Nardaran hadisələri ilə bağlı axtarılan şəxs Türkiyədə saxlanılıb


Nardaran hadisələri ilə bağlı axtarılan şəxs Türkiyədə saxlanılıb


Müsəlman Birliyi Hərəkatı Elnur Mehdiyevin təşkilatın üzvü olmadığını bildirir



Dindar fəal Elnur Mehdiyev Türkiyədə saxlanılıb. Bu barədə “Turan” agentliyi aprelin 27-də məlumat yayıb. Agentliyin məlumatına görə, bu haqda Mehdiyevin yaxınları məlumat yayıb.

Yaxınları Mehdiyevin saxlanılma səbəblərinin hələ məlum olmadığını bildirir. “Amerikanın Səsi”nin məlumatına görə, Elnur Mehdiyevin Nardaran hadisələrindən sonra axtarışda olduğu güman edilir. Yaxınları onun Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil veriləcəyini istisna etmirlər.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən insidentə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə il yarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov terror və başqa ağır cinayətlərdə ittiham edilərək 20 il həbs cəzasına məhkum edilib.

Rəsmi qurumlar Nardaran hadisələri ilə bağlı 11 nəfərin axtarışda olduğunu bildirib, lakin həmin şəxslərin adlarını açıqlamayıb. Hüquq müdafiəçiləri güman edir ki, Elnur Mehdiyev də axtarılan şəxslərin arasında olub.

Bu il martın 21-də Müsəlman Birliyi Hərəkatının fəalı Anar Cabbarov Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilmişdi. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə, saxlama, gəzdirmə satış məqsədilə olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Lakin aprelin 5-də cinayət işinə xitam verilərək Anar Cabbarov azadlığa buraxılıb.

Elnur Mehdiyevin isə Azərbaycana təhvil-verilmədiyi haqda hər hansı məlumat yoxdur. Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov bizimlə söhbətində bildirdi ki, onlar Mehdiyevin saxlanılması ilə bağlı xəbəri mətbuatdan oxuyublar, ancaq hər hansı rəsmi açıqlama olmadığı üçün dəqiq bilmirlər.

Elnur Mehdiyevin MBH üzvü olub-olmadığı ilə bağlı suala cavab olaraq E.Qasımov bildirdi ki, Mehdiyev fəal olsa da, təşkilatın üzvü olmayıb: “MBH üzvü olub-olmamasından asılı olmayaraq biz hər zaman günahsız saxlanılan hər kəsi müdafiə etməyə çalışmışıq. Bildiyim qədər fəal dindardır. Və Nardaran hadisələri zamanı Kərbəla ziyarətində olub. Amma təşkilata rəsmi üzvlüyü yoxdur. Təşkilatımızı dəstəkləyən insanlardandır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu