AFN.AZ / Eyni mənəviyyat eyni aqibət yaradır!-

Eyni mənəviyyat eyni aqibət yaradır!-

Eyni mənəviyyat eyni aqibət yaradır!-


Eluca Atalı Daşkənd təəssüratları barədə "Kitab aləmində" dərgisi üçün müsahibə verib.



AFN müsahibəni təqdim edir:

X.R.: Sayın Eluca xanım, öncə 2017-ci ilin oktyabr ayında Özbəkistana olan səfərinizlə bağlı təəssüratınızı bilmək istərdik.

E.A.: Bu səfərimdə gözlədiyimdən daha artıq təsirləndiyimi etiraf etməliyəm. Gerçəkdən bildirməliyəm ki, Özbəkistana gələnə qədər daha çox əsərlərimin oxucuları ilə görüşmək, onların mənim düşüncələrimlə bağlı fikrilərini dinləmək istəyim böyük idi. Lakin gözlədiyimdən fərqli hallar gördüm. Bu məsələnin birinci tərəfi. İkinci hal kimi özbək xalqının hədsiz istiqanlılığı, qonaqpərvərliyi məni heyrətə saldı. İnsanda bu qədər böyük ürək olarmış?! İlk rastlaşdığım insanlar - məni hava limanında qarşılayan kitabımın tərcüməçisi şair dostum Şermurad Sübham hoca və şairə Oktamay xanımla başlanan canlı ünsiyyətim onların timsalında bütün özbək xalqını mənə çox sevdirdi. Özümü qətiyyən yad hiss etmədim bu ölkədə. Təəssüf edirəm xəstələnməyim imkan vermədi proqramda nəzərdə tutulan Səmərqənd, Buxara, Xərəzm səfərimi edim və görüşlər keçirim. Amma həsrət də bir vüsal doğa bilir. Başa çatdıra bilmədiyim səfər mənim təkrarən Özbəkistana dönməyim üçün zəmin hazırlayır.

X.R.: Özbəkistanda olduğunuz günlərdə Əlişir Nəvai adına Universitetin özbək filologiyası fakültəsinin tələbələri ilə keçirilən görüş, həm də Azərbaycan Mədəniyyət Mərkəzində gerçəkləşən "Özün gəl" kitabınızın təqdimatından anlaşıldığı kimi əsas qayə insanın özünə çatmasıdır. Bunu bir az daha geniş açıqlayarsınızmı?

E.A.: Adını çəkdiyiniz hər iki məkandakı kitab tanıtımı məni həyəcanlandırdı. Bildiyiniz kimi, bu, sayca birinci kitabım deyildi, nə də ki, ilk dəfə deyildi tanıtım keçirilirdi. Lakin kitabıma qarşı olan diqqət məni məsuliyyətli olmağa sövq edirdi. Bu tanıtım mənə diqtə edirdi ki, kəlməni kəlmədən seçib dəyərləndirə bilənlərlə üz-üzəsən. Hər iki tanıtımda kitabımla bağlı çıxış edənlər və sizin də qeyd etdiyiniz kimi, “Ўзинг кел” kitabının ideyası qeyri-adi qarşılanmışdı. Bunu Əlişir Nəvai adına Özbəkistan Milli Ədəbiyyat Universitetində tələbələrin suallarının bitib-tükənməməsindən də sezmək mümkün idi. Bir tələbə oğlanın yerindən qalxıb "Sizin kitabınız mənim həyatımı dəyişdi!" deməsi, məni öyrəncilərlə sıx ünsiyyətdə olmağa səslədi. Öz gəncliyimi xatırladım, axtarışda olduğum tələbəlik dövrümü. Nə insanların düşüncələri, nə kitablar mənim suallarıma cavab vermirdi. Həyatda, dünyada və insanlarda axtardığımı tapmırdım, hər şeyi bitib-tükənən görürdüm. Təsadüfən yaxın dostumdan "Təzadlar" adlı bir kitab əlimə keçdi, gecəni səhərə qədər bu kitabı oxudum və vərəqlədikcə özümü orda görürdüm. O mənim sorularımı cavablayırdı. Kitabın müəllifini aradım, filosof Asif Ata idi. Onun görüşünə getdim və elə həmin andan başqa bir dünya ilə rastlaşdım. Yepyeni bir dünya, elə bir dünya ki, mən onun içində itmirdim, batmırdım, o dünya mənə özümü təsdiqləməyi vəd verirdi. Elə həmin andan da özümü yaratma yoluna düşdüm, Asif Atanın Yolunu qəbul etdim, o mənə yeni ad verdi - Eluca, Atalı soyadını isə onun ideya daşıyıcısı olduğum üçün qəbul etdim. Özbək ictimaiyyətinə təqdim etdiyim “Ўзинг кел” kitabı Asif Ata fəlsəfəsinin bədii formasıdır. Yerigəlmişkən, yeni yaratdığım fəlsəfi-bədii miniatür ədəbi janrının da adını Asif Ata verib.

Atanın "İnsan dəyişməsə, dünya dəyişməz! Bu səbəbdən də insanlaşın - insanlaşdırın!" ideyası insanın özündən başlamasını tələb kimi qoyur. Dünyanın dəyişməsini özündən gözlə, dünyada, həyatda, insanda, zamanda, cəmiyyətdə, mühitdə, şəraitdə olan bütün əskiklərin insandan gəlməsi fikri kitabımda var ki, bu da Ata təliminin başlıca qayəsidir.

X.R.: “Ўзинг кел” kitabınızında və digər kitablarınızda da qadınlar və uşaqlar daha çox yer alır. Bunu necə anlamaq olar?

E.A.: Qadınlar zaman-zaman basqı altında olublar - istər ailədə, istərsə də cəmiyyətdə. Cəmiyyətdə olan neqativ hallar ailəyə də köçüb. Qadınlar cəmiyyətdə rahatsız olduqları kimi, ailədə də özlərini cəmiyyətdəki kimi təsdiq edə bilməyiblər, çünki ailə və cəmiyyət ikisi bir şey olub qadın üçün. Üstəlik, qadınların cəmiyyətdə mövqe qazanmaq istəkləri onlara baha başa gəlir və ailədəki uşağın yükü də əsasən qadınla bağlıdır, əlbəttə, şərq aləmində, qərbdə bu bir qədər fərqli məsələdir.

Əslinə qalsa, kitabda yazdığım qadın məsələsi öz həyatımdan daha çox təsirlənmişdir, çünki mən taleyim uğrunda vuruşdum, mənə verilənlərlə qane olmadım, öz içimdəki harayı dinlədim, o səsin ünvanına düşüb öz yolumu cızdım. Kitabdan da gördüyünüz kimi, insan gərək öz istəklərinin əksinə getməsin, lakin öz istəklərin də anti-insani olmamalıdır, insanlığa xidmət etməlidir.

Gerçəkdən, mən həyatla vuruşdum, uğurlarım, bu gün nə qazanmışamsa, hamısı olanlarla razılaşmamağımın nəticəsidir. İlk öncə deyim ki, alın yazısı, qismət, aqibət, qədər kimi ifadələrə boyun əymədim. "Dur!" - deyilən nöqtədə qarşımdakı maneəni yarıb keçmək iddasında bulundum. Bu üzdən bütün qadınları döyüşkən görmək istəyirəm. Kitab bu iddiadan yarandı həm də. Və həm də Asif Atanın "İmkansızlıqdan imkan yarat!" fikri məni daim halda saxlayırdı. İnsanda sonsuz imkan var, lakin, o yaşadığı dövrdə bu sonsuz imkanın cəmi-cümlətanı iki faizini aşkarlaya bilir, digər doxsan səkkiz faizini özü ilə məzara aparır. Yəni, insan özünü düzgün dəyərləndirib, aşkarlaya bilmədiyi üçün sonsuz imkanlarından bilgisiz qalir. Bilgisizlik insanın özünü aşkarlamasına imkan vermir. Və həm də mən yazmaqla istəyirəm ki, insanlar sonsuz imkanlarından xəbərdar olsunlar.

Uşaqlar mövzusuna keçək, onların daim yardıma ehtiyacları var. Amma o yardım təmənnasız, əvəzsiz olmalıdr, həm də gərək olan yardımdoğru yöndən təqdim edilməlidir uşağa. Uşaq körpə fidan kimidir. Baxın, baxımsız fidanlar böyüyəndə əyri ağaclar olur, ya külək çox döyəcləmiş olur onları, ya da günəşi, suyu əskik olduğundan boyları çox qısa olur. Uşaqlar da həmçinin, hər şey qaydasında, gərəyincə onlara verilməlidr. Gələcəyin insanını yetişdirmək yetkin insandan böyük enerji tələb edir. Kitabdan da gördüyünüz kimi, əsərlərimdə göstərməyə çalışıram ki, uşaqların beyninə sağlam toxun atılmalı və düzgün inkişafı üçün daim onu fikir və sevgi ilə qidalandırmaq lazımdır, ardıcıl.

X.R.: Özbəkistanda olduğunuz zamanda gəzinti və görüşmələriniz əsnasında özbək xalqına ayrıca sevgi duyduğunuz hər kəs tərəfindən yaxşı anlaşılmışsa da, lakin yenə sormaq istəyirəm, kitabınızın özbək dilinə tərcüməsi istəyiniz nədən doğdu?

E.A.: Bunun bir neçə səbəbi var: birinci və ən başlıcası Türküstan sevgisi. Turan mənim üçün fiziki anlam daşımır, o ruhumun uçduğu səddsiz-sərhədsiz, əngin asimandir. Onun ən böyük hissəsini Özbəkistan təşkil edir. Bu yenidənqurmadan sonra oyanan türkçülüklə ilgili deyil, lap uşaq ikən oxuduğum Abdullah Qədirinin "Ötən günlər" romanından bizim tək danışan, düşünən yaxın insanların olduğunu duymuşdum. Daha sonra bu, özbək musiqisi və rəqslərinə sevgimlə dərinləşdi. Çox keçmədi bir-birindən ayrı salınmış türk millətlərinin taleyi məni düşündürdü. Sözsüz, sovet dönəmində bizdən gizlədilən, haqqında oxumamıza izin verilməyən birgə qan, mədəniyyət, ənənə bağlılığımız olan ümumi tariximizi 1988-ci ildən sonra acgözlüklə öyrənməyə başladım. Gec qaldım ümumtürk tarixini oxumağa, çünki gizlədilirdi, amma yenə olsun, tariximizdən bixəbər ölməyəcəm. Öyrənməyim mənə qürur verdi və bunun nəticəsi olaraq bu gün "Tarixin gizli qorxusu" adli kitab üzərində çalışıram.

Nədən istədim kitabım özbəkcə yayılsın? Asif Ata deyir: "Kitab - idrak izharıdır!" İstədim düşüncələrim mənim doğmam olan özbəklərə çatsın, çünki kitab həm də insanlar, millətlər arasında ən etibarlı körpüdür. Bir-birimizi tanımaq üçün bu körpü gərək idi, başqa cür necə BİRLİYİMİZ alınar?

Bir faktı da deyim, mən uşaq ikən yetmişinci illərin ortalarında Azərbaycan və Özbəkistan pambıqçıları arasında əkin-biçin təcrübəsi aparılırdı. Hər il Özbəkistandan bizə, bizdən də sizə gəl-get edib, qul əməyi nəticəsində başa gələn pambıq yetişdirmə sirlərini bölüşürdülər. Bizə gələn özbək qonaqları görənlərdən onları görməyənlər uzun-uzadı soru sorardılar ki, özbəklər necə bir insandılar? Onların davranışı-filanı haqda sorular bitməzdi, biz də uşaq marağımızla cavabları izlərdik. Bəlkə də bu indiki gənclər üçün gülməlidir, amma bu sətirləri yazanda mən çox kədərlənirəm. Çünki qardaşı qardaşa həsrət salmışdılar, yaxınlaşmağımızdan qorxurdular. Suçumuz türk olmaqmış, türklüyümüzə qayıtmamızdan imperiya qorxurdu. Amma bu gün hər şey biz istəyən təkidir, özgür düçüncə özgür insan yetişdirir!

Sonda Azerbaycan Mədəniyyət Evindəki kitab tanıtımında natiq Rahim Jumaniyaz hocamın dediyi bir kəlməni xatırladacam, o kitabın “azərbaycan dilindən özbək dilinə tərcümə edilib” kimi yazılmasına etiraz edərək bildirdi ki, bu eyni dildir, türk dilidir, tərcümə yerinə uyğunlaşdırılıb yazılması doğru olardı.

Nəhayət, biz də bir-birimizə bu kitablar vasiləsi ilə uyğunlaşırıq. Bu üzdən kitabımın özbək oxucularına yetişməsində böyük əməyi olan şair dostum Şermurod Subhan hocama sonsuz təşəkkür edirəm.

X.R.: Gözəl sohbətiniz üçün sizə oxucular adından çok təşəkkür edirik.

E.A.: Siz də var olun ki, özbək oxucularımla yenidən görüşməyimə imkan yaratdınız.

"Kitab aləmində" dərgisi üçün müsahibəni şairə Xasiyyət Rüstəmova hazırlayıb
5-01-2019, 13:59
Geri qayıt