Atamın Fəxri Xiyabanda dəfni üçün işlər görülməsini gözlədik- Aşıq Ədalətin oğlu




Ustad aşıq Ədalət Nəsibov dünyaya göz açdığı Qazax rayonunda dəfn olundu. Ustadın dəfni barədə görkəmli sənətkarın oğlu Hekayət Nəsibov məlumat verib.

Ustadın nəşinin Qazaxa aparılma səbəbinə toxunan H.Nəsibov deyib ki, ailəsi sənətkarın Fəxri Xiyabanda dəfni üçün işlər görülməsini gözləyib:

"Düşünürdük ki, o da Azərbaycan mədəniyyəti və incəsənətinə böyük töhfələr vermiş, Azərbaycan sazını, sözünü dünyaya tanıtmış bir xadim olaraq Fəxri Xiyabanda dəfn olunar. Amma bu, olmadı. Ona görə də atamızı elə dünyaya göz açdığı Qazaxda torpağa tapşırmağı qərarlaşdırdıq".

Qeyd edək ki, ustad sənətkarla vida mərasimi Qazax rayon mədəniyyət evində keçirilib. Rayon icra hakimiyyəti və Qazax Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən vida mərasiminə minlərlə insan qatılıb.

Azərbaycan mədəniyyətinə, incəsənətinə böyük xidmətlər göstərən, sağlığında əfsanələşən, sazı bütün dünyada təmsil edən və bənzərsiz ifası beynəlxalq mədəniyyət festivallarında maraqla qarşılanan Dədə Ədalətin Bakıda Fəxri Xiyabanda dəfn olunmaması sosial şəbəkələrdə ciddi müzakirə olunur. Hətta cəmiyyətin milli ruhlu kəsimi etiraz edir.

Biz də cəmiyyətdəki etirazları nəzərə alıb Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı ilə əlaqə saxladıq. O, məsələni belə izah etdi: "Ailəsi bu cür olmasını istəyib. Deyəsən, Aşıq Ədalətin özü vəsiyyət edib ki, adi qəbiristanlıqda dəfn edilsin”.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov isə nazirliyin dəfn işləri ilə məşğul olmadığını söyləyib: "Bu, bizim verəcəyimiz qərar deyil. Belə məsələlər müvafiq dövlət orqanlarının ümumi razılığı ilə həll edilir”. (sherg.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu