Fəxri Kazım-Nicat: "Tamaşaçı yaxınlaşıb anama deyib ki..."-MÜSAHİBƏ


Fəxri Kazım-Nicat:


Musiqi, bəşərin sahib olduğu və başa düşəcəyi ən gözəl dildir. Azərbaycan elə bir yerdir ki, dünyanın ən ali musiqiləri burada oxunur, sevgi şeirləri məhz burada səslənir. Fəaliyyətim boyunca hər müsahibimin bu nemətdən pay aldığını görmək məni həmişə qürurlandırıb. Bax, bu adam mənim Vətənimin bir parçasıdır, demişəm öz-özümə. Bizimdir, bizdəndir. O hisslə də qələmə almışam, təqdim eləmişəm.



Bu dəfə də eyni düşüncədəyəm. Növbəti müsahibim ölkəmin, Vətənimin gənc istedadı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Dövlət Sərhəd Xidməti nümunəvi orkestrinin solisti, vokal ifaçısı Fəxri Kazım-Nicatdır. Onu elə bu günlərdə - Filarmoniyada keçirilmiş möhtəşəm konsertindən sonra kəşf etdim:

- Sizi oxucularımıza tanıdaq.

- 13 may, 1985-ci ildə, Gəncə şəhərində, ziyalı ailəsində dünyaya göz açmışam. Uşaq yaşlarından musiqiyə həvəsimin çox olduğunu görüb, beş yaşımdan musiqi məktəbinə qoyublar. Qəribədir ki, ilk ifa elədiyim mahnı ötən gün konsertimin ilk ifası “Azərbaycanım” mahnısı olub. Rəşid Behbudovun ifasında dinləyə-dinləyə bu sənətə gəlmişəm.

- Ailənizdə musiqiçi olubmu?

- Xeyr. Ailəmizdə həkim, texnoloq, mühəndis olub, amma musiqiçi olmayıb.

- İlk təhsilinizi harada almısınız?

- Gəncə şəhərində, Fikrət Əmirov adına 1 nömrəli musiqi məktəbində təhsil almışam, daha sonra Gəncə Dövlət Universiteti nəzdində məktəb studiyasının iki illik vokal sinfində xalq artisti, Gəncənin tanınan ifaçısı Sevinc İbrahimovanın sinfində oxumuşam. O dövrdə, 1995-ci ildə, musiqi məktəblərində vokal sinfi olmadığına görə, ustad xanəndə Sərdar Bağırovun sinfində xanəndəlik təhsili almışam. Daha sonra səsimdə vokal imkanları, klassik musiqi rəngləri olduğu üçün təhsilimi vokal üzrə Sevinc İbrahimovanın sinfində davam etdirdim.

- Öz seçiminiz idi, yoxsa sadəcə, səsiniz uyğun olduğu üçün musiqinin bu sahəsinə yönəldiniz?

- Mənə elə gəlir ki, bu, kökdən gəlir. Sənətə gəlməyə ancaq mənim ifam, istedadım və səsim səbəb olub. Yeddi yaşımda, Əlifba bayramında zalda oturan tamaşaçılardan biri yaxınlaşıb anama deyib ki, “mən musiqi məktəbində müəlliməyəm, bu uşağın istedadı var, onu musiqiyə yönləndirin”. Günəşin qarşısını heç nə ala bilməz. O istedad varsa, mütləq üzə çıxacaq.

Təhsilimlə bağlı Bakıya köçdük və Asəf Zeynallı adına musiqi kollecinə daxil oldum. Estrada vokal ixtisası üzrə. İlk tələbəlik illərindən çox gözəl bir pedaqoqun əlinə düşdüm, Bakı Musiqi Akademiyasının dosenti, Sevda xanım Məmmədova, çox savadlı, öz tələbələrinə çox can yandıran, halallıqla çalışan bir xanımdır. Onun sayəsində Opera və Balet Teatrında solo ifalarım olurdu. Beləcə, mənim mühitim formalaşmağa başladı. Daha sonra Bakı Musiqi Akademiyasına daxil oldum və oranı fərqlənmə diplomu ilə bitirdim. Bu ərəfədə “Azəri Star” musiqi yarışmasında üçüncü oldum. Bakı Musiqi Akademiyasında, elə Sevda müəllimənin sinfində dörd il bakalavr təhsili aldım. Mən onu heç kimə dəyişmədim. Opera müəlliməm rejissor Şəfiqə Məmmədovaydı. Diplom işimin müdafiəsində də Şəfiqə Məmmədova oldu. “Traviata” operasından üçüncü pərdəni oxudum və yüksək nəticə ilə bakalavr təhsilimi bitirdim. Daha sonra sistematik olaraq Sevda Məmmədovanın (opera) və xalq artisti, professor Gülnaz İsmayılovanın (kamera ifaçılığı üzrə) sinfində magistr təhsili aldım. Elmi rəhbərim, əməkdar incəsənət xadimi, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə Dadaşova oldu. Konsertimdə məhz Elnarə xanımın bəstəsi olan “Döyüş cəngi”sini ifa etdim. Magistr təhsilimi də fərqlənmə diplomuyla bitirmişəm. Demək istədiyim odur ki, böyüdüyüm ailə, təhsil aldığım yerlər, müəllimlərim məndə ali musiqi keyfiyyətini formalaşdırdı. Bilirsiniz, ifa elədiyiniz musiqini savadlı oxumalısınız. Hər bir peşənin özünəməxsus incəlikləri var. Vokal italyan dilindən tərcümədə “oxumaq” deməkdir. Əgər oxuyursansa, oxuya bilirsənsə, deməli, sən ifaçısan. Oxumaq üçün də məktəb lazımdır, sözlərin deyilişi, diksiya, sait səslərin uzadılması, samit səslərin vurğulanması, ağız aparatında dil, dodaq, dişlər, damaqlar, alt çənənin irəli çıxması, liqalı ifa, sözlərin vurğularının deyilişi, Azərbaycan dilində cümlə hansı nöqtədə bitirsə, musiqidə də o cümlə olmalıdır. Qırx yerdə vergül olmamalıdır. Sözün ortasında nəfəs almaq olmaz. Bunları özün tənzimləməlisən. Bunların hamısı böyük bir təhsildir. Üzeyir bəyin dövründən bəri vokal ifanı öz-özünə bacarmaq mümkün olsaydı, Konservatoriyada vokal kafedrası açılmazdı, özfəaliyyət çərçivəsində inkişaf edərdi. Üzeyir bəy buna dünya miqyasında yanaşıb. Mən, aralarında xalq artistləri, əməkdar artistlər olan ifaçılara qulaq asıram, çox savadsız və bayağı oxuyurlar. Bütün hallarda onları müzakirə eləmək mənim səlahiyyətimdə deyil, amma mütləq təhsil olmalıdır.

- Sənət nədir?

- Mənim üçün sənət ali keyfiyyətdir, ona yanaşma da ali olmalıdır. Bilirsiniz, bizim sahə incəliklərlə doludur. Mimika, üz ifadəsi, duyğular hamısı burda mühüm rol oynayır.

- Konsertiniz ürəyinizcə oldumu?

- Bu konsert Müslüm Maqomayev adına Akademik Filarmoniyanın “Gənclərə Dəstək Layihəsi” çərçivəsində baş tutdu. Layihənin rəhbəri Rusiyanın və Azərbaycanın xalq artisti, Sankt-Peterburq Akademiyasının solisti, professor, xalq artisti Murad Adıgözəlzadədir. Mənim müraciətim əsasında Murad müəllim çox böyük etimad göstərərək konsertimə razılıq verdi. Repertuar, sıralama hamısı özümə məxsus idi, çalışdım ki, ifalarımı yüksək səviyyədə təqdim edim. Düşünürəm, bundan da yaxşı ola bilərdi, amma haradasa, ürəyimin böyük faizini tamaşaçılara göstərə bildim. Tamaşaçıların etimadından, sevgisindən yerdən-göyə qədər razı qaldım. Filarmoniya 650 nəfər yer tutur, amma konsertimə 800-dən çox tamaşaçı gəlmişdi ki, yer olmadığından onların bir çoxu öz gül dəstələrini göndərib qapıdan qayıtmışdılar. Alqışlar durmadan davam edirdi. Qəribəydi, hər bir incə nüansda, necə deyərlər, o “sarı sim”də tamaşaçı məni hiss edirdi, sanki.

- Günümüzdə retro mahnılar daha çox sevilir. Sizdə necə, ifa seçimi varmı?

- Mənim səsimin diapazonu, rəngi nəyə imkan verirsə, özümə yaraşdırdığım mahnını oxumaqdan çəkinmirəm. Bəstəkarlar təklif edir, əsər xoşuma gəlirsə, onu oxuyuram. Mənim üçün janr embarqosu yoxdur. Yetər ki, musiqi düşündürən və səviyyəli olsun.

- Şəxsi düşüncəmdir, mənə elə gəlir, “Sevgili Canan”ı oxumaq üçün dərin sevgi lazımdır...

- “Sevgili Canan”ı ifa etmək üçün təkcə səs kifayət deyil. Bu, aksiomadır. “Sevgili Canan” təkrarolunmaz və virtuoz bir əsərdir. Onu Bülbül oxuyub, Rəşid oxuyub, onlardan sonra ifa eləmək çox ağırdır. Böyük bir məktəb, geniş səs diapazonu və əlbəttə ki, sevgi lazımdır. Vətən sevgisi, xalq sevgisi, ailə sevgisi. Çox düzgün qeyd edirsiniz.

- Adınız maraqlıdır. Niyə üç ad?

- Üç deyil əslində, bizim soyumuz Ərdəbildən gəlir. Adım Fəxridir, soyadım Kazım-Nicat. Babamızdan gəlir.


- Səmimi müsahibə üçün təşəkkürümü qəbul edin.


- Maraqlı və əhatəli suallarınıza görə, mən sizə təşəkkür edirəm. Sənətə verdiyiniz dəyər üçün sağ olun.


Nigar İSFƏNDİYAR
"AZADİNFORM" İNFORMASİYA AGENTLİYİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu