“Ona telefon və nömrə alıb verdim, dedim ərindən boşanma”- məhkəmədən


“Ona telefon və nömrə alıb verdim, dedim ərindən boşanma”-


Cütlüklər arasında günbəgün artan narazılıqların, münaqişələrin tüğyan etdiyi ailədə çıxış yolunu boşanmaqda görən üç uşaq anası sonda məhkəməyə üz tutub. Arvadının ondan boşanmaq istədiyini öyrənən ailə başçısı isə elə həmin gün onu qanına qəltan edib. Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini 52 yaşlı Yuri Vanyaginin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Cinayət hadisəsi ötən il avqustun 7-də Hövsan qəsəbəsində baş verib. Həyat yoldaşı Gülnarə Vanyaginanın ondan boşanmaq istəməsi ailə başçısının qəzəbləndirib. Ər-arvad arasında yaranmış münaqişə onlardan birini xəstəxanaya, digərini isə həbsxanaya yollayıb.

Təqsirləndirilən Yuri Vanyagin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində Gülnarə Ənvərovna ilə 2002-ci ildə evləndirklərini, birgə nikahdan üç övladları olduğunu, mehriban dolandıqlarını göstərib. V.Vanyaginin ifadəsinə görə, ötən il Gülnarənin çay evlərindən birinə işə düzəlməsi ailədaxili narazılıqlara gətirib çıxarıb. Həyat yoldaşının günlərlə evə gəlməməsi onda şübhələr yaradıb. Arvadının başqa kişi ilə əlaqəsinin olmasından şübhələnən Yuri mütəmadi olaraq bununla bağlı Gülnarə ilə mübahisə edib. Son olaraq qadın ona boşanmaq istədiyini bildirib: “Boşanmaq istəmədiyimi dedim. Hadisə baş verən gün qızımdan anasının harada olduğunu soruşdum. O da anasının boşanmaq üçün sənədləri düzəldib məhkəməyə getdiyini söylədi. Gülnarəni fikrindən daşındırmaq istəsəm də, razılaşmadı. Əsəbləşib mətbəxdən bıçaq götürüb Gülnarəni vurdum. Sonra ona tibbi yardım göstərdim. Gülnarə məhkəməyə müraciət etmədiyinə and içdi. Onu maşına qoyub xəstəxanaya apardım”.

Y.Vanyagin arvadına xəsarət yetirmək niyyətində olmadığını, boşanmaq fikrindən daşındırmaq üçün qorxutmaq istədiyini deyib: “Gülnarənin məndən niyə boşanmaq istədiyini bilmirəm. Əməlimdən peşmanam”.

Zərərçəkmiş Gülnarə Vanyagina ifadəsində həyat yoldaşı ilə yola getmədiklərini, bu səbəbdən də boşanmaq qərarına gəldiyini deyib: “Yuri evi satıb pulu yarı bölməyi təklif etdi. Ona görə də, hadisə baş verən gün Suraxanı rayon məhkəməsinə gedib boşanmaq üçün müraciət etdim. Geri qayıdanda uşaqlarımın üçü də evdə idi. Yuri gəldiyimdən xəbər tutub məni söyməyə, təhqir etməyə başladı, güldüm. O isə mətbəxdən bıçaq götürüb üstümə gəldi. Qorxumdan bloka qaçdım. Arxamca gəlib saçımdan yapışdı, bıçaqla vurdu. Qan gəldiyini görüb məni içəri apardı. Yenidən vurmaq istəyəndə məhkəməyə getmədiyimə and içdim. Qanaxmanı dayandırmaq üçün yarama əski qoydu, divana uzatdı, tibbi yardım göstərdi. Səsə qonşular gəldilər. Yuri qapını açmaq istəməyəndə polisə şikayət edəcəklərini dedilər. Məni qonşunun avtomobili ilə xəstəxanaya çatdırdılar. Yuri mənə səbəbsiz yerə xəsarət yetirib. Ona ağır cəza verilməsini xahiş edirəm”.

Şahid qismində dindirilən Anar Zaidov ifadəsində 2017-ci ilin may ayının əvvəllərində “Malakan” bağında tanımadığı bir qadının oturacaqlardan birində ağladığının şahidi olduğunu, ona yaxınlaşıb söhbət etdiyini göstərib: “Ailə vəziyyətinin çətinliyindən danışdı, tanışlığımız yarandı. Sonradan “Əhmədli” metrosunun yanında parkda görüşdük. Ona mobil telefon və nömrə alıb verdim. Bir müddət telefonla əlaqə saxladıq, arabir görüşdük. Gülnarənin ailə vəziyyətinin çətin olduğunu bildiyimə görə hər dəfə ailə məsələləri ilə bağlı səbrli olmağı, boşanmamağı məsləhət görürdüm, maddi yardım göstərməyə çalışırdım. Bizim aramızda yalnız dostluq münasibəti olub, başqa münasibətimiz olmayıb”.

Məhkəmənin hökmü ilə Yuri Vanyagin 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən apellyasiya şikayəti verilib. Apellyasiya şikayətinə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılacaq.(virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu