Bu yazı sevgini təbliğ edir


Bu yazı sevgini təbliğ edir


Nigar ADİL



Bu gün istənilən klinikaya yaxınlaşsaq, orada psixoloqların fəaliyyət göstərdiyinin şahidi olarıq.



Əvvəlki illərə nisbətən buna sevinirik, çünki əvvəllər insanlara psixoloqa getməyi məsləhət görəndə adamı özlərinə düşmən elan edirdilər. Çox şükür ki, indi psixoloqa getmək həm də dəb halını alıb. Şükür ona görə ki onların bu dəbinin bizə heç bir ziyanı yoxdur. Olsa-olsa 1-2 yerdə özlərini ağıllı göstərməyə çalışmaları olacaq. Olsun, buna da dözərik.

Psixoloqlara gələnlər arasında uşaqların üstünlük təşkil etdiyi, yəqin ki, sizin də gözünüzdən yayınmayıb. Təbii ki, burada valideyn həssaslığı alqışlanandır. Ailələrdə tərəflərin bir-biri ilə normal münasibətdə ola bilməmələrinin "cəza"sını uşaqlar çəkir. Həm də sağlamlıqları bahasına. Heç kiminlə ünsiyyət qurmurlar, kənar təsirlərə meyil edirlər. Hər gün evində həyat yoldaşı ilə problemlər yaşayan qadın və ya kişi bircə şeyi anlamır ki, psixoloqdan öncə ailədəki ortam düzəlməlidi. Ya iki mədəni insan kimi sakit, qəzəbsiz və qışqırıqsız oturub problemi həll etmək, ya da ayrılmaq. Ailə üçün ən doğru olanı budur. Ayrılığı təklif edən kişi bu dəfə "qadın fədakarlığı" ilə üzləşir. "Mən uşaqlarıma görə dözüb oturacam, onların atasız böyümələrinə, boynubükük olmalarına razı ola bilmərəm!!!"

Və bir ağsaqqal, ağbircək də çıxıb demir ki, ay ana, ay qadın, yanlış düşünürsən. Sənin fədakarlığın bu olar ki, ya aradakı sorunu həyat yoldaşınla birdəfəlik danışıb həll edəsən, ya da ayrılasan. Sənin inadla uşaqlarıma görə dözəcəm şüarın əslində sənin də, uşaqlarının da və üstəlik həyat yoldaşının da həyatını zəhərə döndərəcək. Və uşağını nə qədər psixoloqa aparsan da, müsbətə doğru hec nə dəyişməyəcək. Çünki 1 saatlıq seansdan sonra onlar axşam yenə də baş rollarını sizin oynadığınız "tamaşanın" tamaşaçısı olacaqlar. Bu qədər sadə və bəsit. Çox zaman evlənən cütlüklər elə zənn edirlər ki, nikah şəhadətnaməsinə atdıqları imza ilə ömürlük bir-birlərinin həyatlarını zəhərə çevirməlidirlər.

Sevgi elə bir hissdir ki, 5, 10, 20 ilə də bitə bilər və ya ömürlük də ola bilər. Bu artıq tərəflərdən asılıdır. Amma mənim 20 illik, 30 illik ərimi filankəs əlimdən aldı ifadəsi ilə TV- də gündəm olmaq qədər rəzil durum yoxdur. İnsan ilk növbədə düşünməlidir ki, mən dərdimi kimə və harada deyirəm? Bunun mənə faydası nə dərəcədədir? Əgər kimsə səndən istifadə edib reytinq yığırsa, artıq özünü rəzil etmiş olursan.

Həyat yoldaşın səndən ayrılıb başqa qadınla münasibətdədirsə, sevirsə, buna qarışmaq artıq onun həyatına yersiz müdaxilə etmək deməkdir. Səninlə rəsmi nikahı ola -ola birini sevirsə, yenə də burada böyük günah yoxdur.

Sevgi adlı hissin nə zaman və kim üçün gələcəyini, bu şəxsin doğru və ya yanlış insan olacağını öncədən müəyyən edən cihaz hələki ixtira olunmayıb. Əgər, həyat yoldaşın səninlə rəsmi nikahı ola-ola başqa qadını sevib, səni alçaldırsa və bundan narahat olursansa, ki, bu çox normal haldır, o zaman yaşamadığın yerin, ölkənin dərəbəylik olmadığını anlayıb üz tutursan sənə hüquqlarını izah edəcək normal bir vəkilin yanına. Qanunun sənə verdiyi bütün imkanlardan da maksimum istifadə edirsən. Özünün və uşaqlarının haqqını tələb edib, həyatına qaldığın yerdən davam edirsən. Ayrılıq müddəti asan olacaq? Təbii ki, yox. Amma sənə bir həyat dərsi olacaq. Ən əsası da qarşına sənə dəyər verəcək, sevə biləcək bir insanın çıxmasına maneə yaratmamış olursan.

Yox əgər, həyat yoldaşınız bu haqqı sənə verməkdən imtina edərsə, o zaman əlavə vasitələrdən istifadə, bəlkə də, çıxış yolu idi.

Bir şeyə əmin olmaq üçün ötən gün televiziyada yayımlanan görüntüləri təkrar-təkrar izlədim. Belə bir vəziyyətdə qadının qəbul etmək istəmədiyi, ona tərs olan nə idi: həyat yoldaşının onu gənc bir xanımla əvəz etməsi və ya bundan sonrakı həyatında pullarını ona deyil də bir başqasına xərcləməsi? Görüntülərdəki qəzəbdən mən ikinci variantın daha çox səbəb olduğunu gördüm.

Bir şeyə əmin olun ki, nə qədər ki, siz böyüklər aranızdakı problemi həll etməyəcəksiniz, uşaqlarınız ailədə hər gün şiddət görəcək, onlara heç bir psixoloqun məsləhəti, müayinəsi kömək etməyəcək.

Qadın, xanım anlamalıdır ki, ömrümü mənə hər gün əzab, stress "bəxş" edən bir insana sərf etməyə dəyərmi? Qarşınızdakı insandan çox, ilk növbədə özünüzü sevin, uşaqlarınızı sevin, sağlamlığınızı sevin, günəşi sevin. Sizi sevəcək insanları sevin. Həyatınızdakı sevgilərin səbəbinin və sayının çox, daha çox olmasına çalışın.

Bu yazı boşanmaları təbliğ etmir. Bu yazı sevgini, insan kimi rahat yaşamağı təbliğ edir. Əgər, unutmamısınızsa...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu