AFN.AZ / Xalq artistinin adı fırıldaqçılıqda hallanır

Xalq artistinin adı fırıldaqçılıqda hallanır

Xalq artistinin adı fırıldaqçılıqda hallanır


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.



Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ə.Əbdüləziz ifadə verməkdən imtina edib.

Ə.Əbdüləziz növbəti məhkəmə prosesində ifadə verəcəyini qeyd edib.

Sonra şahid qismində ifadə verən Ağasəf Quliyev deyib ki, özünün tikinti şirkəti var: “2013-cü ildə İxtiyarın ofisinə gəldim. O dedi ki, bir nəfərə gömrük işi ilə bağlı 325 min manat pul verib, lakin qaytarmayıb. Sonra biz İxtiyarla birlikdə Əziz müəllimin evinə gəldik, pulu istədik. Əziz müəllim də dedi ki, mənə 3 ay vaxt verin, pulu qaytaracağam. Biz də razılaşdıq. Lakin 3 ay tamam oldu, yenə pul qaytarılmadı. Sonra yenə Əzizgilin evinə gəldik. İxtiyar ondan pulunu tələb etdi, aralarında mübahisə yarandı. Ancaq yenə də pulu qaytarmadılar”.

Şahid deyib ki, Ə.Əbdüləziz tender qazanıb pulu qaytaracağını deyirdi.

Ə.Əbdüləziz isə qeyd edib ki, şahidlər qondarmadır və onları tanımır.

Sonra Ə.Əbdüləzizin vəkili Dövlət Gömrük Komitəsinə sorğu verilməsi ilə bağlı vəsatət verib. Vəkilin sözlərinə görə, komitədə 2011-ci ilin may ayından dekabr ayınadək malların sərhəddə olub-olmaması araşdırılmalıdır. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Proses sentyabrın 27-dək təxirə salınıb.

İttihama görə, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, “ALFA LTD” şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib.

O, İ.Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, Ə.Əbdüləziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd “TIR” avtomaşını gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək, İ. Həsənovdan 300 min manat məbləğində pul alıb. Lakin o, vədinə əməl etməyərək, zərərçəkmişi növbəti dəfə aldadıb.

Xatırladaq ki, cinayət işi üzrə Azərbaycanın xalq artisti Arif Qazıyevin də adı şahid qismində keçir.

Xalq artistinin adı fırıldaqçılıqda hallanır
20-09-2018, 18:11
Geri qayıt