Üç qara yaylıq, yoxa çıxan seyf, dəhşətli qətlin sirli səbəbləri...- Tovuzdakı qətlin TƏFƏRRÜATLARI


Üç qara yaylıq, yoxa çıxan seyf, dəhşətli qətlin sirli səbəbləri...-


"Biz içəri girəndə tüstüdən göz-gözü görmürdü. Bir tərəfdən də kəskin qaz iyi gəlirdi. Kimsə dedi ki, işıqları yandırmayın. İşıq yansaydı, ev qarışıq hamımız göyə uçacaqdıq...”



Qonşuları danışır bunu. İki gün əvvəl Tovuzda qətlə yetirilmiş 73 yaşlı Fərman Məmmədovla həyat yoldaşı, 68 yaşlı Pakizə Mirzəyevanın qonşuları.

***

Şəhərin mərkəzində yerləşir onların evləri. Amma ətrafda heç bir nəzarət kamerası yoxdur. İkimərtəbəli evdir, pəncərələrinə barmaqlıq belə salmayıblar.

- Sakit adamlar idilər. Heç kimlə də düşmənçilikləri yox idi, ola da bilməzdi. Pakizə xanım uşaq həkimi işləyirdi xəstəxanada. Fərmanın isə qaz yanacaqdoldurma məntəqəsi vardı. Oranı işlədirdi. Ahıl yaşlarında bu cür ölümü heç kimə arzulamıram.

Bunu da yasda adını çəkilməsini istəməyən qohumlarından biri deyir.

Hə, yasdayıq. Daha doğrusu, bir azdan onları dəfn etmək üçün Qaraxanlı kənd qəbiristanlığına aparacaqlar. Əsilləri isə Dondar Quşçu kəndindəndir Tovuzun. Pakizə xanım AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin bacısıdır. Ramiz Mirzəyevin adını isə təsadüfən çəkmədik həm də. Çünki son aylarda Mirzəyevlər artıq üçüncü faciələrini yaşayırlar. Belə ki, mərhum Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev ötən həftə Sabirabadda yol qəzasında həlak olmuşdu. (Bu məqama qayıdacağıq) Onun qardaşı oğlu Orxan Mirzəyev isə ötən ilin yayında Hacıqabulda "Toyota Land Cruiser"in aşması nəticəsində həyatını itirmişdi. 7-8 ayın içində üçüncü faciə təsadüfdürmü? Yoxsa?

***

Yas yerində yüzlərlə adam var. Təkcə mərhum Ramiz Zeynalovun adına görə deyil, təbii. Hadisə özü səsli-küylüdür. Həmkarımız Nəsimi Tovuzlu deyir ki, rayonda belə ağır və amansız bir cinayətin sonuncu dəfə nə vaxt baş verdiyini belə xatırlamır

Hə, hər iki ahıl qoca amansızlıqla öldürülüblər. İstintaq hər şeyi müəyyən edəcək, təbii. Amma ilkin araşdırmalarımız nəticəsində məlum oldu ki, hadisə məhz qarət zəminində baş verib. Mediada yayılan ilkin məlumatlara görə, evdə baş vermiş yanğından sonra 73 yaşlı Fərman Məmmədovla həyat yoldaşı, 68 yaşlı Pakizə Mirzəyevanın meyitləri evin ayrı-ayrı otaqlarından tapılıb. F.Məmmədovun baş nahiyəsində, əl-ayağı və ağzı lentlə bağlanmış P.Mirzəyevanın isə bədəninin müxtəlif yerlərində yanıq xəsarətləri aşkarlanıb. Hər iki şəxsin qətlə yetirildikdən sonra cəsədlərinin yandırıldığı ehtimal olunur.

Amma Tovuzda olduğumuz zaman bu məlumat qəti təkzib edildi...

***

- Evdən tüstü çıxırdı. Qonşular görüb bunu. Hay-həşir düşüb. qapını açanda evin içi tüstüdən görünmürmüş. Bir yandan da qatillər qazın 4 gözünün hamısını açıq qoyub gediblərmiş.

Bunu da qonşular danışır.

Amma bütün hallarda içəri girib qonşular. Məlum olub ki, evə girən basqınçılar əvvəlcə küt alətlə hər ikisinə zərbə endiriblər. Sonra isə onların ağızlarını lentlə bağlayıblar. Bundan sonra isə evi ələk-vələk ediblər. Və bizə çatan məlumata görə, evdən seyf aparılıb. Daha doğrusu, seyfin içindəki pullar. Amma bununla da kifayətlənməyiblər. Evi yandırmaq fikrinə düşüblər. Amma od vurub yandırmaqla qonşuların duyuq düşəcəklərini də hesablayıblar. Çünki bu küçədə evlər sanki bir-birinə bitişikdir. Onda ağıllarına o gəlib ki, evi və içəridəki meyitləri, necə deyərlər, tədricən yandırsınlar. Bəs necə? Heç, sadəcə, bayramlarda uşaqların göyə atıb sevinclə müşahidə etdikləri və el arasında lopa deyiləndən hazırlayıblar. Qazı açıb, lopanı yandırıb evin içinə atıb çıxıblar. Amma tərslikdən lopa tam alışmayıb. Tüstüləyib, qaz isə axmağa davam edib. Sadəcə, yuxarıda qeyd etdiyimiz kimi, qonşuların bəxti gətirib ki, evə girən kimi işığı yandırmayıblar. Doğrudan da nəinki bu ev, qonşu evlər də göyə uçarmış dəhşətli partlayışdan.

***

- Mən evə girib otaqda rəhmətlik Fərmanın meyitini tapdım. Əlimi vurdum, gördüm hərəkətsizdir, özü də daş kimi. Görünür, hadisə gecə baş veribmiş.

Hə, qonşular Pakizə xanımla Fərman müəllimin meyitlərini səhər 9 radələrində aşkar ediblər. Dərhal da polisə və yanğınsöndürənlərə zəng olunub. Və hər iki qurumun səlahiyyətliləri dərhal hadisə yerinə gəliblər. Və deyilənə görə, hadisə yerinə gələnlərdən biri də rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov olub. Həm rəhbərlik etdiyi rayonda dəhşətli bir cinayətin baş verdiyinə görə, həm də başqa məqama. Sən demə, mərhumə Pakizə xanım icra başçısının ilk həyat yoldaşı olubmuş.

Həm qonşular, həm də bu ailəni tanıyanlar deyir ki, heç kimlə problemi olmayıb onların. İki uşaqları varmış. Hamısının da işi-gücü. Özləri də başı aşağı, imkanları çatana yardım edən adamlar olublar.

Bəs niyə?

Nə üçün?

Qisas versiyasını heç kim yaxına buraxmır. Qarətmi? Bəs necə olur ki, tanımadıqları adamları gecə yarısı evin içinə buraxırlar?

Araşdırmalarımız nəticəsində məlum oldu ki, burada bir neçə versiya var.

Birinci, Pakizə xanım neçə illərin tanınmış uşaq həkimidir. Adətən, rayon yerlərində işdən sonra belə həkimlər evlərində xəstə qəbul edirlər. Ehtimal var ki, kimsə xəstə uşaq gətirmək bəhanəsiylə qapın açdırıb, evə soxula bilərmiş. Yeri gəlmişkən, Pakizə xanımın meyitinin başqa otaqda tapılması məqamına da fikir verin...

Bəs onda, məqsəd qarətdirsə, öldürmək niyə? Yaşı 70-i haqlamış iki qocanın ağzını da lentlədikdən sonra müqavimət göstərəcəkdilər? İkinci versiya isə odur ki, həm Pakizə xanım, həm də Fərman müəllim basqınçıları tanıyıblar. Sonucda onlar belə qəddarlığa əl ataraq, hətta evi də yandırmaq istəyiblər ki, iz qalmasın. Amma buna nail ola bilməyiblər.

Üçüncüsü, ailə imkanlı olub. Ailə başçısının yanacaqdoldurma məntəqəsi varmış. Və bir versiya da odur ki, evdəki seyfdə çoxlu pul olduğundan kiminsə xəbəri olub. Çünki seyfdən başqa evdən heç nə aparılmayıb.

Hər halda, bunlar bizim jurnalist kimi araşdırmalarımızdan doğan versiyalardır. Gerçək səbəbi isə hörmətli istintaq müəyyən edəcək.

Artıq 73 yaşlı Fərman Məmmədovla həyat yoldaşı, 68 yaşlı Pakizə Mirzəyevanın nəməlum şəraitdə qətlə yetirilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə iş başlanılıb, cinayəti törədən şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Bəs, qisas versiyası necə, ağlabatandırmı?

Mərhum Ramiz Mirzəyev vaxtıyla Azərbaycanın ən imkanlı adamlarından olub. Uzun illər neft müəssisələrinə, hətta AFFA-ya belə rəhbərlik edib. Rayonda onu xeyirxah insan kimi tanıyırlar.

“Elə bir tovuzlu yoxdur ki, yanına getsin, onu əliboş geri qaytarsın. Nəinki tovuzlu, hamıya bacardığı köməyi edərdi rəhmətlik. Onun bir oğlu və bir qızı vardı. Oğlu Anar keçən həftə faciəli şəkildə öldü. Yox, Anarın faciəsi də təsadüfdür. Anar çox tərbiyəli və qanacaqlı cavan idi. Amma bəzi özəllikləri vardı. Məsələn, tez-tez ova getməyi xoşlayırdı. Yaxşı maşın sürməyi vardı. Şahidlər deyir ki, Tovuzdan Bakıya qədər 430 kilometrlik yolu 3 saata gedirmiş. Səhəri gün dayısı Aslan müəllimlə görüşməliymiş. (Söhbət Şəmkir rayonunun keçmiş icra başçısı, kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanovdan gedir. Onun bacısı mərhum Ramz Mirzəyevin həyat yoldaşıdır) Həmin gün də ovdaymış. Ovdan sonra dayısıyla görüşmək üçün elə Bakıya getmək istəyirmiş. Həmin faciə isə ov zamanı olub. Anar maşının aşırdıb və həlak olub. Bu iki hadisə arasında heç bir bağ yoxdur...”

Bunu isə ailəni yaxşı tanıyan şəxslərdən biri deyir.

Onu da deyir ki, Pakizə xanımla Ramiz Mirzəyevin xanımı arasında münasibətlər çox soyuq imiş. Amma bu, sırf məişət zəminində olan bir münasibətdir və ehtimal olunan miras davasına-filana qəti dəxli yoxdur.

***

İndi Tovuzda iki darvazada qara yaylıq asılıb. Biri Anar üçün, biri isə onun bibisi və bibisinin həyat yoldaşı üçün. Bu, son 8 ayda bir nəsil üçün asılan üçüncü qara yaylıqdı. Allah eləməsin, dördüncüsü olsun.

Və sonda...

Yazıda adıçəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq. Təki canilər tapılsın. Təki cinayətkarlar cəzasına çatsın. Və bu gün Tovuzu başına götürən bütün şayiələrə, hətta gümanlara son qoyulsun...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu