AFN.AZ / Nazirlik xalq artistini aldatdı

Nazirlik xalq artistini aldatdı

Nazirlik xalq artistini aldatdı


Xalq artisti, illərin sənətkarı Yalçın Rzazadəyə qarşı hörmətsizlik olunub.



Bunu Yenicag.az-a açıqlamasında sənətkar özü deyib:

“Səhhətimdə problemlər var, bunu siz də saytınızda işıqlandırmışdınız. Təxminən 4 ay əvvəl Mədəniyyət və Turizm Nazirliyindən İsmayıl adlı səlahiyyətli şəxs mənə zəng edib, vəziyyətimlə maraqlandı. Məni nazirliyə dəvət etdi, oturub söhbətləşdik, problemlərimi həll edəcəyini bildirdi. Mənə dedi ki, hansı xəstəxanada desən, müalicə olunmaq üçün nazirlik tərəfindən köməklik göstəriləcək. Mən ona bildirdim ki, Türkiyədə müalicə olunmaq istəyirəm. Dedi ki, heç bir problem yoxdur. Mən qardaş ölkədə məşhur bir xəstəxana ilə əlaqə saxladım. Oradan mənə bildirdilər ki, əməliyyat olunmalısan, bunun üçün 45 min lirə ödənilməlidir. Mən nazirliyin həmin rəsmisi ilə əlaqə saxladım, o köməklik olunacağına söz verdi və dedi ki, tezliklə mənimlə əlaqə saxlayacaq. Hələ də gözləyirəm, bir cavab yoxdur. Mən sənətkaram və heç vaxt heç kimin qarşısında əyilməmişəm, şəxsi problemlərimə görə ağız açmamışam. Onlar özləri mənə zəng etdi və əvəzində belə hörmətsizliklə qarşılaşdım”.

Xalq artisti özünə qarşı diqqətsizlikdən də gileylənib. O, buna görə efirlərə çıxmayacağına söz verib:

“Dəfələrlə efirlərdən zəng edib, verilişlərinə çağırırlar, amma getməyəcəyəm. İnsan güllə ilə vurulub, öldürülə bilər, binadan yıxılıb, dünyasını dəyişər, amma sənətkar diqqətsizlik ucbatından daxilən məhv olar”.

Qeyd edək ki, xalq artistinin səhhətində problemlər yaranıb. O, təcili əməliyyat olunmalıdır.
25-04-2019, 14:00
Geri qayıt