Şahin Sultanovun məhkəməsində ziddiyyətli ifadələr


Bu gün Bakı Hərbi Məhkəməsində Azərbaycan Müdafiə Nazirliyi Hərbi-Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesə hakim Həbib Həsənov sədrlik edib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi ilə ittiham olunan Əlisa Ağayev ifadə verib. Təqsirləndirilən şəxs dövlət ittihamçısının, vəkillərin, hakimlərin suallarını cavablandırıb.

Dindirmə zamanı təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyətlər olduğu müəyyən edilib. Hakim H.Həsənov zamində olan Ə.Ağayevin məhkəməyə ünvanlandığı ərizəni proses iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd edək ki, ərizədə Ə.Ağayev ona elan olunmuş ittihamla özünü tam təqsirli bildiyini və barəsində qərar qəbul edilərkən uzun müddət Silahlı Qüvvələrdə xidmət etdiyini nəzərə alınmasını məhkəmədən xahiş edib.

Hakim təqsirləndirilən şəxsdən bu ziddiyyətlərə aydınlıq gətirməsini istəyib: “Bu ərizəni özün öz əllərinlə yazmısan. Səni heç kim məcbur etməyib. İndi məhkəmədə başqa şeylər danışırsan. Bu ziddiyyətlər nədən ibarətdir?”

Təqsirləndirilən şəxs bunu hüquqi savadının olmaması ilə əsaslandırıb.

Sonra təqsirlənidilən şəxs qismində 600 saylı hərbi hissənin maddi-texniki təminat idarəsinin mühəndisi Ramiz Qurbanov ifadə verib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib. Təqsirləndirilən şəxs tərəflərin suallarını cavablandırıb.

Növbəti prosesdə vitse-admiralın ifadə verəcəyi gözlənilir. Məhkəmə prosesi mayın 7-ə kimi təxirə salınıb.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında ötən il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

Şahin Sultanov əvvəlcə həbs edilsə də sonradan məhkəmənin qərarı ilə həbs ev dustaqlığı ilə əvəz edilib. Onu da qeyd edək ki, Şahin Sultanov keçmiş müdafiə naziri Səfər Əbiyevin yaxın adamlarından biri kimi tanınır.(virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu