Unudulmaz qış nağılı


Unudulmaz qış nağılı


Balaca tamaşaçıların yeni il tətilini şən və yaddaqalan etmək istəyən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi bu dəfə də maraqlı tamaşa hazırlayıb.



Teatrın mətbuat xidmətindən AFN-ə verilən məlumatda bildirilib ki, yaradıcı heyət tamaşaçıların çoxsaylı müraciətlərini nəzərə alaraq bu dəfə uşaqların sevimli cizgi filmi qəhrəmanı Maşa və Ayını səhnədə nümayiş etdirəcək. Daha doğrusu, cizgi filminin motivləri əsasında “Maşa və Ayının qış nağılı” adlı tamaşa təqdim olunacaq.
Səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev olan musiqi tərtibatlı tamaşada əsas ideya dostlara qayğı, təbiətə sevgi, səmimiyyət və fədakarlıqdır. Tamaşada hadisələr yeni il günlərində, bayramın əsas atributları olan Şaxta Baba və Qar Qız ətrafında cərəyan edir. Tamaşaçılar bu dəfə durmadan dəcəllik edib ətrafındakıları bezdirən Maşanı tam fərqli ampluada görəcəklər.
Rəngarəng səhnə tərtibatı, işıq effektləri və müxtəlif kukla texnikalarının tətbiq olunduğu birhissəli tamaşada Şaxta Baba (Elxan İsmayılov) və Qar Qızdan (Səbinə Haqverdiyeva) başqa bütün personajlar kuklalar olacaq. Səhnə işində obrazları Cəmilə Allahverdiyeva, Cavid Telman, Elmira Hüseynova, Rəhilə İbadova və Ramiz Qəmbərov ifa edəcəklər.
Onu da qeyd edək ki, dekabrın 26-dan yanvarın 6-dək hər gün 4 seans olmaqla (12, 14, 16, 18:00) nümayiş olunacaq tamaşanın biletlərinin qiyməti 3 manatdır və dekabrın 20-dən etibarən satışa çıxarılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu