DGK tərəfindən axtarılan şəxslər tutuldu - VİDEO


DGK tərəfindən axtarılan şəxslər tutuldu -


İyulun 27-də Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən kütləvi informasiya vasitələrində adları istintaqa məlum olmayan, gömrük qanunvericiliyinin tələblərini ciddi şəkildə pozduğu müəyyən edilən, lakin məsuliyyətdən yayınmağa müvəffəq olan şəxslərin foto və video görüntüləri yayımlanmışdı. Xəbərdən dərhal sonra ictimaiyyətin dəstəyi ilə daxil olmuş əməliyyat məlumatı əsasında aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərin kimliyi və olduqları yer müəyyən edilib və onlar tutularaq istintaqa cəlb ediliblər.



DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AFN-ə verilən məlumata görə, müəyyən edilib ki, onlar hər ikisi Azərbaycan Respublikasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Gürcüstan vətəndaşları- 1974-cü il təvəllüdlü Rasim Mehtiyev və 1979-cu il təvəllüdlü Aynur Əhmədova adlı şəxslərdir.

Baş vermiş cinayət hadisəsinin təfərrüatına gəlincə, cari ilin fevral ayının 16-da Əhmədova Aybəniz Əhməd qızı adından 1 ədəd eynək və 2 ədəd ayaqqabı kimi bəyan edilərək "Azerexpresspost" poçt daşımaları şirkəti vasitəsi ilə Azərbaycan Respublikasından Çexiya Respublikasına göndərilən poçt bağlaması Heydər Əliyev Beynəlxalq Hava limanının Bakı Karqo Terminalında gömrük nəzarətindən keçirilərkən rentgen aparatında şübhəli təsvirlər müşahidə edilib. Kinoloji xidmət itinin reaksiyasına əsasən aparılmış baxış zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə bağlamanın içərisindəki 2 cüt ayaqqabının hər birinin daban hissəsindəki boşluqda gümüşü rəngli falqalara bükülərək gömrük nəzarətindən gizlədilmiş 4 bükümdə, ümumilikdə 91,743 qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Aparılmış istintaqla Əhmədova Aybəniz Əhməd qızı adından göndərilən narkotik vasitənin sonuncu tərəfindən deyil, onun adından şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər tərəfindən göndərilməsi müəyyən edilib.

İstintaqın ilkin mərhələsində görülmüş bütün zəruri istintaq və əməliyyat-axtarış tədbirlərinə baxmayaraq həmin şəxslərin kimliyini müəyyən etmək mümkün olmamışdı.

Məlum foto və video görüntülər yayımlandıqdan sonra tutularaq istintaqa cəlb edilən Rasim Mehtiyev və Aynur Əhmədovanın əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi olmasına əsaslı şübhələr müəyyən edildiyindən hər ikisinə həmin maddələrlə ittiham elan edilərək barələrində Yasamal rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Dövlət Gömrük Komitəsi göstərilən dəstəyə görə ictimaiyyətə təşəkkürünü bildirir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu