Brakonyerlər Şirvan Milli Parkının əməkdaşına atəş açdı


Brakonyerlər Şirvan Milli Parkının əməkdaşına atəş açdı


Şirvan Milli Parkının ərazisində silahlı insident baş verib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, parkın ərazisinə brakonyerlərin girməsi barədə əldə edilmiş məlumat əsasında 30 mart 2018-ci il tarixində, saat 22:10 radələrində Milli Parkın əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.

Keçirilən əməliyyat zamanı Milli Parkın 1 saylı sahəsinin 5 saylı postunun ərazisində, qanunsuz yolla ceyran ovlayan brakonyerlərin olduğu aşkar edilib. Əməliyyat tədbirləri zamanı brakonyerlər parkın əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb və onlardan biri xidməti vəzifəsini yerinə yetirən Şirvan Milli Parkının sahə müfəttişi İltifat Xalıqova bilərəkdən ov tüfəngindən atəş açıb. Nəticədə sahə müfəttişi qarın nahiyəsindən yaralanıb. Həyata keçirilən operativ tədbirlər nəticəsində brakonyerlərdən biri Milli Parkın əməkdaşları tərəfindən saxlanılıb, digəri, sahə müfəttişini yaralayan qanun pozucusu isə gecə saatları olduğundan ərazidən qaçıb.

Hadisə yerinə keçirilən baxış zamanı qanunsuz yolla ovlanmış 1 baş ceyran, 1 ədəd bıçaq, 1 ədəd fanar aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı müvafiq sənədləşmə işləri aparılıb.

Milli Parkın əməkdaşları saxlanılan brakonyeri rayon polis şöbəsinə təhvil veriblər. Digər qanun pozucusunun saxlanılması və müvafiq hüquqi tədbirlərin görülməsi məqsədilə Şirvan Milli Parkı tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.

Aparılan araşdırmalar nəticəsində saxlanılan qanun pozucusunun Hacıqabul rayonu, Atbulaq kənd sakini İsrafilov Elvin Tərxan oğlu olduğu müəyyən edilib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində digər qanun pozucusu-Hacıqabul rayonu, Atbulaq kənd sakini Ağayev Rahil Heybət oğlu da saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu