Təhlükəsizlik qaydalarına əməl etməyən tikinti şirkətinə qarşı cinayət işi başlandı


Təhlükəsizlik qaydalarına əməl etməyən tikinti şirkətinə qarşı cinayət işi başlandı


Bakıda təhlükəsizlik qaydalarına əməl etməyən tikinti şirkətinə qarşı cinayət işi başlandı



Ötən gün günorta saatlarında Yasamal rayonu, Mətbuat prospektində baş verən bədbəxt hadisə ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cavabdeh tərəf kimi isə “İNPEKS.N” Məhdud Məsuliyyətli Cəmiyyət məsuliyyət daşıyır. Binalardan birinin fasadında təmir işləri aparan Qobustan rayon, Yekəxana kənd sakini, 1987-cu il təvəllüdlü Şamxal Vidadi oğlu Bələdov 4-cü mərtəbədən yıxılaraq ölüb. Hadisə günorta saatlarında baş verib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb. İlkin müayinələr zamanı 31 yaşlı gəncin ağır kəllə-beyin travmasından dünyasını dəyişdiyi məlum olub. Meyit mərhumun valideyinlərinə təhvil verilib. Məlum olub ki, Ş.Bələdov nişanlı olub, yaz fəslində toyu olmalı imiş.

Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, “İNPEKS.N” Məhdud Məsuliyyətli Cəmiyyəti 6 iyun 2013-cü ildə təsis edilib. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 13, mənzil 34 olan şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Ramazanov İntiqam Adil oğludur. Şirkətin qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlunun adı isə açıq mənbələrdə yalnız bir yerdə keçir: Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2014 -cü ildə hakim Əsədov Mehti Fəyyaz oğlunun sədrliyi ilə baxılan prosesdə.

2(103)-4561/2014 saylı işdə iddiaçı Novruzov Altay Məmməd oğlu cavabdehlər Ramazanov İntiqam Adil oğlu və İsgəndərov Sədrəddin Ziya oğlundan vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edib. İşə baxan Bakı Apellyasiya Məhkəməsi Nizami rayon Məhkəməsinin iş üzrə qərardadını ləğv edərək işi mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarıb. Həmçinin adı çəkilən şirkət altı ay ərzində dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilən 26 milyon 619 min 665 manat 3 qəpiklik satınalma həyata keçirib, yəni tenderlər udub.
Digər tərəfdən şirkətin satınalma həyata keçirdiyi dövlət orqanlarının siyahısı o qədər də kiçik deyil. “İNPEKS.N” MMC təkcə 2017-ci ilin ötən dövründə, Mədəniyyət və Turizm Nazirliyi (o cümlədən tabe qurumlarda 48 satınalma üzrə 3 739 189,21 manat), Melorasiya və Su Təsərrüfatı ASC (o cümlədən tabe qurumlarda 33 satınalma üzrə 1 925 940, 26 manat), Bakı Şəhər İcra Hakimiyyəti (o cümlədən tabe qurumlarda 32 satınalma üzrə 7 193 743,94 manat), Səhiyyə Nazirliyi (o cümlədən tabe qurumlarda 16 satınalma üzrə 1 579 267,37 manat ), Daxili İşlər Nazirliyi (o cümlədən tabe qurumlarda 6 satınalma üzrə 574602,31), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (o cümlədən tabe qurumlarda 4 satınalma üzrə 768 698,34 manat), Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Mənzil-Kommunal və Təmir Xidməti, Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC, AMEA İşlər İdarəsi, RYTN Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, Mərkəzi Bank, Azərsu ASC, Televiziya və Radio Verilişləri QSC, Baş Prokurorluq, Milli Depozit Mərkəzi, Az-Evro Tel MMC və Azərsu ASC (11 satınalma üzrə 1 050 180,31 manat ) üçün ən müxtəlif adda satınalmalar həyata keçirib və xidmətlər göstərib.

Bir çox tenderləri həyata keçirən şirkətin ehtiyatsızlıq qaydalarına əməl etməməsi isə anlaşılan deyil. (olke.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu