllələyən şəxs “dəli Mübariz” kimi tanınan Mübariz Mehdiyevdir. Onun hədəfi Məhəmməd Qəmbərovun oğlu, “Moskva Natiq” kimi tanınan Natiq Qəmbərov olub. Lakin qatil N.Qəmbərovun atasını vurduqdan sonra səhvən onun əmisinin eyni həyətdə yerləşən evinə daxil olub və onun əmisi Nazimi, əmisinin oğlunu və qızını qətlə yetirib. Daha sonra qonşu evdən həyətə çıxan qadını-“Moskva Natiq”in anasını vurub. Qatil polislərin gəldiyini görüb intihar edib.

Həmin gün Daxili İşlər Nazirliyi Hacıqabulda xüsusi əməliyyat keçirərək kriminal keçmişə malik bir qrup şəxsi saxladı. Böyük ehtimalla bu, kriminalın səviyyəsinin yüksək olduğu rayonda yeni qanlı hadisələrin qarşısını almağa yönəlmiş və Qəmbərovlar ailəsindəki qətliamla bağlı profilaktik həbslər idi.

DİN-in yaydığı məlumatda deyilirdi ki, ictimai asayişin və təhlükəsizliyin etibarlı təmin edilməsi, əllərdə olan odlu silah-sursatın və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da gücləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq qurumları Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə rayon ərazisində əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçiriblər.

Əməliyyat nəticəsində şübhəli şəxs qismində hər biri əvvəllər məhkum olunmuş 11 nəfər saxlanılıb. Baxış zamanı onların üzərlərindən və yaşadıqları mənzillərdən 1 ədəd avtomat silah, 1 “Makarov” tipli tapança, 4 qumbara, 60 patron, 2 patron darağı və ümumi çəkisi 5 kiloqrama yaxın müxtəlif növ yüksək təsiredici narkotik vasitələr aşkar edilərək götürülüb.Qeyd olunan faktlar üzrə c inayət işləri qaldırılıb, zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Bu gün isə DİN Hacıqabuldakı xüsusi əməliyyat zamanı saxlanılanların görüntülərini ictimaiyyətə yayıb. Görüntülərə əsasən həmin kriminal ünsürlər silah-sursatla yaxalanıblar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu