Ali Məhkəmə hakimi deputatın iddiası üzrə “gözünü yumub” qərar verdi


Ali Məhkəmə hakimi deputatın iddiası üzrə “gözünü yumub” qərar verdi


Hakim Gündüz Quliyevdən məhkəmə hüquq islahatlarına tərs sillə



Ali Məhkəmədə deputat Elmira Axundovanın məchul iddiası üzrə qərar verilib. Hakim Gündüz Quliyev heç bir araşdırma aparmadan, qanunların tələblərinə məhəl qoymadan apelyasiya instansiyasının qərarını qüvvədə saxlayıb.



Elmira Axundova və oğlu Həbib Axundov 2018-ci ildə Binəqədi Rayon Məhkəməsinə müraciət etməklə Fərman Məmmədov, Elvin Vəliyev, Sabir Ağayev, Şahin Məhərrəmov və Firuz Haşımova qarşı şərəf və ləyaqət davası açıblar. Tələb ediblər ki, mətbuatda barələrində ictimailəşən məlumatlar təkzib olunsun, mənəvi zərər ödənilsin. Deputat və oğluna qarşı da qarşılıqlı iddialar məhkəməyə təqdim olunub.
Binəqədi Rayon Məhkəməsində keçirilən proseslərdə deputat Elmira Axundova vəsatət verərək özünə məxsus və oğlu Həbib Axundovun adı keçən dələduzluq işinə əlavə olunmuş səs yazılarının mətbuatda yayılmasının yasaqlanması haqda vəsatətlər verib. Deputat həmin səs yazılarının ictimailəşməsinin qarşısını alınmasını niyə tələb etdiyini açıqlamayıb.
Maraqlıdır ki, Ali Məhkəmədə Elmira Axundovanın iddiasına baxış Bakı Apelyasiya Məhkəməsində oğlu Həbib Axundovun dostu və şəriki, dələduzluğa görə 9 il həbs cəzası almış Elnur İbrahimovun iş üzrə qərar verilməsindən sonra çıxarılıb. Elmira Axundovanın yasaqlanmasını tələb etdiyi özünün səs yazıları da məhz bu işə əlavə olunub...
Deputat Elmira Axundova hesab edir ki, onun barəsində mətbuatda yazılan, prezidentə ünvanlanan məktublarda yer alan məlumatlar onun şərəf və ləyaqətini alçaldır. Bununla belə hansı şikayətin cavabdehlərdən kimin yazdığını, imzalı yazıların müəllifləri ola-ola məhz cavabdehlərin hər birinin cəzalandırılmasını tələb etməsinin səbəbini əsaslandırmaq əziyyətinə qatlaşmayıb. Amma bu məqam hakimlərə iddianı icraata qəbul etməyə mane olmayıb. Sonradan da Binəqədi Məhkəməsi hakimləri Elmira Axundovanın qanunun tələbindən kənara çıxan iddiasını möhürləri ilə təsdiqləyiblər. Halbuki qanunun tələbləri hakimlərdən məhz qanuni və dürüst qətnamə çıxarılmasını tələb edir. Həmin qətnamə Azərbaycanda məhkəmə-hüquq sistemində islahatların gerçəkləşməsi haqda sərəncamdan əvvələ təsadüf edib.
Qətnamə veriləndən sonra isə Azərbaycanda məhkəmə-hüquq sistemində islahatların başlanılması haqda sərəncam oxunub. İş üzrə qarşılıqlı iddiaçılar düşünüblər ki, apelyasiya instansiyasında deputatın qanunlardan kənara çıxan, qanunun tələblərinə cavab verməyən iddiası üzrə doğru-dürüst, qanunlara cavab verən qərar qəbul edilər. Bu ümidlə apelyasiya instansiyasına üz tutublar. Hakim Rafel Eyvazovun sədrliyi ilə keçirilən proseslərə Elmira Axundova gəlməyib, vəkil belə yollamayıb. Hakim Rafael Eyvazov şərəf və ləyaqətin müdafiəsi ilə bağlı mülki mübahisələrdə özü barəsində olan məlumatların yayılma faktını və həmin məlumatların məhz cavabdehlərdən hansı biri tərəfindən yayıldığını sübut etmə vəzifəsinin iddiaçının üzərinə düşməsi kimi qanunun tələbinə məhəl qoymayıb. Beləcə deputatın iddiası birbaşa qarşılıqlı iddia vermiş şəxlərin hər birinə şamil olunması kimi qanunsuzluğa yol verilib. Binəqədi Rayon Məhkəməsində yol verilən qanunsuzluq, hansı ki, birbaşa ifadə azadlığına, vətəndaşların ölkə rəhbərliyinə müraciət etmək hüququnun məhdudlaşmasına yol açır - ortalığa çıxıb. Məhkəmə-hüquq islahatlarının lokomativi rolunda çıxış etməli Ali Məhkəmədə də eyni qanunsuzluqlar təkrarlanıb. Hakim Gündüz Quliyev qanunlardan kənar olan deputatın iddiasını qüvvədə saxlayıb.
Azərbaycanın Ali Məhkəməsində deputat Elmira Axundovanın iddiası üzrə qəbul olunan qərardan belə çıxır ki, məqalənin, müraciətin müəllifi ola-ola digər şəxsləri həmin müraciət və məqalələrdə yer alan məlumatlara görə cərimələmək, üzərilərinə təkzib vermək kimi öhdəlik qoymaq olar!
Məhkəmə-hüquq islahatlarının bir deputatın iddiası üzrə ortaya çıxan detalları belədir. İstənilən halda ləğv olunmalı qərarın ölkə üçün son dərəcə əhəmiyyətli islahatlardan kənara çıxması təəssüf doğurur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu