AFN.AZ / “Sən bir nəğməsən”

“Sən bir nəğməsən”

“Sən bir nəğməsən”


Uşaqların asudə vaxtının səmərəli təşkili, onların teatra, səhnəyə, ümumilikdə incəsənətə sevgi ruhunda formalaşmasında incəsənət məktəbləri, gimnaziya və bu kimi təhsil müəssisələri ilə yanaşı teatr-studiyalarının da müstəsna rolu var.



Teatrın mətbuat xidmətindən AFN-ə verilən məlumatda bildirilir ki, bu mənada artıq uzun illərdir ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası da yaradıcı gənc və yeniyetmələr ilə bağlı saysız-hesabsız uğurlara imza atıb.
Studiyanın yaradıcı heyəti istedadların üzə çıxarılması, onların professional səhnəyə hazırlanması, potensial ifaçı və aktrisalar kimi özlərini təsdiq etmələri üçün növbəti layihəsini reallaşdırır.
“Sən bir nəğməsən” adlı konsert proqramı fevralın 9-nda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında (saat 18.00) keçiriləcək.
Musiqili aksiyada studiyanın istedadlı vokalçıları ilə yanaşı Azərbaycan estradasının məşhur müğənnilərini də görəcəksiniz. Artıq səhnədə öz sözünü demiş bu ifaçılar balaca davamçıları ilə bir səhnəni bölüşəcək və studiyanın əsas ideyasını – gələcək uşaqların çiyinlərindədir - öz dəstəkləri ilə reallaşdıracaqlar.
Zəngin proqramlı konsertdə 19 yaşlı istedadlı soydaşımız Dinara Mahmudova da çıxış edəcək. Vətənində ilk dəfə səhnəyə çıxacaq bu istedadlı gəncimiz Rusiya və bir sıra Avropa ölkələrində keçirilən vokal müsabiqələrinin laureatı, Praqa Konservatoriyasının klassik vokal üzrə tələbəsidir.
Musiqi gecəsində çıxış edəcək studiya yetirmələri Azərbacan estrada musiqisi inciləri ilə yanaşı dünyaca məşhur hitlərə də müraciət edəcəklər.
Onu da qeyd edək ki, xeyriyyə konsertində paytaxtımızda fəaliyyət göstərən uşaq sığınacaqları, azyaşlıların yardım və inteqrasiya mərkəzləri, təşkilat və cəmiyyətlərinin üzvü uşaqlar da iştirak edəcək.
8-02-2019, 16:55
Geri qayıt