Mehriban Əliyeva Bakının mərkəzindəki qədim binadan yazdı


Mehriban Əliyeva Bakının mərkəzindəki qədim binadan yazdı


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 10 ünvanında yerləşən qədim bina ilə bağlı məsələyə münasibət bildirib.

ONA-nın məlumatına görə, Mehriban Əliyeva instaqram səhifəsində yazıb:

”Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir. Onun həlli üçün həm vətəndaş mövqeyi, həm insanların öz doğma şəhərinin simasına biganə yanaşmaması, həm də fəal ictimai nəzarət gərəkdir. Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır. Ölkəmizin mədəni irsinə xələl gətirilməməsi üçün bütün lazımi tədbirlər görülür, axı unikal və müxtəlif memarlıq abidələri bizim ümumi sərvətimizdir. Ölkəmizi, şəhərimizi doğma evimiz – ümumi evimiz kimi qorumalıyıq".

Qeyd edək ki, 1913-cü ildə tikilmiş bu bina əvvəllər malakanların ibadət evi kimi fəaliyyət göstərib. Hazırda isə binada “Salaam Cinema Baku” adlı klub fəaliyyət göstərir.

Binanın 2008-ci ildə özəlləşdirildiyi, son günlər isə binanın sahibinin “Salaam Cinema Baku”dan oranı boşaltmağı tələb etdiyi bildirilir.

“Salaam Cinema Baku” klubunun əməkdaşları və tamaşaçıları isə binanın söküləcəyini əsas gətirərək oranı tərk etmək istəmədiklərini bildiriblər. Onlar qədim binanın qorunması üçün Birinci vitse-prezidentə müraciət ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu