Azərbaycan Xalça Muzeyi Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə əməkdaşlıq edəcək


Azərbaycan Xalça Muzeyi Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə əməkdaşlıq edəcək


Azərbaycan Xalça Muzeyi Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə əməkdaşlıq sazişi bağlayıb. Sazişi Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin baş direktoru Aleksandr Vsevolodoviç Sedov və Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova imzalayıb.

Xalça Muzeyindən AFN-ə verilən məlumata görə, saziş çərçivəsində sözügedən muzeydə olan Azərbaycanın qədim mədəniyyət və incəsənət abidələrinin, o cümlədən zərgərlik məmulatları, qədim Azərbaycan xalçaları və digər maddi mədəniyyət nümunələrinin elmi tərəfdən araşdırılması, öyrənilməsi həyata keçiriləcək. Həmin eksponatların Azərbaycanın maddi-mədəni irsinin nümunələri olaraq tanıdılması istiqamətində işlər görüləcək.

Muzeylərarası əməkdaşlıq sazişinin nəticəsində maraqlı layihələrin həyata keçiriləcəyini diqqətə çatdıran muzeyin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə 2016-cı ildən başlayaraq danışıqlar aparıldığnı deyib. Şirin Məlikova bildirib ki, sözügedən muzey dünyada tanınmış muzeylərdən biridir.

“Zəngin kolleksiyası ilə məşhur olan bu muzeydə tanınmış rəssamların, o cümlədən məşhur Azərbaycan rəssamlarının əsərləri, həmçinin Azərbaycana aid sənət əsərləri, incəsənət nümunələri, xalça və xalça məmulatları sərgilənir. O muzeydə xalqımızın maddi-mədəni irsinə məxsus olan çoxlu qiymətli eksponatlar saxlanılır. Həmin eksponatların atribusiyası, ikitərəfli sərgilərin təşkili, elmi araşdırmaların aparılması, zəngin və gözəl kolleksiyanın tədqiqi mədəniyyətimiz üçün çox böyük addım olacaq” – deyə o, bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu